Qax məbədləri Azərbaycan multikulturalizminin nümunələridir

 

qax seferi 2

Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası ölkə ictimaiyyətinin nəzər-nöqtəsindədir. Politeist və monoteist konfessiyaları yaşayan Qafqaz Albaniyası Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən diqqətlə öyrənilir, tariximizin açılmamış səhifələrini araşdırırlar. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu istiqamətdə aparılan tədqiqatlara marağı daha da artırıb. Alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri tələbələrin və ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 23-24 aprel tarixlərində Qax rayonuna respublikanın bir qrup alim və tələbələrinin iştirakı ilə “Azərbaycanın maddi-mədəni irsi - Alban Apostol kilsəsi Qafqazın ən qədim kilsəsidir” layihəsi çərçivəsində səfər təşkil olunub.

2016-cı il aprelin 23-də səfər iştirakçıları Qax rayon Diyarşünaslıq muzeyi ilə tanış olublar. Sonra “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində Qax rayonu Heydər Əliyev Mərkəzində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycanın maddi-mədəni irsi – Kürmük Alban məbədi” kitablarının təqdimatı keçirilib və “Kürmük alban məbədi – Azərbaycanın maddi-mədəni irsidir” mövzusunda dəyirmi masa təşkil olunub.  Dəyirmi masada AMEA-nın alimləri – arxeoloqları və memarları Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqda apardıqları araşdırmalar əsasında tədbir iştirakçılarına maraqlı məlumatlar veriblər.

Səfərin ikinci günündə Qax səfərinin iştirakçıları Azərbaycanın maddi- mədəni irsi olan Qafqaz Albaniyasının abidələrinə səyahət ediblər. Səyahət tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilov, yerli ziyalılar - Qax rayon Diyarşünaslıq muzeyinin müdiri Mahir Əfəndi və 2 saylı Qax beynəlmiləl orta məktəbin tarix müəllimi Vidadi Şıxəmirovun bələdçiliyi ilə keçmiş, Azərbaycan Respublikasınıın ali məktəblərində təhsil alan bir qrup tələbə və professor-müəllim heyəti erkən orta əsrlər dövrünə aid olan Qum kəndində yerləşən Qum məbədi, Ləkit kəndində yerləşən Ləkit dairəvi məbədi, Yeddi kilsə, Əmbərçay kəndində yerləşən Kürmük alban məbədləri ilə tanış olublar. Səyahət zamanı bələdçilər səfər iştirakçılarına Azərbaycanın irsi olan alban abidələri haqqında məlumat veriblər: “Bu məbədlər Azərbaycanın köklü əhalisi müklər-albanlar tərəfindən inşa edilib və Azərbaycanın maddi-mədəni irsidir. Azərbaycan multikulturalizminin tarixi köklərinə aid olan bu abidələrin arxeoloji turizmin inkişafı üçün böyük əhəmiyyət daşıyır”.

 

Запись Qax məbədləri Azərbaycan multikulturalizminin nümunələridir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.