ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxaq konfrans təşkil olunub

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” V Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Rumıniya, Əlcəzair, Qazaxıstan və başqa ölkələrdən məruzəçilər iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, artıq ənənə şəklini alan tədbirin müxtəlif dünya universitetlərində maraqla qarşılandığını diqqətə çatdırıb. 

Rektor bildirib ki, bu gün Azərbaycanda gedən multikulturalizm dövlət siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Multikulturalizmin dövlət səviyyəsində həyatımıza, cəmiyyətimizə tətbiqi Ulu öndərin qəbul etdiyi qərarlardan başlayır: “Bu siyasəti Prezident İlham Əliyev çox böyük uğurla və ləyaqətlə davam etdirir. Bildiyiniz kimi 2014-cü ildə multikulturalizm ideologiyası öz əksini dövlət xidməti şəklində tapdı. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu mərkəz vasitəsi ilə dövlət başçısının fikirlərinin, siyasi iradəsinin təqdim edilməsinə başlanıldı. ABŞ-da, Avropada, yaxın və uzaq ölkələrdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlandı”.  

Akademik Kamal Abdulla əlavə edib ki, mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov konfransın elmi və siyasi əhəmiyyətindən danışıb, universitetdə multikulturalizm istiqamətində aparılan davamlı işlərdən, elmi əlaqələrin gücləndirilməsindən danışıb.

Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda bir çox sahələrdə olduğu kimi multikulturalizmin də banisi sayılır. Belə ki, Azərbaycan dünyada yalnız neft və qaz ölkəsi kimi deyil, daha çox multikultural dəyərlərin inkişaf etdiyi ölkə kimi tanınır: “Bu gün multikulturalizmin Azərbaycan modeli ölkəmizin beynəlxalq arenada brendinə çevrilib. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin ərazi bütövlüyü uğrunda müharibədə canlarını qurban verdilər. Bu fakt dediklərimizin bir daha əyani təsdiqidir. Azərbaycan dövləti inkişaf edir, yüksəlişin nümunələrini yaradır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov konfransın işinə uğurlar arzulayıb, onun keçirilməsinin siyasi və mənəvi əhəmiyyətini yüksək dəyərləndirib. R. Həsənov bildirib ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir.

Rumıniyanın Aleksandr İoan Kuza adına Universitetinin professoru Lüdmila Bejenaru, Əlcazairin Mərkəzi Salhi Əhməd Universitetinin professoru Kaid Nuraddin, AMEA-nın Tarix İnstitutunun təmsilçisi Mais Əmrahov, Polis Akademiyasının ictimai elmlər kafedrasının rəisi Rəhim Məcnunov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Moisey Bekker, Qazaxıstanın Kostanay Regional Universitetinin dosenti Qaziz Şaymerden, ADPU-nun Ağacabədi filialının dosenti Baxış Ələsgərov müxtəlif mövzular ətrafında məruzə ilə çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Etiketlər