Arizona ştatının qanunverici orqanında Azərbaycana dair təqdimat keçirilib

 

ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında (Arizona State Capitol) Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona ştatı Senatı və Nümayəndələr Palatasının üzvləri, xarici ölkələrin baş və fəxri konsulları, müxtəlif dini icmaların rəhbərləri və tanınmış din xadimləri iştirak ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin tarixindən, müstəqil dövlət kimi inkişafından, eləcə də multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Diplomat ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında gündən-günə daha da gücləndiyini diqqətə çatdırıb.

Sonra Arizona ştatı Nümayəndələr Palatasının spikeri Cavab Mesnard ötən il Azərbaycana etdiyi səfərindən xoş təəssüratlarla qayıtdığını, ölkəmizin qısa müddətdə nail olduğu sürətli inkişafı öz gözləri ilə görməkdən məmnun olduğunu bildirib. O, ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrindən çox təsirləndiyini, Quba rayonuna səfər edərək orada yəhudilər ilə müsəlman azərbaycanlılar arasında mövcud olan sıx dostluq münasibətlərinə heyran qaldığını diqqətə çatdırıb. Spiker Azərbaycan ilə Arizona ştatı arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edərək, bu əməkdaşlığın daha da inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-2017-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot bu tarixi məkanda mühüm tədbirin keçirilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və ölkəmizin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini qeyd edib.

Daha sonra Arizona ştatı Senatı sədrinin müavini Con Kavana ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. O, Arizona ştatı Senatı tərəfindən Azərbaycana dair qəbul edilmiş bəyannaməyə toxunaraq, Senatın Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə güclü dəstək ifadə etdiyini bildirib.

Sonda Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib.

Запись Arizona ştatının qanunverici orqanında Azərbaycana dair təqdimat keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.