Avropa və Gürcüstan yəhudiləri dini icmalarında görüş keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, Multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakı şəhərində yerləşən Avropa və Gürcüstan yəhudilərinin sinaqoqunu ziyarət edərək dini icmaların fəaliyyəti, sinaqoqun inzibati binası, ibadət zalları, eləcə də iclas otaqları ilə tanışlıq olub.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədr Aleksandr Şarovski və Gürcüstan Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev ilə ayrı-ayrılıqda görüş keçirilib. İcma sədrləri qeyd olunan yəhudi icmalarının tarixi haqqında geniş məlumat verərək, dövlətin onlara göstərdiyi qayğıdan, yaradılan yüksək şəraitdən məmnunluqlarını ifadə ediblər. Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin yəhudi dini icmalarına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkədə mövcud tolerantlıq və multikultural ənənələrin yaşadılmasında yəhudi icmalarının xidmətlərdən bəhs edib, tarix boyu Azərbaycanda bütün xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığını, antisemitizmin olmadığını vurğulayıb.
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov da görüşdə iştirak edib.
Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycana gəlişi əsasən XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin yüksək inkişafı dövrünə təsadüf edir. Bakıya gələn ziyalı Avropa yəhudiləri içərisində memarlar, müəllimlər, həkimlər, vəkillər və s. ixtisas nümayəndələri var idi. 1910-cu ildə Bakıda Avropa yəhudiləri üçün sinaqoq inşa edilib və bu məbəd nəinki ibadət yeri kimi, eyni zamanda təlim-tədris ocağı kimi fəaliyyət göstərib. Şəhərdə “iyeşiva” adlı xüsusi yəhudi məktəbləri də fəaliyyət göstərirdi ki, bu tədris ocaqlarında “Tövrat”, “Talmud” və “Mişna” kimi müqəddəs kitablar öyrədilirdi. Yəhudi qızları üçün də xüsusi gimnaziya və məktəblər açılmışdı. Tarixən Azərbaycan xalqı burada yaşayan yəhudilərə müsbət yanaşıb, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə onlara yad münasibət göstərməyib.
Azərbaycanda fəaliyyət göstərən Gürcüstan yəhudiləri isə əski zamanlardan Gürcüstan ərazisində məskunlaşan yəhudi diasporunun nümayəndələridirlər. Sonrakı dövrlərdə onların bir hissəsi Azərbaycana köçüb və əsasən Bakı şəhərində məskunlaşıb. Ötən əsrin 60-80-ci illərində Azərbaycanda yaşayan Gürcüstan yəhudilərinə aid yüzlərlə ailə İsrailə, Avropa ölkələrinə, ABŞ-a və digər ölkələrə köçüb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Gürcüstan yəhudi icmasının mənsubları arasında digər ölkələrə həmişəlik köçmək istəyənlərin sayında əhəmiyyətli dərəcədə azalma edilib.
Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu Bakı şəhərində köhnə məbədin yerində ucaldılıb və 2003-cü ilin mart ayının 9-da açılmışı olub. Öz möhtəşəmliyinə görə Avropada ən böyük sinaqoqlardan sayılır. Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi üzrə “Qüds memarlıq” tərzində inşa edilibdir.
Avropa Yəhudilərinin Bakı dini icması və Gürcüstan Yəhudilərinin Bakı dini icması 2009-cu ilin dekabr ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən dövlət qeydiyyatından keçib.
Bu gün yəhudi uşaqları bərabərhüquqlu Azərbaycan Respublikası vətəndaşları kimi yüksək təhsil alırlar. Belə ki, dövlətin xüsusi qayğısı ilə Bakının Nəsimi rayonu ərazisində yerləşən 46-saylı məktəbin bazasında yəhudi milliyyətindən olan şagirdlər üçün yəhudi sinifləri fəaliyyət göstərir. Məktəb binasının saxlanılması xərcləri, həmçinin müəllimlərin maaşı dövlət tərəfindən ödənilir, digər xərclər isə “Vaad-L-Xatzola” beynəlxalq humanitar təşkilat tərəfindən təmin edilir. Burada şagirdlərə dünyəvi dərslərlə yanaşı, yəhudi millətinə məxsus adət və ənənələr öyrədilir. Dərslər beş dildə - Azərbaycan, rus, ivrit, ingilis və fransız dillərində keçirilir. Şagirdlər üçün pulsuz nəqliyyat, gündə 3 dəfə qidalanma (koşer) təmin edilir, eləcə də əlavə olaraq rəsm, musiqi, şahmat dərnəkləri təşkil olunur.
Bundan başqa Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilib. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Xətai rayonu ərazisində mərkəzin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak edib. Bu üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunub. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion vardır. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyətinin əsaslarının tədris olunmasıdır. Hazırda burada uşaq bağçasında təlim keçən uşaqlar da nəzərə almaqla, 200 şagird təhsil alır və 40 müəllim çalışır.
Respublikada həmçinin Azərbaycan-İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan təşkilatlar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
Ölkəmizdə yəhudi xalqının dini bayramları ilə yanaşı əlamətdar günlərlə bağlı anım tədbirləri də yüksək səviyyədə qeyd edilir. Ölkəmizdə Holokost - yəhudilərin II Dünya müharibəsi zamanı faşizm rejimi tərəfindən soyqırımına məruz qalması günü də qeyd olunur. Ölkə başçısı İlham Əliyev bu günlə bağlı Azərbaycan Respublikasının yəhudi icmalarına müraciətlər ünvanlayır.
Запись Avropa və Gürcüstan yəhudiləri dini icmalarında görüş keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.