Rəvan Həsənov: Udilər Qafqaz Albaniyasının varisləri hesab olunurlar
Qəbələ, 11 oktyabr, Mustafa Dadaşov
Qafqaz Albaniyasına dair beynəlxalq konfransın Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban Udi Ocağında keçirilməsinin xüsusi əhəmiyyəti var. Çünki məhz udilər Qafqaz Albaniyasının varisləri hesab olunurlar.
Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) direktoru Rəvan Həsənov Nicdə keçirilən “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfransda jurnalistlərə müsahibəsində deyib.
Konfransda azərbaycanlı alimlərlə yanaşı, İtaliya, Fransa, Gürcüstan, Litva və Rusiya Federasiyasından gəlmiş tarixçi alimlərin də iştirak etdiyini diqqətə çatdıran BBMM-nin direktoru bildirib ki, tədbirdə Qafqaz Albaniyasının mədəni irsinin etnoqrafik, tarixilik və arxeoloji baxımından öyrənilməsi ilə bağlı elmi məruzələr dinlənilib.
Rəvan Həsənov deyib: “BBMM Qafqaz Albaniyasına aid layihələri daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə tədbirlər Nicdən əvvəl xarici ölkələrdə də keçirilib. Belə konfransların materialları BBMM tərəfindən müxtəlif dillərdə nəşr edilir və xaricdə tədris olunan metodiki vəsaitlərə əlavə olunur. Düşünürəm ki, bugünkü konfransımız da ölkə ictimaiyyətinin diqqət mərkəzində olacaq. Çünki Qafqaz Albaniyası ilə bağlı olan tarixi faktları saxtalaşdırmağa çalışan insanlar, tarixçilər və dövlətlər var. Azərbaycan dövlətinin bu məsələyə diqqət və qayğısı çox mühüm və əhəmiyyətlidir. Buna dünya alimlərinin də diqqət və maraqla yanaşmasını da xüsusi vurğulamaq lazımdır”.