“Rusiyada İslam tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İlahiyyat İnstitutu ilə birgə Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinovun“Rusiyada İslam tarixi” kitabının təqdimatını keçirib.
Tədbiri giriş sözü ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bu əlaqələrin təhsil və elm sahəsində uğurla inkişaf etdiyini vurğulayan rektor Rusiyanın bir sıra ali təhsil müəssisələri ilə əlaqələrin yaradıldığını və ikitərəfli əməkdaşlıq protokolları imzalandığını nəzərə çatdırıb. O, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın qədim və zəngin multikulturalizm ənənələrindən bəhs edib. Respublikamızda multikultural mühitin qorunmasının ölkə rəhbərliyi tərəfindən həmişə diqqət mərkəzində saxlanıldığını vurğulayan R.Həsənov bildirib ki, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təcrübəyə dünyada maraq artmaqdadır. “Rusiyada İslam tarixi” kitabının Aİİ-də təqdim edilməsinin əhəmiyyətini vurğulayan icraçı direktor bu təqdimatın ölkəmizdə mövcud multikultural mühitə töhfə olduğunu deyib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev çıxışında bildirib ki, İslamda tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri var. Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edən F.Nurullayev ölkəmizdə tolerantlıq sahəsində görülən işləri və həyata keçirilən layihələri diqqətə çatdırıb.
Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin tədbir təşkilatçılarına təşəkkürünü bildirib. O, “Rusiyada İslam tarixi” kitabının təqdimat mərasimində iştirak etməkdən məmnunluq hissi keçirdiyini deyib, kitabın müəllifinə belə bir əsəri ərsəyə gətirdiyi üçün minnətdarlığını bildirib. M.Zabelin Azərbaycanda mövcud olan multikultural mühitdən bəhs edib, ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri, dini konfessiyaların təmsilçiləri üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdırıb. O qeyd edib ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə müasir dünyada mədəni dialoqun yaranmasına şərait yaradır. Bu gün alimlərimizin beynəlxalq əlaqələrinin genişlənməsində müsbət meyillər formalaşıb. Ümid edirik ki, bu meyillər dayanıqlı olacaq.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr haqqında məlumat verib. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən professor bildirib ki, vəzifəmiz elm sahəsində münasibətləri möhkəmləndirmək və inkişaf etdirməkdir.
Moskva İslam İnstitutunun rektoru Demir Muxeddinov müəllifi olduğu “Rusiyada İslam tarixi” kitabı haqqında məlumat verib. İslam dininin yayılma tarixi, mövcud durumu barədə bəhs edən Demir Muxeddinov hazırda Rusiyada yaşayan müsəlmanların sayı, yaşadıqları ərazi barədə fikirlərini bölüşüb. O, İslamın Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçasına çevrildiyini, həmçinin müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğunu nəzərə çatdırıb. Rusiyada mövcud duruma toxunan məruzəçi müasir dünyada terrorizmi və insana qarşı nifrətin istənilən formasını rədd edən İslamın mahiyyətini cəmiyyətə düzgün çatdırmağın çox önəmli olduğunu vurğulayıb. D.Muxeddinov bildirib ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər. Bildirib ki, Rusiya cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyətinin təbliği, millətlərarası və dinlərarası sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün mümkün olan bütün addımlar atılır.