Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi genişlənir
Ötən həftə IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi öz işini uğurla başa çatdırdı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Böyük Britaniyada yerləşən “Gənclər Arasında Ümumi Söz” beynəlxalq təşkilatı (ACWAY) və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil etdiyi yay məktəbi çərçivəsində I Beynəlxalq Gənclər Forumu da keçirildi. “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” Forumunda “Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” mövzusunda plenar sessiya, eləcə də “Sülh üçün dialoq”, “Dinlərarası münasibətlərin müxtəlif platformalarda tətbiqi”, “Din və münaqişələrin həlli yolu”, “Multikulturalizm siyasəti və Azərbaycan multikulturalizmi modeli”, “Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası”, “Din, texnologiya və gənclər: Dinlərarası gələcək”, “Qarşılıqlı hörmətə əsaslanan mədəniyyətlərarası əlaqə”, “Gənclərin mədəniyyətlərarası dialoqda rolu” adlı bölmə iclasları keçirildi. Forum iştirakçılarına Azərbaycandakı multikultural vəziyyət, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edildi. Yay məktəbi müddətində iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Onlar BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə görüşlərdə iştirak etdilər. Üç gün davam edən Forumdan sonra Yay məktəbinin iştirakçıları Oğuz, Qəbələ və Şəki rayonlarına səfər etdilər. Səfər zamanı onlar Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Xalxal meşəsinə, Şəkidə Karvansaraya, Kiş kəndindəki qədim Alban məbədinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-Udi xristian kilsəsinə, habelə Şahdağ Qış-Yay Turizm Kompleksinə baş çəkdilər. Azərbaycandakı tolerant və multikultural mühit, habelə gözəl təbiət, yüksək qonaqpərvərlik yay məktəbi iştirakçılarını heyran etdi. Onlar Azərbaycanı çox bəyəndiklərini, burada gördüklərini öz ölkələrində də təbliğ edəcəklərini və yenidən bu gözəl diyara gəlmək arzusunda olduqlarını ifadə etdilər.
Mərakeşli jurnalist və tədqiqatçı Əl Mahcub Dasaa deyib:
Yay məktəbi mənim üçün faydalı oldu. Mən burada Azərbaycan multikulturalizmini kəşf etdim və dini-mədəni müxtəlifliyi parçalanmaya deyil, birliyə necə çevirməyi öyrəndim. Multikulturalizm Mərkəzinin direktoru ilə gələcəkdə Mərakeşlə əməkdaşlıq perspektivini müzakirə etdik. Çox istərdim ki, dini və mədəni müxtəliflik haqqında daha çox öyrənmək üçün yenidən Azərbaycana gəlim.
Ukraynalı Marina Qonçaruk:
Neçə ildir ki, Azərbaycan-Ukrayna layihələrinin təşkilində iştirak edirəm. Mən Azərbaycan multikulturalizmi konspesiyasını Ukraynada xüsusən də ziyalılar və tələbələr arasında təbliğ edirəm. Bizim tədbirlərdə Azərbaycandan da qonaqlar iştirak edirlər. Xüsusilə, Robert Mobili və Rafiq Danakarinin adlarını qeyd etmək istərdim. İştirak etdiyim bu yay məktəbi həm də mənə Azərbaycan multikulturalizmini Ukraynada daha peşəkər formada necə təbliğ edəcəyimi dəqiqləşdirməkdə kömək oldu.
Rumıniyalı tələbə Oprea Stefan Vlad:
Azərbaycana gəlişimdən öncə internet vasitəsilə bu ölkə haqqında az da olsa öyrəndim. Bu səfərimdən sonra isə Azərbaycan barədə daha çox məlumat əldə etdim, mətbəxini, mədəniyyətini və musiqisini çox bəyəndim. Həm də sizin memarlıq üslubunuzdan çox xoşum gəldi. Burada həm qədim, həm də müasir üslubları özündə birləşdirən zəngin memarlıq var. Mən Azərbaycanı çox sevdim.
