III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Nicdə udilərin qonağıdır

 

Foto Qəbələ 1

Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi iyulun 19-da  Qəbələdə öz işini davam etdirib.

Bakı Slavyan Universitetinin “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri Ülviyyə Abbasovanın moderatorluğu və xarici ölkələrdə  “Azərbaycan multikulturalizmi” fənnini tədris edən İrina Kunina, Roza Şəfiyeva və Maya Cəfərquliyevanın iştirakı ilə  “Azərbaycançılıq və etnik rəngarənglik” mövzusunda dəyirmi masa təşkil olunub.

Ülviyyə Abbasova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında bilgi əldə etmək imkanı olduğunu vurğulayıb: “Bu fənn hazırda ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsinə öz layiqli töhfələrini verir. Bu layihə çərçivəsində gələcəkdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayının daha da artacağına inanırıq”.

“Azərbaycan multikulturalizmi” fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina dəyirmi masada “Azərbaycançılıq və etnik rəngarənglik” adlı təqdimatla çıxış edib. İrina Kunina eyniadlı videosüjetin müşayiəti ilə tələbələrə Azərbaycanın multikultural durumu, etnik mənzərəsi haqqında məlumat verib: “Azərbaycan polietnik dövlətdir. Xalq titul etnosdan – Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqa azsaylı xalqlardan təşkil  olunub. Bu xalqlar Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edir. Bu xalqlardan başqa ölkəmizdə respublikada ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu milli azlıqların hər birinin muvafiq olaraq tarixi vətəni var və Azərbaycan ərazisində yaşayan alloxton milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların sırasında- rusların, ukraynalıların, kürdlərin, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, Axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur”.

Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Maya Cəfərquliyeva qeyd edib ki, sözügedən fənni öyrənənlərin Azərbaycanın multikulturalizm siyasəti sahəsində təcrübəni dərindən dərk etmək istəyi var. Ən çox Azərbaycanın etnik və dini müxtəlifliyi,  ölkəmizdə min illər boyu birgə yaşayan müxtəlif etnik qruplar, dünya etnik xəritəsində yalnız Azərbaycanda olan Xınalıq kəndi və xınalıqlılar barədə maraqlanırlar, çoxlu suallar verirlər.

“Azərbaycan multikulturalizmi” fənnini Çexiyanın Karl Universitetində tədris edən Roza Şəfiyeva bildirib ki, semestr boyu bu fənnə böyük maraq və istək nümayiş etdirən tələbələr bu dərslər vasitəsilə Azərbaycanın etnik mənzərəsi, multikultural dəyərləri, tolerantlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Dəyirmi masada Türkiyə, İndoneziya, Çin, Bolqarıstan, Rusiya, Gürcüstan, Litva və Almaniyadan olan tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizdə əsrlərdir yanaşı yaşayan yaşayan etnik qruplar, azsaylı xalqlar ilə bağlı fikir və düşüncələrini bölüşüblər.

Yay məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Tələbələr yerli əhali ilə-udilərlə görüşüblər. Yay məktəbinin iştirakçıları yerli udi gənclərinin müşayiəti ilə qəsəbəni gəziblər, tələbələrəNic qəsəbəsinin, burdakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı ətraflı məlumat verilib: “ Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran vadisində ən iri yaşayış məskəni olan Nic ərazisinə görə Qəbələdə rayonunda birincidir. 2005-ci ildən Nic kəndinə şəhər tipli qəsəbə statusu verilib.Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən –udilər də var idi.  İndi Nic qəsəbəsində Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur”.

Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər.

Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili və icmanın üzvləri  tələbələrlə görüş zamanı udi xalqının keçmişindən, Alban kilsəsinin tarixindən söz açıblar: “Altı mindən artıq əhalisi olan qəsəbədə 4 min nəfərə yaxın  udi yaşayır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var”.

Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər bir kəsin dini etiqad azadlığını təmin olunur. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndiririk. Nic kilsəsinin bərpasından sonra udilərin müqəddəs bayramlarını layiqincə qeyd etməsi   tolerantlığa gözəl nümunədir”.

Yerli udi gəncləri ilə səmimi çay süfrəsi və Udi Folklor Ansamblının təqdimatında konsert proqramı tələbələrdə xoş təəssürat yaradıb. Əcnəbi tələbələr "Yallı" sədaları altında rəqs ediblər.

“Öz xalqını təqdim et” adlı musiqili axşam çərçivəsində Azərbaycan, Almaniya, Bolqarıstan və Yəməndən olan tələbələr təqdimatla çıxış ediblər.

Запись III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Nicdə udilərin qonağıdır впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.