Auqsburqdakı Azərbaycan, yaxud gələcəyimizə düşən işıq

 

12(11)
2007-ci ildə Bakıya Ceyms Simit adlı əcnəbi jurnalist gəlmişdi. Danışırdı ki, əvvəlcə Xəzər neftindən yazmaq istəyib, amma sonra fikrini dəyişib. Azərbaycan xalçaları ilə maraqlanıb, ən sonda ölkəmizdəki tolerantlıqdan yazmaq qərarına gəlib.
Ceyms Simit həmin yazını İngiltərə mətbuatında çap etdirmişdi. Yazının leytmotivini təşkil edən fikir, məncə, tolerantlığımıza münasibətdə ən obyektiv, dəqiq qiymət sayıla bilər. O, yazır ki, Avropada heç kim yəhudilərə, müsəlmanlara inancına görə təzyiq göstərə bilməz. Çünki başqasının inancına hörmətlə yanaşmaq avropalı üçün qanunun tələbi, hüquqi normadır. Azərbaycanda da xristianlar, yəhudilər təzyiqə məruz qalmırlar. Ona görə ki, başqasının inancına hörmət göstərmək azərbaycanlılar üçün mənəvi məsələ və mədəni normadır.
Qısacası, tolerantlıq avropalıya görə hüquq, bizə görə isə mənəviyyat və mədəniyyət məsələsidir. O vaxt, düz, 10 il öncə Ceyms Simit israrla deyirdi ki, Azərbaycan nə zəngin enerji resursları, nə gözəl təbiəti, nə də sehirli xalçaları ilə dünyanı, xüsusilə Avropanı təəccübləndirə bilər. Amma lazım gəlsə, Azərbaycan xalqı yüksək dözümlülük mədəniyyəti, mənəvi zənginliyi ilə  Avropaya dərs keçər...
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu il 10-11 mayda Almaniyanın Auqsburq şəhərində “Heydər Əliyev: gənclik, multikulturalizm” mövzusunda təşkil etdiyi konfransa gedərkən tədbirin proqramından və iştirakçılarından məlumatlı olsam da, düzü, hansı təəssüratla qayıdacağımı bilmirdim. Ancaq geri qayıdarkən ağlımdan yalnız bir fikir keçirdi ki, ingilis jurnalist yerdən göyə qədər haqlıdır: Azərbaycan multikulturalizminin Avropada təqdimatı, əslində, bizim gələcəyə qoyduğumuz ən böyük sərmayədir.
...Uğurlu nəticə yaxşı ideyanın gerçəkləşməsidir.
Ulu Öndər Heydər Əliyevin doğum günündə Auqsburq Universitetində “Azərbaycanın Gənc Dostları Klubu” ilə birgə konfrans keçirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideyası idi. Böyük şəxsiyyətin doğum günündə ölkədə keçirilən ənənəvi tədbirlərdən fərqli olaraq Avropada, özü də gənclərin iştirakı ilə konfrans təşkil edilməsinin yeni, amma olduqca məsuliyyətli bir iş olduğunu hamı başa düşürdü. Üstəlik, vaxt məhdudiyyəti var idi. Cəmi bir ay ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi səfərbər olmalı, danışıqlar aparılaraq Ausburq Universitetindən razılıq alınmalı, “Azərbaycanın Gənc Dostları Klubu”nun üzvü olan onlarla əcnəbi gəncin Ausburqa gedişi təmin edilməli, ən əsası, Heydər Əliyevə həsr olunmuş konfrans ona və onun xidmətlərinə layiq səviyyədə keçirilməliydi.
“Azərbaycanın Gənc Dostları Klubu”nun üzvləri əsasən yay və qış multikulturalizm məktəbinin iştirakçıları olan tələbələrdir. Həmin tələbələr İndoneziyadan tutmuş Portuqaliyaya, Amerikadan tutmuş İsrailə, Rusiyaya qədər müxtəlif ölkələrin vətəndaşlarıdırlar. Ən önəmli məqamlardan biri odur ki, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan həmin gənclər Azərbaycanın həm dostları, həm də təbliğatçılarıdır. Onlar ölkəmizə, onun mədəniyyətinə yaxından bələddirlər, hətta “Azərbaycan multikulturalizmi” fənni ilə yanaşı, dilimizi də öyrənirlər. Həmin gənclərin arasında öz ölkəsində yüksəlmək perspektivi olan, beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də çalışmaq imkanı əldə edənlər var.
Təbii ki, konfransın yeri də təsadüfi seçilməmişdi. Almaniyanın ən nüfuzlu ali məktəblərindən olan Auqsburq Universitetində “Azərbaycan multikulturalizmi” tədris edilir. Həmçinin, Auqsburq Avropada katoliklərlə protestantların anlaşma imzalayaraq bir arada yaşadıqları ilk tarixi məkan – multikultural şəhərdir. Belə bir şəhərdə Azərbaycanı, onun Liderini multikulturalizm müstəvisindən təqdim etmək müdrik qərar idi.
...Yaxşı ideyanı yaxşı komanda həyata keçirə bilər.
Kamal Abdullayevin müəyyənləşdirdiyi və ən xırda detallara qədər şəxsən nəzarət etdiyi, demək olar ki, gənclərdən ibarət kiçik bir komanda Auqsburqda qarşıya qoyulmuş məqsədləri tam reallaşdıra bildi. Həmin komanda - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaşları otuzu keçməyən əməkdaşları iştirakçıların və məruzəçilərin viza məsələsindən tutmuş, otelə, konfransın keçirildiyi məkana, konfransın proqramına, mədəni tədbirlərə qədər bütün məsələləri ustalıqla həll etdi. Bu, yaradıcı təfəkkürün məhsulu olan uğurlu ideyanın gənclərin enerjisi sayəsində uğurla gerçəkləşməsi idi.
...Uğurun üçüncü şərti də var: ÜRƏK!
Qarşına qoyduğun məqsədə çatmaq üçün sevgini - ürəyini qoymalısan! Əks halda, yaxşı nəticə ala bilməzsən! Azərbaycanın Auqsburqdakı uğurunun bir təminatçısı da bax bu oldu. İstər Azərbaycandan, istərsə də digər ölkələrdən gələnlər səmimi idilər, onları Azərbaycana olan ortaq sevgi birləşdirirdi. Bunu görməmək mümkün deyildi.
Etiraf edək ki, avropalıların Azərbaycanla bağlı həqiqətləri başqasının dilindən eşitməsi daha effektlidir. Bu mənada Auqsburqdakı Azərbaycanı bizdən daha çox başqaları təqdim etdi: gürcü, amerikalı, polyak, eston, rus, alman və digərləri. Təsəvvür edin: Sofiya Universitetinin tələbəsi Momçil Şopov “Orta əsrlər Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda məruzə edir. Yaxud İndoneziyanın Qadcah Mada Universitetinin tələbəsi İmas Xoyrun Nisa Fuciati “Azərbaycan Multikulturalizminin İndoneziyada tədrisi”ndən danışır. Bütün bunlar isə Azərbaycanda yox, Avropanin göbəyində - Almaniyada baş verir.
...Azərbaycanı layiqincə təmsil və təqdim etmək şərəfdir. Başqalarının Azərbaycanı layiqincə təmsil və təqdim etməsi isə uğurdur. Auqsburqdakı Azərbaycanı biz yox, BİZİMKİLƏR təqdim etdilər. Amma bu təkcə uğur deyil, həm də gələcəyimizə düşən işıqdır!..
 
 
Gündüz İsmayılov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini 

Запись Auqsburqdakı Azərbaycan, yaxud gələcəyimizə düşən işıq впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.