İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
Təbrikdə fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda yüz illərdir müxtəlif xalqların və dinlərin nümayəndələrinin əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşadıqları qeyd olunur. Vurğulanır ki, dərin tarixi köklərə malik tolerantlıq ənənələrimizin qorunub saxlanılması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği və təşviqi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir.
Təbirikdə daha sonra deyilir: "Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə özünəməxsus yeri olan pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır”.
Builki Pasxa bayramının bütün dünyanı bürümüş təhlükəli epidemiyanın bəşəriyyəti təhdid etdiyi bir vaxta təsadüf etdiyini qeyd edən Prezident İlham Əliyev əminliklə bildirir ki, üzləşdiyimiz qlobal bəla ilə mübarizədə həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaq.
Dövlətimizin başçısı yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı münasibətilə pravoslav xristian icmasının nümayəndələrinə can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.