Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının hesabat yığıncağı keçirilib
Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının dörd illik fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti müddətində böyük uğurlar qazandığını vurğulayıb. O, BBMM-in həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla Mərkəzin dörd il ərzində gördüyü işlərdən danışıb. Bildirib ki, görülən işlər mədəni, sosial, tədris sahələrini əhatə edib.
Kamal Abdulla Prezident İlham Əliyevin BBMM-in qarşısına qoyduğu vəzifələrin uğurla həyata keçirildiyini vurğulayaraq bildirib ki, dövlətimizin başçısının ən vacib tövsiyələrindən biri ondan ibarət idi ki, Azərbaycan multikulturalizmi bütün dünyada tanıdılmalıdır.
Himayəçilik Şurasının sədri Azərbaycan multikulturalizmi fənninin dünyanın 19 ölkəsinin universitetlərində tədris olunduğunu bildirib. Əlavə edib ki, bu fənn ölkəmizin 38 dövlət və özəl universitetində tədris olunur, üç universitetdə Azərbaycan multikulturalizmi kafedrası, Azərbaycan Dillər Universitetində Multikulturalizm elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bundan əlavə, AMEA-da multikulturalizm şöbəsi açılıb. BBMM-in Rusiyada, İtaliyada, Almaniyada, Portuqaliyada, Moldovada, İsraildə, ABŞ-da filialları fəaliyyət göstərir. Bu günə qədər 7 yay və qış multikulturalizm məktəbi keçirilib. Bu məktəblər gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub saxlanıldığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaradır. Buraya gələn, Azərbaycanı sevən gənclərdən ibarət Azərbaycanın Gənc Dostları Klubu yaradılıb.
Akademik, həmçinin BBMM-in nəşrləri haqqında məlumat verib.
Sonra çıxış edən “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Memarlıq və İnşaat Universitetinin şöbə müdiri Könül Əliyeva, Azərbaycanda Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, AMEA Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, akademik Möhsün Nağısoylu, Azərbaycan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev BBMM-in fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında məlumatların dünyaya nümayiş etdirilməsində Mərkəzin rolu böyükdür.