Holokost Qurbanlarının Beynəlxalq Anım Günü Bakıda qeyd olunub

Bakı, 27 yanvar

Yanvarın 27-də Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib.

Mərasimdə çıxış edən Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski yəhudi xalqına qarşı törədilən soyqırımıdan danışıb. Bildirib ki, yəhudi xalqı milli mənsubiyyətinə görə soyqırımına məruz qalıb. Ancaq şər qüvvələr öz cəzalarını alıblar.

Aleksandr Şarovski qeyd edib ki, Azərbaycan yəhudi xalqının təhlükəsiz şəraitdə yaşadığı ölkədir. İkinci Dünya müharibəsi zamanı da onlar ölkəmizdə tam təhlükəsiz şəraitdə yaşayıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, altı milyon günahsız insanın ancaq dini və milli mənsubiyyətinə görə qətlə yetirilməsi dəhşətli hadisədir. Bu hadisələr hər zaman insanları çox təsirləndirəcək. Yəhudi xalqının, Azərbaycan yəhudilərinin və həmvətənlərimizin dərdini, qəmini dərindən anlayırıq. Əlbəttə ki, faciənin əhatə dairəsi böyük və ya kiçik olmur. Faşizm, ksenofobiya bu gün də yaşayır. Bu, bəşəriyyətin faciəsidir.

Komitə sədri qeyd edib ki, XX əsrin sonlarında belə bir faciə Azərbaycan xalqının da başına gətirilib. Günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə Xocalıda qəddarlıqla qətlə yetiriliblər.

Sonra çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, bu gün tək Holokost qurbanlarının deyil, faşizm qurbanlarının da xatirəsi anılır. Bu gün, həmçinin yəhudiləri zülmdən azad etmək üçün özünü qurban vermiş azərbaycanlıların da xatirəsi yad edilir. Bildirib ki, irqçiliyə görə törədilən belə cinayətlər təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün təhlükədir. Bu təhlükəni bir daha yaşamamaq, bundan yayınmaq üçün keçmişi unutmamaqla gələcəyi qurmaq lazımdır. Tolerant birgəyaşayışın alternativi yoxdur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Holokost qurbanlarının xatirəsi hər il anılır. Yetmiş beş il bundan əvvəl baş verən hadisə beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Ancaq insanlıq bundan kifayət qədər dərs götürməyib. Çünki XX əsrin sonlarında Xocalı faciəsi törədildi. Holokostu və Xocalını unutmayaq!.

Avropa yəhudiləri icmasının baş ravini Şeneyer Seqal yəhudi xalqının İkinci Dünya müharibəsi zamanı üzləşdiyi faciədən bəhs edib. O əlavə edib ki, Holokost dünya ictimaiyyətinin üzləşdiyi bəşəri cinayətdir.

Sonra Holokost qurbanlarının xatirəsinə həsr olunmuş musiqili kompozisiya nümayiş etdirilib.

Daha Sonra Holokost qurbanlarının xatirəsinə ehtiram olaraq şam yandırılıb və dualar oxunub.

Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

Etiketlər