“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır

Vaşinqton, 25 may

Amerikada çıxan “Intermountain Jewish News” qəzetində bu nəşrin redaktoru Şana Qoldberqin Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən məqaləsi dərc olunub.

Məqalənin müəllifi bu yaxınlarda Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Amerika nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. Müəllif yazır ki, bir-biri ilə rəqabət aparan regional dövlətlər arasında yerləşən, öz müstəqilliyini və zəngin neft ehtiyatları üzərində nəzarəti qoruyub saxlaya bilmiş, çoxetnoslu cəmiyyəti dəstəkləyən Azərbaycan İsrail ilə yaxşı münasibətlər qurub.

Müəllif qeyd edir ki, 2018-ci ildən keçirilən Bakı forumu Azərbaycanda multikulturalizm siyasəti haqqında informasiyanı yaymaq üçün əsas vasitədir. Qoldberq yazır: “Prezident İlham Əliyevin çox dəqiq ifadə etdiyi kimi, özünü multikulturalizmin elçisi hesab edən Azərbaycan müxtəlif etnosların və konfessiyaların eyni bir dövlətdə dinc yanaşı mövcud ola bilməsinə əyani sübutdur”.

Müəllif daha sonra Azərbaycan əhalisinin çoxkonfessiyalı tərkibi barədə yazır. Qoldberq qeyd edir ki, 27 il bundan əvvəl Azərbaycan Sovet İttifaqının tərkibindən çıxanda respublikada vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Qonşu Ermənistanla sərt münaqişəyə cəlb edilmiş ölkə parçalanmaq həddində idi. Müəllif vurğulayır: “Bu gün Azərbaycan Qafqazda ən varlı ölkədir”.

Qoldberq qeyd edir ki, o vaxt Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. 1993-cü ildə Heydər Əliyev Prezident seçiləndən sonra ölkədə sabitlik yarandı, genişmiqyaslı sosial və iqtisadi islahatlar həyata keçirildi.

Məqalə müəllifi Azərbaycan əhalisinin etnik tərkibindən söhbət açaraq yazır ki, Avropa ilə Asiyanın qovuşuğunda, İpək Yolu üzərində yerləşən Azərbaycan həmişə etnik qrupların qaynayıb-qarışdığı məkan olub. Məsələn, İran mənşəli yəhudilər əsrlərboyu burada yaşayır.

Azərbaycan uğursuz bir postsovet dövlətinə çevrilə bilərdi. Lakin bu gün ölkənin paytaxtı Bakı regionda iqtisadi tərəqqi nümunəsidir. Müəllif hazırda dünyada məşhur olan Alov qüllələrini, habelə forumun açılış mərasiminin keçirildiyi Heydər Əliyev Mərkəzini təsvir edir. O vurğulayır ki, Bakı Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşsə də, burada Avropa ab-havası üstünlük təşkil edir. Şəhərin möhtəşəm memarlıq nümunələrinin çoxu XIX əsrin axırlarında, Bakıda ilk neft bumu dövründə tikilib.

Müəllif bu məqalədə Dağlıq Qarabağ münaqişəsi probleminə də toxunaraq yazır ki, həmin münaqişə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsdiq edilib.

Qoldberq daha sonra nümayəndə heyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ilə görüşləri barədə yazır. Qeyd olunur ki, həmin görüşlərdə Azərbaycanda multikulturalizm, tolerantlıq və sekulyralizm ənənələri müzakirə edilib.

Bu ənənələrdən söhbət açan müəllif yazır: “Bütün bunlar onun sayəsində mümkün olub ki, ölkə Prezidenti Azərbaycanı multikulturalizmin mayakına çevirmək niyyətindədir və ölkə vətəndaşları bu prosesdə könüllü şəkildə iştirak edirlər”.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton