Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsi və adətlərinin qorunması nümunəsində multikulturalizm modeli müzakirə olunub
TREND Beynəlxalq İnformasiya Agentliyinin (BİA) mətbuat mərkəzində “Baku Network” Ekspert Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkil etdiyi konfrans çərçivəsində udin etnosunun nümunəsində Azərbaycanda milli azlıqların tarixi, mədəni ənənələri və hüquqlarının müdafiəsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirin moderatorları “Baku Network” Ekspert Şurasının direktoru, TREND BİA-nın baş direktor müavini, fəlsəfə doktoru Elxan Ələsgərov və TREND BİA-nın baş direktor müavini Arzu Nağıyev olub.
Konfransda “Qafqaz Albaniyasının tarixi irsinin Azərbaycanda multikulturalizmin vacib hissəsi kimi qorunması” mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva vacib geosiyasi, ticarət yollarının kəsişməsində yerləşən regionda çoxəsrlik tolerantlıq ənənələri barədə danışıb:
“Albaniya əhalisi polietnik və 26 tayfanın konfederasiyasından ibarət olub. Konsolidasiya yolu ilə alban dilində danışan və eyni zamanda digər etnosların da dilinin qorunduğu alban etnik birliyi yaranıb. Alban tayfa konfederasiyasında vacib etnoslardan və alban irsinin yaradıcılarından biri utilər (udinlər) olub. Uti vilayəti Qafqaz Albaniyasına ən böyük vilayət idi. 8-ci əsrdən Albaniyanın düzən ərazilərində çoxetnoslu əhali arasında İslam yayılmağa başladı. 12-ci əsrədək alban, türk və farsdilli etnosların konsolidasiyası əsrlər boyunca regionun bütün etnos və subetnoslarına qarşı tolerant olmuş Azərbaycan xalqını formalaşdırdı. Yaşayış ərazisinin və etnik mənşənin ümumiliyi, Azərbaycan dilinin etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunması burada multikulturalizmə zəmin yaratdı. Azərbaycan, türk müsəlman etnik təbəqəsi regionda dominant oldu. Amma Qarabağda, Şəkidə xristian udinlər qalmaqda davam etdi. Udinlər 4-cü əsrdən 1836-cı ilədək Alban kilsəsinə sadiq qaldılar. Qafqaz Albaniyasının tarixi irsinin qorunması təkcə udin icmasının simasında milli azlıqların çiçəklənməsi üçün deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi məqsədilə vacibdir”.
Daha sonra çıxış edən alban-udin xristian icmasının sədri Robert Mobili qeyd edib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir:
“Udinlər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adətlərini, ənənələrini, qoruya bilib. Kiçik, amma dini baxımdan zəngin udin xristian icması Alban apostol kilsəsinin varisləridir. Alban kilsəsi apostol, avtokefal kilsə olub və bu gün udinlər haqlı olaraq Azərbaycan ərazisində apostol kilsəsinin dirçəlməsinə təkid edirlər. Azərbaycan alban çarlığının varisidir, udin etnosu isə alban kilsəsinin yeganə daşıyıcılarıdır. Bu, çox vacib tarixi faktlardır”.
Multikulturalizm mövzusunda müzakirəni davam etdirən Multikulturalizm Mərkəzinin müşaviri Tofiq Abbasov bildirib ki, multikulturalizmin inkişaf tendensiyası Azərbaycan reallıqları üçün təbiidir, çünki bu model artıq ölkədə həyat tərzinə çevrilib:
“Qərb multikulturalizminin xalqların köçü nəticəsində formalaşmış fərqli növləri var, onlar sözün əsl mənasında öz mədəniyyətlərini yayıblar. Amma Azərbaycan multikulturalizmi insanların yanaşı yaşadığı, bir-biri ilə ümumi dil tapdığı və təmasların ən yüksək səviyyədə olduğu mühiti təcəssüm etdirib. Ona görə də təqiblərə məruz qalan milli azlıqlar məhz Azərbaycan torpaqlarında sığınacaq tapıb. Prinsip etibarilə bizdə həm mədəni, həm etnik, həm də etnik müxtəliflik mövcuddur. Bu, bizim özünəməxsusluğumuzun bariz nümunəsidir”.
Konfransın moderatoru, TREND Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev deyib ki, multikultural cəmiyyət dinamik inkişaf edən, yenilənən və gələcəyə yönələn uğurlu cəmiyyətdir:
“Tolerantlıq və multikulturalizm siyasəti dövlət tərəfindən cəmiyyətdə etnik, irqi, dini, mədəni fərqliliklərin nizamlanması üzrə rıçaqlarından biridir. Azərbaycan müstəqil xarici siyasətə malikdir, etibarlı beynəlxalq tərəfdaşdır, eləcə də milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hərtərəfli inkişafını təmin edən demokratik ölkədir. Ölkəmiz dünya səviyyəsində multikulturalizm və tolerantlığın inkişafına öz töhfəsini verir. Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə çatdırılıb. Bu siyasətin təbliğatı Azərbaycan cəmiyyətinin gələcəyi üçün çox vacibdir. Almaniya, Fransa, Böyük Britaniyanın multikulturalizm ideyalarından imtina etməsi fonunda Azərbaycan dünyaya bu konsepsiyanın yeni modelini təqdim etdi”.
Sabiq diplomat, politoloq Fikrət Sadıqov öz çıxışında bildirib ki, 2014-cü ildə Azərbaycanda Multikulturalizm Mərkəzinin yaradılması dövlət tərəfindən düşünülmüş və vaxtında atılmış addım olub:
“Bununla belə, biz daha genişmiqyaslı siyasət aparmalı, daha çox müzakirə etməli və ölkə xaricində daha aktiv fəaliyyət göstərməliyik. Azərbaycanda çoxmillətliliklə bağlı real mənzərəni diqqətə çatdırmaq hər bir vətəndaşın, diplomatik nümayəndəliklərimizin, diaspor strukturlarının müqəddəs borcudur. Biz bu gün ilk növbədə Azərbaycanda yaşayan udinlər barədə danışırıq. Bu etnosun üstünlüyü ondadır ki, onlar Azərbaycan cəmiyyətinə yaxşı inteqrasiya olunub, öz ənənələrini saxlayıb, eyni zamanda ölkəmizdə hörmət edilən dəyərlərə uyğunlaşıb”.
Konfransın moderatoru, “Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov qloballaşma proseslərinin əhəmiyyətini, kommunikasiya şəbəkələrinin genişlənməsini və urbanizasiyanın vacibliyinin əhəmiyyətini vurğulayıb:
“Tolerantlıq və millətlərarası dialoq Azərbaycan multikulturalizminin əsas aspektlərindəndir. Bu, humanizm prinsiplərinə əsaslanır, xalqlar və sivilizasiyalar arasında münaqişələrin nizamlanmasında böyük rol oynayır. Azərbaycan hökumətinin milli azlıqlar və dini qruplaşmalar barəsində həyata keçirdiyi multikultural siyasət müxtəlif dövlətlər tərəfindən maraqla tədqiq edilir. Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olmaqla Azərbaycan bir daha sübut edir ki, onu tolerant dövlətlərdən biri adlandırmaq olar”.