Dövlət müşaviri Almaniyada Azərbaycan multikulturalizmindən danışdı
Almaniyanın Humbolt-Berlin Universitetinin dəvəti ilə bu universitetdə təhsil alan yerli və xarici tələbələrə, həmçinin burada fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasının əməkdaşlarına “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits-200” mövzusunda mühazirə oxumaq üçün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu ölkəyə səfər edib.
Humbolt-Berlin Universitetinin “Azərbaycan tarixi” kafedrasında təşkil olunan görüşü giriş sözü ilə kafedranın müdiri professor Eva Mariya Aux açıb, Dövlət müşviri və yazıçı Kamal Abdullayevi görüş iştirakçılarına təqdim edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev öncə dinləyicilərə ölkəmizdəki tolerant mühit, burada yaşayan müxtəlif azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin Azərbaycan modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bugünü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin müxtəlif aspektləri ilə bağlı ətraflı informasiya verib.
Sonra Dövlət müşaviri Azərbaycan “Kitabi-Dədə Qorqud” dastanlarının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və bu Sərəncamda göstərilən tədbirlər planından irəli gələrək müxtəlif dövlət qurumlarının həyata keçirdiyi tədbirlərdən söhbət açıb.
200 il öncə görkəmli alman şərqşünası və diplomatı fon Distsin Azərbaycan xalqının ana kitabı “Dədə Qorqud” dastanına verdiyi dəyər, bununla bağlı qələmə aldığı mükəmməl elmi araşdırma və dastanın bir boyunun alman dilinə tərcümə edilərək 1815-ci ildə - 200 il öncə Berlində çap etdirməsini Türk dünyası üçün önəmli hadisə hesab etdiyini bildirən Dövlət müşviri bu gün və gələcəkdə də ölkəmizdə Fon Dist şəxsiyyəti ilə birbaşa bağlı olan tədbirlərin keçiriləcəyini dilə gətirdi. K.Abdullayev bütün bu tədbirlərin böyük alman alimi və diplomatına, türk və şərq vurğunu olan Ditsə bizlərin bir vəfa borcu kimi xarakterizə edib.
Görüş iştirak edən Universitetin müxtəlif kafedralarının əməkdaşları, professorlar və tələbələr K.Abdullayevə həm ölkəmizdəki multikultural durum, həm də “Dədə Qorqud” dastanı ilə bağlı müxtəlif suallar ünvanlayıblar.
Sualları cavablandıran Dövlət müşviri sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 25 dildə hazırladığı “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits-200” kitablar toplusunu və özünün alman dilində nəşr olunmuş “Yarımçıq əlyazma” romanını Universitetə hədiyyə edib, görüşün təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib.
Запись Dövlət müşaviri Almaniyada Azərbaycan multikulturalizmindən danışdı впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.