Qazaxıstanın "Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu"nun direktoru Multikulturalizm Mərkəzində olub
Qazaxıstanın "Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu"nun direktoru Talgat Kaliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov qonağa qurumun fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. BBMM-in dünya ölkələrində 9 nümayəndəliyi var. İcraçı direktor Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə beynəlxalq forumlar təşkil olunur. Multikulturalizm Mərkəzi bu forumların keçirilməsində əsas təşkilatçılardan biri kimi çıxış edir.
Görüşə görə təşəkkürünü bildirən Talgat Kaliyev rəhbərlik etdiyi institut haqqında məlumat verib. O, Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinin digər ölkələr üçün də örnək olduğunu bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qonağa BBMM-in nəşr etdiyi kitablar hədiyyə edilib.