“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri: “Erməni terrorçuları bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cəzalarını alacaqlar”

 

IMG_7154Bugünlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilən “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq dəyirmi masa ölkəmizdə yaşayan etnik və dini icma nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb, geniş rezonans doğurub.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq dəyirmi masanın nəticələri və əhəmiyyəti, Azərbaycan kürdlərinin erməni terroruna məruz qalması  ilə bağlı fikir və düşüncələrini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı ilə bölüşüb.

Fəxrəddin Paşayev dünyada terrorun vüsət tapdığı bir dönəmdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilən beynəlxalq dəyirmi masanın aktuallığını, böyük önəm daşıdığını vurğulayıb: “  “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq dəyirmi masa çərçivəsində təşkil olunan “ Erməni terroru və Azərbaycan kürdləri” adlı panel Azərbaycan kürdlərinin də böyük rəğbətinə səbəb olub. Çünki Azərbaycanda yaşayan digər xalqlar kimi kürdlər də zaman –zaman erməni terroruna məruz qalıblar. Keçən əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırım aparan erməni terrorçuları yüzlərlə kürdü də qətlə yetiriblər. Burda təkcə Azərbaycan kürdlərindən danışmaq bu amansız terrorun miqyasını kiçiltmək olardı. Çünki ermənilər təkcə Azərbaycanda deyil, əsrin əvvəllərində Anadoluda –Türkiyə ərazisində, kürd coğrafiyasında yaşayan insanlara- türklərlə yanaşı kürdlərə də divan tutublar. Erməni terrorçularının bu gün Azərbaycanla yanaşı Gürcüstana da ərazi iddialarını, türklərə, yəhudilərə, kürdlərə, ləzgilərə bəslədikləri kin-küdurəti gördükdə, təkcə islam coğrafiyasında deyil, dünyada yaşayan xristianlara qarşı da törətdikləri qanlı terror aktlarının şahidi olduqda bir daha onların qanına yeriyən “erməni xəstəliyi” anlayışının doğruluğuna inanırsan. Erməni qəsbkarları Azərbaycanın ərazi bütövlüyünü pozub, torpaqlarını işğal edib,  yüzminlərlə insanı doğma yurd- yuvasından qovub, qadın, uşaq, qoca demədən minlərlə insanı qətlə yetiriblər. Bunların sırasında saysız-hesabsız Azərbaycan kürdü də var.

Dağlıq Qarabağda yaşayan ermənilərin heç bir sosial, iqtisadi, mədəni, mənəvi, təhsil problemi olmayıb. Dağlıq Qarabağın ermənilərinin yaşayışı da, statusu da  həmişə ərazinin aborigen xalqı olan azərbaycanlılardan qat-qat üstün olub. Ancaq bütün bunlara baxmayaraq “erməni xəstəliyi” onlara sakit yaşamağa imkan vermədi. Dağlıq Qarabağ münaqişəsi başlayan zaman da ermənilər qırğınlar törədərkən kimsəyə etnik, dini  fərq qoymadan insanları qətlə yetiriblər. Sözügedən münaqişədə onlar birinci hücumlarını kürd kəndlərinə ediblər.

Onlarla kürd birgə vətənimiz olan Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Ermənilərin son təxribatı nəticəsində-bu ilin  aprel hadisələrində də Azərbaycan kürdləri qəhrəmanlıqla vətənin müdafiəsinə qalxdılar, şəhidlik zirvəsinə ucaldılar”.

Mərkəzin rəhbəri monoetnik Ermənistanla multikultural Azərbaycandakı tolerant durumu müqayisə edib: “ Ermənilər kürdlərin kompakt yaşadığı Laçın rayonunu işğal etdikdən sonra dünyada təbliğat aparmağa  başladılar ki, guya ermənilər kürdlərin dostudur.  O vaxt kürdlər düşmən propaqandasına uymadılar. Mən həmişə hər yerdə demişəm və deyəcəyəm ki, kürdlərə həmişə ermənilərdən zərbə dəyib, ermənilər tarix boyu kürdlərlə türklərə düşmən kəsiliblər. Ermənilər vaxtilə hər yerdə informasiya yayırdılar ki, guya kürdlər üçün çox şey yaradıblar:  Yerevanda kürd dilində gündə bir saat veriliş gedirdi, kürd dilində “Yeni yol” qəzeti çap olunurdu, Ermənistan Yazıçılar Birliyində kürd dili şöbəsi var idi və sairə. Əgər bu dedikləri doğrudursa, onda niyə  Ermənistan müstəqilliyinin ilk günlərindən, hələ müstəqillik qazanmadan da bütün müsəlman kürdlərini axırıncı nəfərinə qədər türklərlə, azərbaycanlılarla bir yerdə oradan qovdu? Radioda gedən veriliş həftədə 3 dəfə -təxminən 15-20 dəqiqə oldu, kürdlər üçün yaradılmış o Yazıçılar Birliyindəki şöbə də, qəzet də-hamısı bağlandı. Qəzet indi formal olaraq sadəcə ildə bir dəfə çap olunur.

