Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin əməkdaşı Taleh Eminoğlunun 525 - ci qəzetdə məqaləsi dərc edilib
Hər bir dövlət özünün coğrafiyasına, tarixinə və tərkibində yaşayan insanların həyat tərzinə, təcrübələrinə, ictimai xüsusiyyətlərinə uyğun quruluşa sahibdir.
Siyasi, coğrafi, tarixi, dini və dil baxımından yaxınlıqlarına rəğmən dövlətləri bir-birindən fərqlədirən də məhz budur. O baxımdan, hər bir dövlət fərqliliklərin birlikdə olduğu, təməlində də insan haqları və azadlıqları kimi əsas şərtlərin dayandığı mühit yaratmağa çalışır. Bu, bizim qarşımıza müxtəlif və fərqli mədəniyyətlərin bir yerdə yaşadığı multikultural cəmiyyətləri çıxarır.
Multikultural cəmiyyətin, mühitin əsas dayaqlarından biri də fərqli mədəniyyətlərin bir-birinə qarşı tolerant münasibətidir. Lakin bir şeyi dəqiq bilməliyik ki, tolerantlıq sadəcə başqasının və ya başqa mədəniyyətin kor-koranə şəkildə qəbulu deyil. O, mədəniyyətin öyrənilməsi, onunla mübadilə aparılması və qavranılmasıdır. Haqqında böyük ümidlərlə danışdığımız qloballaşmanın dünyanın bütünü əhatə etməsi müxtəlif və fərqli mədəniyyətlərin bir-birini qavramasından keçir.
İbtidai cəmiyyətlərdə mədəni müxtəlifliklər (o zamankı formasına uyğun) arasında bir-birindən qəti şəkildə seçilən fərqlər yox idi. Lakin günümüzdə mədəniyyətlər arasındakı gözlə görünəcək fərqlər var. Bu fərqlər mədəniyyətin bütününü yaradan hissələrdir.
Bugün yaşadığımız dünya mədəni müxtəliflik baxımından olduqca zəngindir. Hazırda dünya müstəqilliyi beynəlxalq səviyyədə tanınmış 195 ölkənin, 600 dilin və 5000-dən çox etnik qrupun ev sahibidir və etnik qrupların, məzhəblərin, fərqli dünyagörüşlərin sayı artmaqda davam edir. Bu vəziyyət multikulturalizmi daha da ön plana çıxarır və onun vacibliyini xatırladır.
Bənzər mədəniyyətlər arasında yaxınlıq və dialoq daha asan təmin edilir. Amma mədəni müxtəlifliklər və fərqliliklər artdıqca mədəniyyətlərin öz mövcudluqlarını bir yerdə davam etdirməsi çətinləşir. Oxşar mədəniyyətlər iç-içə olarkən meydana çıxan problemlər böyük olmasa da, dini, irqi, milli və bir-birinə uzaq olan mədəniyyətlərin birgəyaşayışı böyük və dərin problemlərə səbəbəbiyyət verir.
Mədəniyyətlər heç bir halda statik vəziyyətdə deyil. Daim inkişaf və hərəkət halındadır. Həm öz içində yenilənir, həm də insanların bugün də davam edən köçü nəticəsində başqa mədəniyyətlərə təsir edir. Bundan əlavə, texnoloji yeniliklər belə mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirini artırır. Bu yerdə əvvəldə qeyd etdiyimiz tolerantlıq məsələsinə qayıtmış oluruq. Hər bir cəmiyyət qarşılaşdığı yeni mədəniyyət içərisində özünə uyğunluğu axtarır, o mədəniyyət qarşısında duruşunu müəyyən edir və qarşılıqlı mədəni "alış-verişə" keçir. Mədəniyyətlərin qəlibləşmiş və həmin millətə xas xüsusiyyətləri dəyişdirilməyə çalışıldıqda bugün ölkələrin bir çoxunda qarşılaşdığımız dini, irqi, milli zəmində problemlərlə üzləşirik. Milli zəmində baş vermiş və verməkdə olan bir çox problemin kökündə öz mədəniyyətini üstün hesab etmək, digər mədəniyyətlər üzərində öz hegemonluğunu qurmağa çalışmaq dayanır. Növbəti mərhələlərdə siyasiləşən və bəşəriyyət üçün ciddi təhdidə çevrilən bu problemin həlli multikulturalizmdir. Fransız filosof Ian-Pol Sartrın "İnsan azadlığa məhkumdur" ifadəsindən çıxış edərək deyə bilərik ki, insan, həm də multikultural şəraitdə yaşamağa məhkumdur.
Qeyd etdiyim kimi fərqli mədəniyyətlər arasında bir-birinə yaxın olan və olmayanlar var. Eyni zamanda, fərqlilikləri ifrat dərəcədə aydın olan mədəniyyətlər də mövcuddur. Standart mədəniyyətlər bənzər qəbul edilir və bu cəmiyyəti eyniləşdirir. Fərqli xüsusiyyətlər isə cəmiyyəti individuallaşdırır və eyniləşməyə qarşı çıxır. Müxtəliflik cəmiyyət üçün vacib amildir və daim ona ehtiyac hiss edilir. Bu prosesə nümunə kimi Hind cəmiyyətini göstərmək olar. Fərqli cəmiyyətlər, oxşar və ayrı mədəniyyətlər, kimliklər, dinlər və dillər eyni sərhəd içərisində yaşayır. Lakin bu mədəni müxtəlifliklər öz sərhədləri içərisində birgəyaşayış halındadır və digər mədəniyyətlərlə, cəmiyyətlərlə qapalı münasibətdədir. Yəni azadlıqları öz daxilləri içərisində keçərlidir. Fərqli inanclara sahib etnik qruplarla yan-yana yaşamalarına baxmayaq, bir-birlərinin inanclarına toxunmurlar. Bu kənardan tolerant mühit təəssüratı yaradır. Bugün hər kəsin ən təməl istəyi olan mədəniyyətlərə başqaları tərəfindən müdaxilə edilməməsi, inanclara toxunulmaması kimi görünsə də, bu fonun altında qapalılıq, başqasını qəbullanmamaq yatır. Bunun səbəbi kasta sistemi, bir növ siyasi cəhətdən təşkilatlanmış multikulturalizmdir. Hind cəmiyyətindəki multikultural mühit kasta sisteminin tərkib hissəsinə çevrilib və bu sosial təbəqələşmə deməkdir ki, bu da öz növbəsində mədəni müxtəlifliklər arasındakı mübadiləni yoxa çıxarır. Bu multikulturalizmin siyasi təşkilatlanması, yəni multikulturalizmin siyasətə tabe olduğu formadır. Halbuki bizim hədəflədiyimiz siyasi təşkilatlanmadan uzaq, siyasətə təsir gücü olan multikulturalizmdir.
Cəmiyyətlərlə mədəniyyətlər arasındakı əlaqə qloballaşmanın yaratdığı şərait sayəsində asanlaşıb. Artıq mədəniyyətlər arasında mübadilə beynəlxalq ticarət, iqtisadi tərəfdaşlıqlar sayəsində baş verir. Bunun müsbət cəhəti ilə yanaşı, mənfi tərəfləri də var; Aristotelin qeyd etdiyi kimi, "insan sosial varlıqdır" və bu sosiallaşma fərdlər arasında insan təbiətinə uyğun şəkildə olmalıdır, yəni mədəniyyətlər, cəmiyyətlər, dinlər, etnik qruplar arası münasibətdə insan faktorundan kənar heç nə iştirak etməməlidir.