Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu universitetlərdə “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26“ devizi altında silsilə tədbirlər keçirilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi, ən dəhşətli və amansız cinayətlərdən biri kimi qiymətləndirilən Xocalı soyqırımına həsr edilən tədbirlərdə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açılaraq bildirilib ki, bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Dünyada müxtəlif qurumlarda, parlamentlərdə Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da bu gün xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır. Toplantılarda Xocalı faciəsinin Azərbaycan xalqının yarası olmaqla yanaşı, bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirilib. Keçirilən toplantılarda soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib. Diqqətə çatdırılıb ki, Azərbaycana qarşı hərbi təcavüzlə əlaqədar BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 8 xarici ölkədə - Rusiya, İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, ABŞ və Bolqarıstanda filialları fəaliyyət göstərir. Eyni zamanda “Azərbaycan multikulturalizmi” fənni də dünyanı 18 nüfuzlu ali təhsil ocağında uğurla tədris edilir. BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, xarici ölkələrdə filiallarının yaradılması işinə başlanılıb. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə filialların fəaliyyəti və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.
Запись Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26 впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.