Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları “Şahdağ” Turizm Mərkəzində
Qusar, 17 fevral
Fevralın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə ekskursiya ediblər.
Layihə iştirakçılarına buradakı otellər və müxtəlif xidmətlər barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir.
Qış məktəbinin iştirakçıları mərkəzin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir.