Feminizm multikulturalizm kontekstində
Tahirə MƏMMƏDZADƏ
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı
Sosial elmlər lüğətində multikulturalizm termini bir dövlət, cəmiyyət və icma daxilində müxtəlif mədəniyyətlərin nümayəndələrinin birgə yaşayışı kimi xarakterizə edilir.
Daha dəqiq desək, bu məfhumun istifadə rəngarəngliyinin kökündə fərqli subyektlərin ona fərqli mənalar verməsi, həmçinin, terminin tətbiq arealının genişliyi dayanır. Əslində isə multikulturalizm sosial fəlsəfi anlamla yanaşı, müxtəlif adətə, ənənəyə, dilə, dinə və mədəniyyətə malik insanların bir-biri ilə yanaşı, eyni sosial məkanı bölüşməsindən ibarət ictimai vəziyyətin ifadəsini, həmçinin, sadalanan mədəni fərqliliklərin qorunub saxlanması və tanınmasına yönəlmiş siyasi proqramı və ya müxtəlifliyin idarə edilməsini də ehtiva edir.
Araşdırmalara nəzər salsaq, XX əsr - sosial transformasiya və siyasi sarsıntıların elmi-texniki yüksəliş və inkişaf dövrü olmaqla yanaşı, "qadın inqilabı" adlanan yeni formul tarixi meydanı dövrüdür. Dünya tarixindən məlumdur ki, bir sıra iri siyasi sosial-iqtisadi böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının ilkin təşəbbüskarı və bəzən də liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki "güclü cinsi" təkrarlamış, hətta kişilərə, onların əxlaqına, dünyagörüşünə və s. təsir etmişlər. Bununla əlaqədar hətta ədəbiyyatda eyniləşdirilən "qadın problemi", "qadın məsələsi", "qadın hərəkatı" kateqoriyalarının bir-birindən fərqlənməsi zərurəti meydana çıxır. Bu dövrdəki qadın hərəkatı liberal feminizm kimi xarakterizə olunur. Liberal feminizmin qarşısında duran başlıca məsələ qadınların kişilər ilə bərabər siyasi hüquqa nail olmasını təmin etmək idi. 70-ci illərdə bütün Qərb universitetlərində qadın və yaxud feminist tədqiqat mərkəzləri yaradılır, elmə "gender" anlayışı gətirilir.
Feminizm cinslər arasında bərabərliyi təşviq edən sosial-fəlsəfi cərəyan və ictimai-siyasi hərəkatdır. Bu düşüncəyə görə, kişilərlə qadınlar bərabər imkanlara, hüquqlara malik olmalı, onlara eyni cür rəftar və hörmət edilməlidir. Feminizm (fransızca - femin, latınca femina - qadın) burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkatdır. Qeyd edək ki, "feminizm" termininin yaradıcısı, ilk dəfə işlədən və "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır" kəlamının müəllifi utopik sosializmin nümayəndəsi Şarl Furyedir. Qərbdə özünü ilkin göstərən kapitalist münasibətləri və demokratik prinsiplərin inkişafı qadınların hüquq bərabərliyi məsələsini daha açıq şəkildə ortaya qoydu. Filosof Kristina Hoff Sommers "Feminizmi kim oğurlayıb?" (Who Stole Feminism?) adlı kitabında iki istiqamət arasında faydalı sərhəd çəkir:
1) Bərabərlik feminizmi - gender diskriminasiyası və qadınlara qarşı ədalətsiz münasibətin digər formaları ilə mübarizə aparır. O, başlanğıcını maarifçilik dövründən götürən klassik liberal və humanist ənənənin bir hissəsidir, həmçinin, o, feminizmin birinci dalğasına istiqamət verib, ikincinin təməlini qoyub. Bərabərlik feminizmi bir başqa mənasıyla psixologiya və biologiyanın açıq emprik sualları qarşısında sərt mövqe sərgiləməyən, bərabər münasibətlər haqqında əxlaqi doktrinadır;
2) Gender feminizmi - qadınların əvvəlki kimi hökmran kişi dominantlığı sisteminin - "təbiətən fərqli doğulan körpələrin kişilərə və qadınlara çevrildiyi, birincilərin əmr vermək, ikincilərin tabe olmaq üçün yaradıldığı" gender sistemi - əsarətində olduqları fikrindən çıxış edir. Aşağıdakı paradoks gender feminizmi ilə bərabərlik feminizmi arasındakı fərqi izah edir: Qadınların əksəriyyəti, feminizmin əsas tezisləri ilə razı olsalar da, özlərini feminist hesab etmirlər (1997-ci ildə, təxminən, 70%. Bu, on il əvvəlkindən 10% çoxdur). Bunun çox sadə səbəbi var: Adətən, "feminist" sözü gender feminizmi ilə assosiasiya olunur, ancaq sorğulardakı fikirlər bərabərlik feminizminə uyğun gəlir. Belə fərqli interpretasiyalarla üzləşən gender feministləri, özlərini qadın hüquqlarının yeganə gerçək müdafiəçiləri kimi tanıtmağa çalışırdılar.
