Azərbaycan multikulturalizmi Latın Amerikası ölkələrində yüksək şəkildə təqdim olunur
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini 2015-ci ildən həyata keçirir. Bu, mərkəzin ən uğurlu və davamlı layihələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün gerçəkləşməsi məqsədilə, BBMM-in apardığı ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi getdikcə daha geniş coğrafiyanı əhatə etməkdədir. Hazırda dünyanın 22 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə,İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Ruminiya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan (2018) “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.
“Azərbaycan multikulturalizmi”nin ən son tədris olunmağa başladığı xarici universitetlər Latın Amerikası ölkələrinin ali təhsil ocaqlarıdır. BBMM və Braziliya Federal Universiteti arasında imzalanan qarşılıqlı anlaşma memorandumuna əsasən, 2019-2020-ci dərs ilindən etibarən “Azərbaycan multikulturalizmi” artıq bu ali məktəbdə də tədris olunmağa başlayıb. Xatırladaq ki, BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirsə də, Braziliya Federal Universiteti ilə Latın Amerikası ölkələrində bu sahədə ilk addımı atmış oldu. Növbəti ildən bu fənnin Rio de Janeyro Universitetində də tədrisi ilə bağlı anlaşma memorandumu imzalanıb. Qeyd edək ki, Braziliyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisini BBMM-in əməkdaşi, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina həyat keçirib. İ.Kuninanın sözlərinə görə, istər Braziliya Universitetində, istərsə də Azərbaycan multikulturalizmi ilə bağlı Latın Amerikası ölkələrində keçirilən silsilə tədbirlərdə iştirakçıların mövzuya böyük marağı aydın hiss olunub.
Xatırladaq ki, ötən ay Braziliya Federal Universitetində 2 həftə ərzində davam edən dərslərlə yanaşı, Braziliya, Argentina və Uruqvayda BBMM-in, eləcə də Azərbaycan Respublikasının bu ölkələrdəki səfirliklərinin təşkilatçılığı ilə bir sıra görüşlər, seminarlar, dəyirmi masalar da keçirilib. Braziliya Federal Universitetində, Uruqvayın Katolik, Argentinanın Belqrano, Salvador və La-Plata universitetlərində, eləcə də Buenos-Ayres şəhərindəki “Beynəlxalq Münasibətlər Mərkəzində” “Azərbaycan multikulturalizmi modeli” mövzusunnda təşkil olunan bu silsilə tədbirlərdə 100-dən çox qonaq - dövlət rəsmiləri, alimlər, ziyalılar, tədqiqatçılar və tələbər iştirak ediblər. Görüşlər zamanı Azərbaycandakı etnik qruplar, onların münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşaya bilməsi faktı, eləcə də, dövlət başçısı İlham Əliyevin bu multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib. Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, eləcə də multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol haqda geniş müzakirələr aparlıb. Onu da qeyd edək ki, Uruqvay və Argentina ermənilərin kompakt yaşadığı ölkələrdəndir. Burada aktiv erməni diasporu bu tədbirlərə mane olmağa çalışıb. Lakin onların cəhdləri uğursuz olub və Latın Amerikası ölkələrində baş tutan tədbirlər kifayət qədər böyük maraqla qarşılanıb. Tədbirlərdə həmçinin gələcək təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşliq istiqamətləri də müzakirə olunub.
İlk dəfə olaraq Latın Amerikası ölkələrində Azərbaycan multikulturalizm modelinin bu cür geniş təbliğ olunması ölkəmizə olan marağı artırmaqla yanaşı, Azərbaycanı dünyada multikulturalizmin ünvanlarından biri kimi tanıdılmasına xidmət edir. Yaxın gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə unversitetlərinin qoşulması mümkün olacaq.
Xatırladaq ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.
Göründüyü kimi, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu multikulturalizm siyasəti, eləcə də dövlət başçısının fərmanı ilə fəaliyyət göstərən BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir daisrəsi və gücünü də artırmaqdadır.
Azərbaycan multikulturalizmi modeli xarici ölkələrdə uğurlu nümunə kimi qəbul edilir. Bu modelin elmi müstəvidə öyrənilməsi və araşdırılması BBMM tərəfindən uğurla davam etdirləcək.
Billurə Aslanqızı
BBMM-in aparıcı məsləhətçisi