“İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans keçirir. Konfransda İraq, Niderland, Almaniya, Türkiyə və Azərbaycandan olan tanınmış ictimai xadim, jurnalist və qeyri-hökumət təşkilatı nümayəndələri iştirak edirlər.
“İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli aftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər. 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsə ziyarət olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans keçirir. Konfransda İraq, Niderland, Almaniya, Türkiyə və Azərbaycandan olan tanınmış ictimai xadim, jurnalist və qeyri-hökumət təşkilatı nümayəndələri iştirak edirlər.
Konfransı giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, türkman soydaşlarımızla bizi tarixi əlaqələr bağlayır. Tədqiqatlar apardıqda görürük ki, biz eyni mədəniyyət və tarixi köklərin daşıyıcılarıyıq. Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi olaraq da qarşımızda duran əsas məqsədlərdən biri mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməkdən ibarətdir. Tədbirdə eyni irsin, dilin, ədəbiyyatın tədqiq olunması, gələcək əməkdaşlıqların qurulması istiqamətində müzakirələr keçiriləcək. O diqqətə çatdırıb ki, iki gün davam edəcək konfrans çərçivəsində müxtəlif dövlət qurumlarında görüşlər, təqdimatlar keçiriləcək.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, tədbir elmi və mədəni xarakter daşıyır və İraqla Azərbaycan arasında ikitərəfli əlaqələr çərçivəsində təşkil olunub. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bizim İraqla siyasi, mədəni iqtisadi əlaqələrimiz inkişaf edir. İraqda müxtəlif xalqlar, o cümlədən bizə yaxın türkmanlar yaşayır. Bu konfrans da etnik türkman olan elm adamları və yazarların iştirakı ilə təşkil olunub.
İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Rossan Al-Mamori qeyd edib ki, Azərbaycan ilə İraq arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görülür. B u konfrans ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Ermənistan tərəfindən Qarabağda, Bərdədə, Gəncədə törədilən terror aktlarının ağır nəticələrindən çox təsirləndiyini bildirən müvəqqəti işlər vəkili ermənilərin barbar hərəkətlərinin canlı şahidi olduğunu, bütün bunların hiddət doğurduğunu qeyd edib. O bildirib ki, İraq hökuməti də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə töhfə verməyi düşünür. “Biz Azərbaycan hökuməti ilə müəyyən sahələrdə əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparırıq”.
İraq parlamentinin deputatı Ərşad Saleh konfransın təşkil olunmasına görə təşəkkür edib. O bildirib ki, Türk dünyasının tarixi bağlarını qoruyub saxlamaq və daha da inkişaf etdirmək əsas məqsədlərdən biridir. “Azərbaycan və türkmən eli arasında əlaqələrin yeni mərhələsi başlayır. Bizim könüllərimiz həmişə bir yerdə olub. Xəyallarımız həqiqətə çevrilir. Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır”.
Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi Türk dünyası ölkələrinin bir-birinə daha da yxınlaşmasının əhəmiyyətini vurğulayıb. Konfransın bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, konfrans bölmə iclasları ilə davam edir. Konfransın 6 bölmə iclasında - “Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələr. Dünən, bu gün, sabah”, “İraq türkmanlarının Türk dünyasında yeri. Azərbaycanın və Türkiyənin nümunəsində”, “İraq türkmanları bu gün”, “İraq türkmanlarının mədəni-mənəvi irsi və Azərbaycan”, “İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi”, “İraq türkmanlarının mətbuatı və Azərbaycan. Gələcəyə baxış” 30-a yaxın məruzə dinləniləcək.