Rəvən Həsənov: “Heç kim səhlənkarlıq etməməlidir”

“Koronavirus pandemiyası bütün dünya üçün gözlənilməz bir bəla idi. Əlbətdə ki, pandemiyanın ən əvvəl çoxlu sayda insan ölümünə səbəb olması ilə yanaşı özü ilə bir çox sosial-iqtisadi çətinliklər də gətirdi. Təsadüfi deyil ki, əksər dövlətlər pandemiya ilə mübarizəni görünməz müharibə adlandırırlar. Şükürlər olsun ki, Azərbaycanda bu gün vəziyyət əksər dünya ölkələrindən çox yaxşıdır ancaq qəbul etmək lazımdır ki, ölkəmizə də bu mənfi təsirsiz ötüşməyəcəkdir. Mühüm olan bu mübarizədən minimum itkilərlə çıxmaq və post koronavirus dövründə surətli reablitasiya tədbirləri həyata keçirməkdir. Bunun üçün hər kəs bir nəfər kimi dövlətimizin arxasında olmalıyıq”.

Bunu 525-ə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib. Rəvan Həsənov bildirib ki, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin dəqiq və vaxtında atdığı addımların nəticəsidir ki, ölkəmiz hal-hazırda bu vəziyyətdən minimum itkilərlə çıxmağa çalışır: “Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın atdığı qabaqlayıcı tibbi-sanitariya tədbirlərini kifayət qədər yüksək təqdirlə qarşıladı. Prezident İlham Əliyevin yaranmış vəziyyətə uyğun cəld reaksiya göstərməsi əslində onlarla insan tələfatının qarşısını almış oldu. Bütün bunlarla yanaşı, ölkəmizin pandemiya dövründə iqatisadiyyatı sağlamlaşdırmaq və bu durumda insanlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atdığı addımlar da çox həyati əhəmiyyətlidir. Çünki bu gün eyni zamanda dünya iqtisadiyyatı qlobal reqress dövrünü yaşayır və görünən odur ki, bu vəziyyət bir müddət hələki davam edəcəkdir. İqtisasiyyatın qorunması istiqamətində dövlətimizin hazırladığı sosial-iqtisadi paket bir daha onu göstərdi ki, Azərbaycan dövləti sosial dövlətdir və daim öz vətəndaşının yanındadır”.

R.Həsənovun sözlərinə görə, karantin dövrü insanlarla yanaşı, qurumlar üçün də yeni alışqanlıqlar gətirdi. Artıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də yaranmış vəziyyətlə əlaqədar öz fəaliyyətini real vaxt rejimində davam etdirir: “Demək olar ki, fəaliyyətimizdə heç bir ciddi problemlə qarşılaşmırıq, əksinə daha surətli və operativ təşkil olunur. Yaxın zamanlarda Azərbaycan multikulturalizm dəyərlərinin təbliği istiqamətində yeni formatlı layihələrimiz də ictimaiyyətin diqqətinə təqdim olunacaqdır. Bununla bağlı həm çalışanlarımızla həm də Mərkəzimizin dünyadakı üzvləri ilə mütəmadi olaraq videokonfranslarla əlaqədəyik”.

R.Həsənov bildirib ki, əlbətdə evdə qalmaq və evdən işləmək çətindir. Xüsusən gündəlik iş rejiminə öyrəşmiş və uzun illər müəyyən vərdişlər edinmiş şəxslər üçün bunun nə qədər çətin olduğunu təsəvvür etmək olar. Ancaq dəyərli insanlarımız bilməlidirlər ki, bu istəklə bağlı olan bir vəziyyət deyil. Bu müharibədə yalnız bir birimizə dəyər verərək və bir birimizi qoruyaraq qalib ola bilərik: “Bizim məsuliyyıtli olmağımız onlarla insanın həyatını xilas edəcəksə o zaman bütün çətinliklərə qatlanmaq lazımdır. Azərbaycan xalqı tarixin ağır sınaqlarından üzü ağ çıxıbdır. Bunun əsas səbəbi xalqımızın sahib olduğu dəyərlərdir. Bu gün də hər bir vətəndaşımız dövlətinin arxasında olmalıdır. Evdə qalmaqla yaranmış bu vəziyyətədən birlikdə daha surətlə çıxacağımıza əminəm”. 

İcraçı direktorun dediyinə görə, o da bu karantin günlərində mövcud qaydalara tam əməl edir: “Yalnız çox mühüm ehtiyac yarandığı nadir hallarda evdən çıxmağa çalışıram və hər zaman sanitar qaydalara qeyd-şərtsiz əməl edirəm. Eyni zamanda ailə üzvlərim də bu şəkildə davranır. Bütün görüşlərimi videokonfranslar üzərindən edirəm. Bu mənim üçün də başlanğıcda çox çətin idi ancaq artıq alışmışam. Düşünürəm ki, bu virusa qalib gəlməyin ən yaxşı üsulu ona heç yoluxmamaqdır. Ona görə də heç kim səhlənkarlıq etməməli və vəziyyəti düzgün qiymətləndirməlidir. Təcrid dönəmini mən artıq planlı keçirirəm. Bu çox əhəmiyyətlidir. Mütləq günü planlamaq və səmərəli keçirmək lazımdır. Əks halda mənəvi-psixoloji boşluq yarana bilər. Yuxu rejimini qorumaq və depressiv olmamaq lazımdır. Bilmək lazımdır ki, bu hal tezliklə aradan qalxacaqdır. Təcrid dövrü mənə elmi fəaliyyətim üzərdində işləməyə və yeni ədəbiyyat oxumağa kifayət qədər imkan verdi. Günümün bir hissəsini həmişəki kimi işə həsr edirəm, digər hissəsini elmi fəaliyyətə və qiraətə. Vaxtımın qalan hissəsini isə ailəmə həsr edirəm. Normalda mən vaxt məhdudiyyəti yaşayan biriyəm. Ancaq bu karantin vəziyyətini üstünlüyə çevirmək lazımdır. Mən bu vəziyyətdən maksimum yararlanmağa çalışıram”.

Etiketlər