Azərbaycanın multikultural dəyərləri, tolerantlıq mədəniyyəti daim öyrənilir
Bakı, 24 may
Azərbaycan xalqı bütün dövrlərdə tolerantlıq mədəniyyətini və multikultural dəyərləri özündə əks etdirib və yaşadıb. Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan əhəmiyyətli bir hadisədir.
Bu fikirləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov AZƏRTAC-a müsahibəsində deyib. O, Prezident İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi fikirlərin ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq qurmaq üçün dünyaya ciddi mesaj olduğunu vurğulayıb.
Müsahibimiz qeyd edib ki, bu istiqamətdə təşkil edilən tədbirlər Azərbaycanı dünyanın əsas multikultural mərkəzlərindən birinə çevirib. Biz multikultural dəyərləri yaşadır, təbliğ edir, həmçinin onun yayılması üçün beynəlxalq səviyyədə əməkdaşlıq edirik. Ölkəmizdə müxtəlif dini və etnik icmalar sülh və qardaşlıq şəraitində yaşayır və dövlətimizin qayğısını hiss edirlər.
Muzeyin əməkdaşı dövlətimizin bu siyasətinin ölkəmizin ali və orta məktəblərində, elm və mədəniyyət ocaqlarında geniş təbliğ olunmasından da danışıb. Qeyd edib ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 2016-cı ildən etibarən multikulturalizm, islam həmrəyliyi, tolerantlıq mövzularında seminarlar, dəyirmi masalar təşkil olunur. Tədbirlərə mütəmadi olaraq Azərbaycanın ali və orta məktəblərinin müəllim, tələbə və şagirdləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, dini və etnik icmaların üzvləri dəvət olunurlar.
Azərbaycanın multikultural dəyərləri, tolerantlıq mədəniyyəti daim öyrənilir, bu istiqamətdə beynəlxalq və respublika konfranslarında məruzələr dinlənilir, elmi əsərlər yazılır.
Əli Fərhadov vurğulayıb ki, dövlətimiz tərəfindən həyata keçirilən multikulturalizm siyasəti və bu istiqamətdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları bizi daim Azərbaycan mədəniyyətini, sülh və tolerantlıq siyasətini tədqiq və təbliğ etməyə yönəldir.