Bolqarıstanda və Rumıniyada Zəfər bayramı qeyd olunub
Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad olunması günü – 8 noyabr Azərbaycanın tarixinə yeni şanlı səhifənin yazıldığı bir gündür. Qələbəmizi qeyd etmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyada Zəfər bayramı qeyd olunub.
Tədbirdə Sofiya Universitetinin və digər universitetlərin tələbələri və digər qonaqlar iştirak ediblər. Tədbiri açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska Azərbaycan üçün bu tarixin necə mühüm olduğunu və 44 gün davam edən Vətən müharibəsinin 30 ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini söyləyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kunina isə münaqişədən və Qələbəyə aparan uzun yoldan bəhs edib.
Tədbirdə Qafqaz tarixi mərkəzinin direktoru tarixçi Rizvan Hüseynov Qarabağ haqqında danışarkən regionun tarixi ilə bağlı çox maraqlı məlumatlar paylaşıb və bu, qonaqların böyük marağına səbəb olub. Sonra iştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanmış Vətən müharibəsində nümayiş olunan milli birliyə və Azərbaycanda yaşayan milli azlıqların fəaliyyətinə həsr edilmiş "Biz birlikdə güclüyük" sənədli filmi nümayiş olunub.
Sonda Sofiya Universitetinin tələbəsi, həmvətənimiz Amir Əlizadə Vətən müharibəsi zamanı Azərbaycanda olarkən xalqımızın bu ağır və çətin dövrün öhdəsindən necə mərdliklə gəldiyindən danışıb.
Xatırladaq ki, BBMM-in xətti ilə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu Rumıniyanın Aleksandr İohan Kuza Universitetində də kurs çərçivəsində təqdim edilən mühazirələrdən biri Qarabağdakı 44 günlük Vətən müharibəsinə ithaf olunub. Professor Lüdmila Bejenaru tələbələrə II Qarabağ müharibəsi haqqında ətraflı məlumat verib. Mühazirənin böyük hissəsi Prezident İlham Əliyevin Vətən Müharibəsindəki roluna, informasiya sahəsindəki mübarizəsinə həsr olunub.