Dekabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Xəzər regionu: geosiyasi vəziyyət və multikulturalizm siyasəti” mövzusunda konfrans keçirib.
Dekabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Xəzər regionu: geosiyasi vəziyyət və multikulturalizm siyasəti” mövzusunda konfrans keçirib.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Sovet hakimiyyəti dövründə Xəzər bölgəsində baş verən hadisələrin bir qədər statik xarakterli olduğunu bildirib. Qeyd edib ki, Sovet hakimiyyətinin dağılmasından sonra Xəzər hövzəsi dövlətlərin sayı artmağa başladı. Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı uzun müddət Xəzər hövzəsi dövlətlər arasında danışıqlar gedirdi. Bu il isə Xəzərin hüquqi statusunun müəyyən olunması məsələsi öz həllini tapıb. Burada Azərbaycanın fəal siyasi mövqeyi, xüsusilə fərqlənməyə başlayıb. Azərbaycanın bu mövqeyi digər türkdilli dövlətlərlə, xüsusilə Qazaxıstan və Türkmənistan tərəfindən dəstəklənməsinə təkan verib. “Xəzərin hüquqi statusunun müəyyən edilməsi təkcə iqtisadi məsələ deyil, eyni zamanda xalqlar arasındaki dostluğa, əməkdaşlığa, yeni bir mərhələyə qədəm qoymaq deməkdir”, – deyə R.Həsənov diqqətə çatdırıb.
Milli Məclisin deputatı Fazil Mustafayev məruzə ilə çıxış edərək deyib ki, 2018-ci il Xəzər ətrafı bölgədə olan dövlətlər üçün ən sabit və müəyyənləşən dövr kimi xatırlanacaq. Çünki Xəzərin statusu ilə bağlı uzun illərdən bəri aparılan danışıqlar müəyyən dərəcədə yekunlaşıb. Xəzəryanı dövlətlər bu dənizdə olan proseslərin birlikdə tənzimlənməsi barədə razılığa gəliblər. Bu Azərbaycan üçün də olduqca vacib idi. Rusiya və İranın Xəzər bölgəsində üstünlüyünün ən azı bərabərləşdirilməsi siyasətinin həyata keçirilməsində üç dövlətin rolu önəmli olub – Qazaxıstan, Azərbaycan və Türkmənistan. Əvvəllər mədəni bağlarla əlaqələr qurulmuşdursa, indi iqtisadi əlaqələrin vasitəsilə münasibətlərin qurulması gələcək inteqrasiya modelinin formalaşmasına böyük təsir göstərib.
Dövlət başçımız İlham Əliyevin həm Avropa məkanında, həm Rusiya, həm də Orta Asiya ölkələri ilə qurduğu əlaqələr Azərbaycanı bu bölgələrlə gələcək meqalayihələrin işlənib hazırlanmasında söz sahibi olan ölkəyə çevirib.
Milli Məclisin deputatı, professor Elman Nəsirov da məruzəsində mövzunun aktual və vacib olduğunu vurğulayıb. Azərbaycan dövlətinin Xəzər regionunda 3 mühüm potensialı var – neftin istehsalı və ixracı, qazın ixracı, multikulturalizm siyasəti. Multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasəti, ictimai sifarişdir. Multikulturalizm həm də bizim zənginliyimizdir. Azərbaycanda müxtəlif etnoslar, dinlərin, konfessiyaları daşıyıcıları var, onlar mehriban şəraitdə birgə yaşayırlar. 2016-cı il Azərbaycanda multikulturalizm ili elan olunub.
“Bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin Konvensiyası imzalandı. Bu, böyük geosiyasi hadisədir. Bu sənədin imzalanması ilə Azərbaycanın Xəzər regionun da mövqeyi güclənmiş olub. Bu sənədin imzalanması ilə Azərbaycanın Türkmənistan ilə enerji sahəsində yaxınlaşması üçün imkanlar yaranıb. Qazaxıstanda Azərbaycana böyük rəğbət var. Bizim kökümüz, dinimiz eynidir. Qazaxıstanın prezidenti Nursultan Nazarbayevlə Azərbaycanın prezidenti İlham Əliyev arasında hər zaman dostluq və qardaşlıq münasibətləri olub və bu münasibətlər hər iki dövlətin bir sıra beynəlxalq təşkilatların siralarında çox mühüm vəzifələrə layiq görülməsinə şərait yaradıb. Buna misal kimi ilk olaraq Azərbaycan dövlətinin 2012 – 2013-cü illərdə, daha sonra isə 2017-2018-ci illərdə Qazaxstanın BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olmasını göstərmək olar. Son dövrlər Azərbaycanın Cənubi Qafqaz regionunda güclü və iqdisadi inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdırsa, Qazaxstanda da inkişafın banisi Nursultan Nazarbayevdir. Bircə o faktı demək kifayətdir ki, son 20 ildə Orta Asiya ölkələrinə qoyulan 300 milyard investisiyanın 70 faizi məhz Qazaxstanın payına düşür”, – deyə E.Nəsirov bildirib.
Azərbaycan Respublikası Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbənin aparıcı məsləhətçisi Anar Əlizadə çıxış edərək bildirib ki, Azərbaycan Xəzəryanı ölkə olduğu üçün bu coğrafi aralıqda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında, bu regionda yaşayan xalqlar arasında dostluq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib. Dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə mühüm işlər görür, öz əhəmiyyətli töhfələrini verir.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, “Entoqlobus” saytının rəhbəri Gülnarə İnanc, BBMM-in baş məsləhətçisi Tofiq Abbasov və digərləri mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Buna bariz nümunə kimi 2010-cu ildə Bakıda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə toplantısını göstərmək olar. Bu toplantıda Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsi kimi mühüm prinsiplər müəyyən olunmuşdu. Bu prinsiplər daha öncə ulu öndər Heydər Əliyev tərəfindən elan olunub. Ulu Öndər vurğulamışdı ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır. Bu baxımdan bu ilin avqustun 12-də Aktauda keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının 5-ci zirvə toplantısı vacib əhəmiyyət kəsb edir. Burada Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə yanaşı, regionun təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra mühüm aktlar qəbul olunub.