Azərbaycanda isə hələ müstəqilliyin ilk günlərindən o zamana qədər heç bir imtiyazı olmayan kürdlərə “Ronahi” Kürd Mədəniyyət Mərkəzi yaradıldı. Onu da qeyd edim ki, tək kürdlərin yox, Azərbaycanda yaşayan bütün azsaylı xalqların mədəniyyət mərkəzləri fəaliyyət göstərməkdədir. “Ronahi” Kürd Mədəniyyət  Mərkəzinin orqanı olan “Dəngə kürd” (“Kürdün səsi”) qəzeti nəşrinə başladı, kürd dilində onlarla kitab, əlifba, lüğətlər və bədii kitablar çap olunub və bu gün də olunur. Azərbaycan dövlətinin müharibə şəraitində yaşamasına, iqtisadi cəhəddən müəyyən sıxıntılara baxmayaraq dövlət televiziyasında  Azərbaycanda yaşayan hər bir xalqın dilində, o cümlədən kürd dilində həftədə iki dəfə veriliş yayımlanır. Bunlar Azərbaycan xalqının və dövlətinin apardığı multikultural siyasətin xarakterini sübut edən faktlardı.  Biz  bu dəyirmi masa vasitəsilə bir daha erməni terroru və Azərbaycan multikulturalizmi haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa müvəffəq olduq”.

Fəxrəddin Paşayev Ermənistanın işğalçı dövlət olduğunu və terroru dövlət səviyyəsində dəstəklədiyini beynəlxalq instansiyalara çatdırmaqla məşğul olduqlarını, bu istiqamətdə əzmlə çalışdıqlarını xatırladıb: “2005-ci ildə  mənim də iştirakımla Azərbaycan vətəndaşları Elxan və Adışirin Çıraqov qardaşları, Qaraca Cəbrayılov, Akif Həsənov və Ramiz Cəbrayılov Ermənistan hökumətindən itirdikləri əmlaka görə kompensasiya və  doğma yerlərinə qayıtmaq üçün şərait yaradılması tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdi. “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Məhkəmənin Böyük Palatasının qərarında Ermənistanın ərizəçilərin mülkiyyət hüququnu, şəxsi və ailə həyatına hörmət hüququnu və səmərəli müdafiə hüququnu pozması faktı öz əksini tapıb. Həmçinin qərarda işğal altında olan ərazilərin Ermənistanın effektiv nəzarəti altında olmaqla həmin ərazilərdə Konvensiyanın pozulması hallarına görə cavabdeh olması da təsdiq olunub. Haqqımızın bərpası ilə bağlı birlikdə apardığımız 10 illik mübarizədən sonra ilə Avropa İnsan Hüquqları Məhkəməsi ədalətli qərarını verərək Dağlıq Qarabağda baş verən insan hüquqlarına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü təsdiqləyib. Bu qərarla Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etdiyini də rəsmən təsdiqləmiş oldu. Bu isə hər bir məsələdə siyasi iradə nümayiş etdirən Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi xətt ətrafında birləşərək haqq səsini ucaltmağa nail olan Azərbaycan xalqının qələbəsi hesab oluna bilər”.

Mərkəzin sədri bu gün azsaylı xalqların, etnik qrupların, dini konfessiyaların yanaşı, qardaşcasına yaşadığı Azərbaycanda multikulturalizm dövlət siyasətinin priorotet istiqamətlərindən olduğunu vurğulayaraq millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasını ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlərin, tolerant ənənələrin prezident İlham Əliyev tərəfindən mənəvi qatdan siyasi müstəviyə qaldırılmasının parlaq sübutu kimi dəyərləndirib: “Bu uğurlu siyasi kursun həyata keçirilməsi nəticəsində Azərbaycanda etnik və dini zəmində ən kiçik bir narazılıq belə mövcud deyil. Azərbaycanda vətəndaşa etnik mənsubiyyətinə, dini etiqadına görə deyil, vətənə xidmətinə görə qiymət verilir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılandan sonra Azərbaycanda yaşayan etnik qrupların beynəlxalq tribunalarda daha da intensiv  çıxışlarına imkan yaradıldı və mən buna görə kürd icması adından cənab Prezident İlham Əliyevə, eləcə də Dövlət müşaviri Kamal Abdullayevə dərin minnətdarlığımı bildirirəm”.

Kürd icmasının rəhbəri sonda erməni terrorçularına və onların havadarlarına işğalçılığı, terroru pisləyən bəyanat ünvanlayıb: “ “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda təşkil olunmuş beynəlxalq dəyirmi masada da vurğuladım, indi də bir daha erməni qəsbkarlarına və terrorçularına, onların dünyadakı havadarlarına bəyan etmək istəyirəm ki, sülhün, barışın yolu multikulturalizmdən, tolerantlıqdan, dinc birgəyaşayışdan keçir. Separatçılıqla, terrorla, silah gücü ilə heç nə əldə etmək mümkün deyil.  Ermənilər gec-tez dünyada və Azərbaycanda yaşayan müxtəlif xalqlara, ümumiyyətlə, bəşəriyyətə qarşı törətdikləri terrora, qanlı bəşəri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cəzalarını alacaqlar.

 

Запись “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri: “Erməni terrorçuları bəşəri cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cəzalarını alacaqlar” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.