Amerikalı jurnalist və tədqiqatçı Piter Teys:
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin mühazirəsi xüsusilə diqqətimi çəkdi və mən mühüm məlumatlar əldə etdim. Çox istərdim ki, yay məktəbində Azərbaycan ərazilərinin işğalı mövzusuna daha çox yer ayrılsın. Bir jurnalist kimi deyə bilərəm ki, dünya mətbuatında bu mövzu kifayət qədər işıqlandırılmır. Bu baxımdan, yay məktəbi xarici iştirakçılara Azərbaycan torpaqlarının işğal altında olması haqqında geniş məlumatlar təmin etmək üçün əla fürsətdir. Misal olaraq, yay məktəbi çərçivəsində Xocalı soyqırımı, Şuşanın, Ağdamın və digər ərazilərin işğalı barədə mövzular proqrama daxil edilməli və tədris olunmalıdər. Eləcə də iştirakçılara Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı və hazırkı vəziyyət barədə mühazirə keçirilməsi məqsədəuyğundur. Bundan əlavə, Naxçıvan barədə təqdimatlar etmək maraqlı olardı. Azərbaycandakı linqvistik zənginliyi təbliğ etmək, Lahıc, malakanlar və Alban-Udi icması kimi icmaların timsalında ayrı-ayrı dillər və ya dialektlər barədə informasiya vermək yaxşı olardı. Habelə, səxsən mən XX əsrin əvvələrini əhatə edən Azərbaycan tarixi, o cümlədən Cümhuriyyət dövrü barədə məlumatları eşitmək istərdim.
Hindistanlı tədqiqatçı Sniha Roy:
Mən dinlərarası münasibətlər üzrə tədqiqatçıyam və bu sahədə coxlu nəzəri biliklərə malikəm. Azərbaycanda isə müxtəlif dinlər, mədəniyyətlər və icmalar arasındakı münasibətlərin təcrübədə necə olduğunu öz gözlərimlə gördüm. Mən burada müxtəlif mənsubiyyətlərə malik insanlarla təmasda oldum. Bu baxımdan, yay məktəbi mənim nəzəri biliklərimi praktik biliklərlə daha da möhkəmləndirdi və tamamladı. Mən istərdim ki, Azərbaycan multikulturalizmi haqqında məqalələr yazım.
Avstraliyalı professor Brayan Adams:
Mən Avstraliyada Qrifits Universitetində Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoruyam. Bizim təşkilat anlayış yolu ilə hörmət yaratmaq istiqamətində işləyir. Müxtəlif inanca və mədəniyyətə malik insanları bir araya gətirərək onların arasında anlayış və hörmət yaradılmasına nail olmaq istəyirik. İnsanlar bir-birilərini başa düşdükcə və anladıqca, bir-birilərinin dəyərlərini bilir və hörmət edirlər. Biz əsas diqqətimizi ona görə qarşılıqlı hörmət üzərində cəmləyirik ki, hörmət insanları birləşdirir. Buna görə də güclü cəmiyyət qurmaq üçün hər kəs bir-birinə hörmət etməlidir. Mən ACWAY-in Himayəçilər Şurasının sədriyəm. Bu forumu ACWAY və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın Gənclər Fondu ilə birlikdə təşkil ediblər. Forumun əhəmiyyəti həm də ondadır ki, mədəniyyətlərarası və dinlərarası anlaşmaya töhfə verir. Bu isə çox vacibdir. Dünya əhalisinin 85 faizi müxtəlif dini inancların daşıyıcısıdır. İnsanlar isə dünyada baş verən proseslərə öz dini inancları prizmasından baxırlar.
Xatırladaq ki, IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İcveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbə və tədqiqatçı iştirak edirdi. Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan yay və qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Artıq dəyərli ənənəyə çevrilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Billurə Aslanqızı
BBMM-in mətbuat xidmətinin əməkdaşı