Tanınmış heykəltəraş: “Azərbaycanda qədim sivilizasiya nümunələri müasirliklə birləşərək əsrarəngiz harmoniya yaradıb”
Paris. 5 noyabr. REPORT.AZ/ “Azərbaycanda yəhudilərlə müsəlmanların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışı dünyada nadir təcrübələrdəndir”.
Bunu “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Fransanın tanınmış heykəltəraşı və rəssamı, UNESCO-nun xoşməramlı səfiri Edva Ser (Hedva Ser) bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yəhudilər sərbəst şəkildə yaşayırlar: “Mən Quba rayonunun Qırmızı qəsəbə kəndindəki sinaqoqda da olmuşam. Dünyanın 12 şəhərində ucalan sülh ağacının müəllifiyəm. Bu, əl işlərimdə də üç dinə məxsus simvollar qeyd edilib. Bakı da sülhə həsr etdiyim əl işlərimdən birinin ən möhtəşəm meydanlarından birində ucaldığı 12 şəhərdən biridir. Mən Xorvatiyada ucalan heykəllə Avropada yəhudilərin tarixini canlandırmağa çalışmışam. Sülhə həsr edilmiş bir əsərim Lüksemburq Müdafiə Nazirliyinin təklifi ilə bu ölkənin mərkəzi prospektlərindən birində, daha bir əl işim isə Ukraynada ucaldılacaq”.
Fransalı incəsənət xadimi UNESCO-nun xoşməramlı səfiri tituluna layiq görüldüyünü deyib: “Həmin dövrdən əl işlərim vasitəsilə dünyada sülhün yaradılmasına xidmət edirəm. Yaratdığım heykəltəraşlıq əsərləri vasitəsilə mədəniyyət diplomatiyasını inkişaf etdirməyə çalışıram. UNESCO çərçivəsində və bu mötəbər təşkilatın dəstəyi ilə münaqişə tərəflərinin incəsənət xadimlərini bir araya gətirən tədbirlərin təşkilatçısıyam. Onlar birlikdə işləyib incəsənət əsərləri yaradır, bir-birilərinin əl işlərindən ilhamlanır, bir-birilərinin mədəniyyətinə hörmət nümayiş etdirirlər. Belə bir tədbirin Qafqaz və Orta Asiya regionundan olan incəsənət xadimlərinin iştirakı ilə Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. Biz mədəniyyətləri, mədəniyyətin təmsilçilərini bir araya gətirməklə dünyada sülhün bərqərar olunmasına öz töhfəmizi verməyə çalışırıq”.
E.Ser vurğulayıb ki, Azərbaycan zəngin mədəniyyətə malik ölkədir: “Uzun illərdir ki, Fransa tarixinin bir hissəsi olan Buisson xalçaları toxuyuram. Fransada xalçaların qədim tarixi var. Buisson xalçalarından ibarət zəngin şəxsi kolleksiyam var. Azərbaycanın da xalçaçılıq sahəsində zəngin təcrübəsi, bu milli sərvətin üslub, çalar rəngarəngliyini və müxtəlifliyini əks etdirən nümunələri Bakıda muzeyində nümayiş olunur. Bu gün bu sənət növü Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Zəngin muzeylərə hər yerdə rast gəlinmir. Ancaq Azərbaycanda belə muzeylər çoxluq təşkil edir. Azərbaycan rəssamlarını və əl işlərini də çox bəyənirəm. Azərbaycan musiqisini, xüsusilə orkestr musiqisini və cazı, rəqslərini yüksək qiymətləndirirəm. Azərbaycana ilk səfərim 7 il bundan qabağa təsadüf edib. Bu zaman İçərişəhəri kəşf etmişəm. Həmin vaxtdan Azərbaycana hər səfərim zamanı İçərişəhərdə rəsm əsərləri çəkirəm və onların hamısı da bu gün şəxsi kolleksiyamın ayrılmaz hissəsidir. Azərbaycanda bir tərəfdən qədim sivilizasiyanın nümunələri, digər tərəfdən isə müasirlik birləşərək əsrarəngiz harmoniya yaradıb. İşıqlara qərq olunmuş Bakı gecələri möhtəşəmdir. Fransa ilə Azərbaycan mədəniyyəti arasında hər zaman qarşılıqlı anlaşma mövcud olub. Bu gün Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidentiyəm. Azərbaycan mədəniyyətinin Fransada və iştirak etdiyim beynəlxalq tədbirlərdə bacardığım qədər tanıtdırmaqda davam edəcəyəm”.