Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb
Bakı, 21 fevral
Fevralın 21-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
Qış Məktəbinin iştirakçıları əvvəlcə Təzəpir məscidi ilə tanış olublar.
Görüşdə QMİ-nin aparat rəhbəri Simran Həsənov iştirakçılara Azərbaycanda İslam dininin tarixi və buradakı tolerantlıq mühiti barədə məlumat verib. O bildirib ki, ölkəmiz əsrlərboyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olaraq multikultural ənənələrə sadiqliyini nümayiş etdirib. Müxtəlif dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayırlar, ölkəmizdə onların hər birinə hörmətlə yanaşılır.
QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı qonaqlara Qafqaz Müsəlmanları İdarəsinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda dövlətin dinə və dindarlara qayğısından danışan Q.Cavadlı qeyd edib ki, bütün dinlərin nümayəndələri bu qayğıdan bəhrələnirlər. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar təmir edilir. Bu addım da ölkəmizdə bütün dinlərə eyni münasibətin bariz nümunəsidir.