Portuqaliyalı tələbə: Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi layihədə üçüncü dəfədir iştirak edirəm. Bu gün “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirəni dinlədik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli bizi ölkənizdə tarixən mövcud olmuş dinlər, buradakı tolerant mühit haqqında ətraflı məlumatlandırdı. Azərbaycan nadir ölkələrdəndir ki, tarixən müxtəlif xalqların və dinlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşamağı bacarıblar. Qubadakı Qırmızı qəsəbəyə gəldikdə mühazirələrdə tolerantlıq barədə dinlədiklərimizin əyani şahidi olduq.
Bu sözləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Portuqaliyadan olan iştirakçısı Joao Mastre söyləyib.
Portuqaliyalı tələbə bildirib ki, Azərbaycanda olan müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir.
“Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr həyata keçirir. Çoxsaylı beynəlxalq tədbirlər multikulturalizmdən, tolerantlıq ənənələrinin inkişafından xəbər verir və bu sahəyə böyük diqqət ayrıldığını sübut edir. Qubadakı Qırmızı qəsəbədə sinaqoqda olduğumuz zaman yəhudi icmasının üzvləri Azərbaycanda onlara bəslənən xoş münasibətdən danışdı. Aydın oldu ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir”, - deyə Joao Mastre bildirib.