Son otuz ildə feminist siyasi nəzəriyyə siyasi elmin ən perspektivli və orijinal cərəyanlarından birinə çevirildi. Qadının cəmiyyətdə rolu daima elmi təfəkkürün diqqətini cəlb etmişdir. Tarix, fəlsəfə, təbiət elmlərində, dində bu problem haqqında bir-birinə tamamilə əks olan fikirlər söylənmiş və müxtəlif cür həll edilmişdir. Son nəticədə bunlar hamısı feminizmin ictimai hərəkat kimi yaranmasına gətirib çıxarmışdır. Feminist hərəkatının qadın iştirakçıları belə hesab edirlər ki, ənənəvi tərzdə yazan tarixçilər tarixi kişi nəzər-nöqtəsindən təsvir edirlər, bu zaman tarixi problemə qadın baxışını istisna edirlər. Feminist qadın tədqiqatçıları müasir hüquqşünaslığın əsas istiqamətlərini kişimərkəzli sayır, onlardan uzaq dururlar. Onlar göstərirlər ki, hər hansı anlayışı verəndə kişilər özlərini nəzərdə tuturlar, kişiləri müdafiə edirlər, qadınları yox, buna görə də cinslərarası fərqi nəzərə almırlar, hüququn ən geniş yayılmış konsepsiyaları isə kişilərin hökmünü əbədiləşdirirlər. Kişinin hakim olduğu hüququn bu sistemi qadınları qula çevirir. Kişilər sosial, iqtisadi və siyasi hakimiyyətin çox hissəsinə sahib olub, bu üstünlükdən qadınları ictimai və siyasi həyatda, iqtisadiyyatda və ailədə özlərinə tabe etmək üçün istifadə edirlər.
Eyni bərabərlik ideyasına söykənən bu baxışlar müasir dünyada, xüsusilə də Qərbi Avropada və ABŞ-da yayılmış multimədəni cəmiyyətin konsepsiyasını təşkil edir. Bu prosesin bir qolu da - Gender dialoqudur. Daha dəqiq desək, ənənəvi cəmiyyətlərdə əsasən androkratiya, yəni kişinin tam hakimiyyəti, müasirlikdə isə gender - kişi və qadınların cəmiyyətdə balanslı rollarının əsas xarakteristikası diqqət çəkir. Multikulturalizm siyasətində, onun liberal tərəfinin də interpretasiyasına nəzər yetirilməsi aktuallaşır. Əsasən bu fenomendən bəhs edərkən qadın məsələsinə də xüsusi diqqət yönəldilməsi vacib şərtdir. Qadının tarixin müxtəlif inkişaf mərhələsində sosial statusunda baş verən dəyişilmələrdə mədəni identiklik problemi özünü siyasi-sosioloji aspektdə daha çox göstərir. Bu reallıq etnik azlıqlar və onların əsasən kişi səsinin üstün olduğu, milli mentalitetin qorunduğu cəmiyyətlərdə öz ənənəvi adətlərini də qoruması yollarının öyrənilməsinə zəruri ehtiyac yaradır.
