Sergey Markov: Azərbaycan multikulturalizm dəyərlərini inkişaf etdirən ölkə kimi məşhurdur
Moskva, 25 yanvar
Azərbaycan özünümaliyyələşdirmə sistemi yaratmağa nail olub. Bu ölkə öz layihələrinin, o cümlədən infrastruktur sahəsində layihələrin maliyyələşdirilməsini özü təmin edir və bu mənada heç kimdən asılı deyil.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu fikirləri “Moskva-Baku” portalına müsahibəsində söyləyib. O qeyd edib ki, bu gün Azərbaycanda faktiki olaraq urbanistik inqilab gedir, köhnə Bakının yerində açıq səma altında memarlıq muzeyinə bənzəyən yeni möhtəşəm şəhər formalaşır. Bakı müasir urbanistik dünyanın incisidir.
S.Markov deyib: “Azərbaycan multikulturalizm dəyərlərini inkişaf etdirən ölkə və müxtəlif məzhəblərə etiqad bəsləyən xalqların nümayəndələrinin dinc yanaşı yaşaması nümunəsi kimi məşhurdur. Dünyada multikulturalizmin böhran keçirdiyi şəraitdə Azərbaycan bu ideyanın, bu həyat modelinin drayverlərindən biri kimi, qlobal multikultural dünyanın formalaşmasına kömək edir”.
Onun fikrincə, Azərbaycan İslam ənənələri ilə Avropa dəyərlərinin qovuşmasının gözəl nümunəsidir. Ekspert deyib: “Bakı Humanitar Forumu artıq çoxdan bəri müxtəlif mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı fəaliyyət göstərdiyi bir məkana çevrilib. Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlər – idman tarixində ilk Avropa oyunları, habelə İslam Həmrəylik Oyunları sayəsində Azərbaycan sivilizasiyaların qovuşduğu məkan kimi tanındı. Azərbaycanda mütəmadi olaraq ən müxtəlif sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi turizmin və müvafiq infrastrukturun inkişafı üçün çox yaxşı stimuldur. Bakıda möhtəşəm Heydər Əliyev Aeroportu tikilib. Ən yüksək səviyyəli otellər şəbəkəsi çoxlu sayda qonaqları və turistləri qəbul etməyə imkan verir”.