Multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq mühiti barədə məlumatlandırılıb

Martın 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mühüm layihələrindən olan (BBMM) “Sabahın liderləri: Gənclər “sivilizasiyaların toqquşması”na qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar.

Komitə sədrinin müavini Gündüz İsmayılov qış məktəbinin iştirakçılarına Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühiti, komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, ölkədəki müsəlman və qeyri-müsəlman icmalar Dövlət Komitəsi tərəfindən qeydiyyata alınır.

“Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Digər 4 faizə isə rus pravoslavlar, gürcü pravoslavlar, dağ yəhudiləri, Avropa yəhudiləri, gürcü yəhudiləri, bəhailər və başqaları daxildir. Dövlət Komitəsində 1000-dən çox dini icma qeydiyyatdan keçib. Bunlardan 37-si qeyri-islam, digərləri isə İslam dininə aid icmalardır. Bundan əlavə, ölkəmizdə 2500-ə yaxın məscid var, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda 2 bəhai və 1 Bakı Krişna Şüuru icması da fəaliyyətdədir”, - deyə G.İsmayılov qeyd edib.

Azərbaycanda hər bir vətəndaşın vicdan azadlığının təmin olunduğunu deyən komitə sədrinin müavini bildirib ki, ölkəmizdəki insanların istədiyi dinə inanmaq və onun sitayiş etmək hüququ var.

Ölkəmizdə dinlərarası və məzhəblərarası münasibətlərə də toxunan Gündüz İsmayılov bildirib: “Azərbaycanda İslamın hər iki məzhəbinin nümayəndələri eyni məsciddə ibadət edə bilir, hətta vəhdət namazı qılınır. Habelə müxtəlif dinlərin mənsubları qardaşcasına yaşamağı və Vətən uğrunda birgə vuruşmağı bacarırlar. 2020-ci ildə 44 günlük müharibə bunun bariz nümunəsidir.

İşğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış məscidlər və kilsələr bu gün bərpa edilir. Vaxtilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdəki məscidlərdə müsəlmanların dini heysiyyətinə toxunmaq üçün donuz saxlanılıb. Bunu ermənilərin özlərinin çəkib paylaşdıqları şəkillərdə də görmək mümkündür. Amma buna baxmayaraq, biz Bakının mərkəzindəki erməni kilsəsini qoruyub saxlamışıq. Çünki bizim heç bir dinlə, heç bir xalqla problemimiz yoxdur. Bütün ibadət evlərinə Allahın evi kimi baxırıq”.

Görüş qış məktəbi iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Etiketlər