Multikulturalizm Mərkəzində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib
Bakı, 29 mart
Martın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov konfransda çıxış edərək erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirməsindən danışıb. O əlavə edib ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Ermənilərin şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırımı siyasəti yürütdüyün deyən icraçı direktor qeyd edib ki, bu siyasətin qurbanları sırasında qədim dövrlərdə ölkəmizdə məskunlaşmış yəhudi xalqının nümayəndələri də olub.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə vurğulayıb ki, erməni millətçiləri tərəfindən tarixboyu xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasəti yürüdülüb. Ermənilər əsrlərboyu azərbaycanlılarla yanaşı, digər xalqlara qarşı da terror aktları törədiblər. Tarixi faktlara diqqət yetirdikdə görərik ki, erməni şovinistlərinin törətdiyi cinayətin qurbanı Azərbaycanda yaşayan yəhudilər də olub. O, bəşəriyyətin ən böyük cinayətlərindən hesab olunan 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini xatırladıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın müddətdə soyqırımı siyasəti həyata keçirilib. 1918-ci ilin mart qırğını ermənilərin Azərbaycanda yaşayan bütün millətlərə qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biridir. Ermənilərin törətdiyi bu cinayət onların apardığı monoetnik siyasətin tərkib hissəsidir. Ermənilər bu soyqırımı ilə bölgəni erməniləşdirməyə çalışıblar. Bu məqsədlə erməni terrorçuları Qubadakı yəhudi əhalini də qırıblar.
Bakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev vurğulayıb ki, Azərbaycanda ermənilərin törətdiyi soyqırımı dünya tarixində yəhudilərin başına gətirilən faciələrdən az deyil. Ermənilər bu gün də soyqırımı siyasətini davam etdirirlər. Onlar insanları qətlə yetirməklə yanaşı, tarixi abidələri də məhv edirlər, tarixi saxtalaşdırıb faktları erməniləşdirməyə çalışırlar.
Bakı Avropa Yəhudiləri dini icmasının rəhbəri Aleksandr Şarovski qeyd edib ki, Azərbaycan tarixboyu tolerantlıq məkanı olub. Bu gün Avropada Azərbaycanın tolerantlıq modeli öyrənilir. Azərbaycanın tolerantlıq ənənələri bütün xalqların rahat şəkildə yaşamasına imkan verir. Ancaq erməni şovinistləri tarixən bu modelin məhvinə çalışıblar. Onlar təkcə azərbaycanlılara yox, bu coğrafiyada yaşayan digər xalqlara qarşı da soyqırımı siyasəti aparıblar.
Daha sonra professor Solmaz Rüstəmova-Tohidinin, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçəyin, Azərbaycan Gürcü Yəhudi icmasının sədr müavini Moissey Bekkerin, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyevanın 1918-ci il 31 mart soyqırımı ilə bağlı elmi-siyasi məruzələri dinlənilib.