Həqiqətən də, bir tərəfdən müasir cəmiyyətlərdə sosial müxtəlifliyə qarşı kompromis tolerantlıq siyasəti dəstəkləndiyi halda, digər tərəfdən haqların kişilər və qadınlar arasında qeyri-bərabər paylanması prinsipinin yerinə yetirilməsi və daha da önəmlisi, bəzi ekspertlərin iddia etdiyi kimi, "bu iki konsepsiyanın balanslaşdırılmış istifadəsi mümkündürmü?" və digər sualların cavabını tapmaq mühümdir. Feminizm və multikulturalizm qrupun hüquqları haqqında bərabərlik baxımından bir-birinə yaxın anlayışlardır. Feminizm cinslər arasında bərabərsizliyin bütün növlərinə qarşı çıxır, əsasən də dekompozisiyanın istismarına və təzyiqinə. Multikulturalizm isə dominant mədəniyyətlərdən kənarda olan mədəniyyətlərin tanınmasıdır, həmçinin, birgəyaşayışı, xarakteri, fərdi və milli kimliyi müəyyən edir. XX əsrin əvvəllərindən bəri multikulturalizm və feminizm haqqında diskussiyalar həm akademik, həm də siyasi arenada özünü göstərməyə başlayıb.
Beləliklə, feminizm tərəfdarlarına görə ədalət, hakimiyyət, öhdəliklər və digər nəzəriyyələrdə haqsız təcrübə əks olunur, bu səbəbdən də onların hamısına bəşəriyyətin əks tərəfi olan qadınların həyat təcrübəsi nəzərə alınaraq yenidən baxılmalıdır. Əsrlər keçdikcə, qadınlar öz hüquqsuzluğunu dərk edib buna qarşı mübarizəyə qalxaraq, qadınlara kölə kimi baxılmasına son qoydu, onlar müəyyən yerlərdə və şəraitdə ictimai işlərdə kişilərlə bir yerdə çalışmaq, siyasətdə təmsil olunmaq kimi məsələlərdə uğur qazandılar. Yalnız qəbul etməliyik ki, bu, hər yerdə özünü doğrultmadı və hazırda bir çox yerlərdə hələ də qadına kölə kimi baxılır, cəmiyyətdən təcrid olunur, qızların təhsilə cəlb olunmasına çox da əhəmiyyət verilmir və ən əsası bununla bağlı ciddi tədbirlər görülmür. Amma qadınların bu dövrə qədər gördükləri tədbirlər nə qədər əhəmiyyətli olsa da, məncə, qəbul etmək lazımdır ki, kişilərlə tam olaraq eyni hüquqlara malik olmaq qeyri-mümkündür. Çünki elə məsələlər var ki, qadınlar bunu etmək gücündə deyil, həmçinin, eləsi də var ki, kişilər onların qarşısında acizdirlər.
Deməli, qadın və kişi hüquqları bir-birini ədalətli şəkildə tarazlaşdırmalıdır. Bu baxımdan multikultural cəmiyyətdə dilindən və cinsindən asılı olmadan, hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək kimi bərabər hüquqlara malikdir. Əsasını azadlıq, bərabərlik, birlik kimi dəyərlərin üstünlük təşkil etdiyi multikultural cəmiyyətdə sosial ədalətsizliyi aradan qaldırmaqla yanaşı, həm də çoxmədəniyyətliyin təmin edilməsi, insanların öz milli dəyərlərini qoruması, bərabər yaşamağı və digərlərinin milli dəyərlərinə hörmətlə yanaşmasına nail olmaq mümkündür.
Bu gün multikultural ölkə olaraq tanınan Azərbaycanda gender bərabərliyi də, dövlət tərəfindən ciddi şəkildə təmin olunur və xüsusən qeyd edilməlidir ki, Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara və azadlıqlara malikdirlər. Həmçinin, ölkəmiz 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" konvensiyanı ratifikasiya edib. Nəticə olaraq bu prosesi daha da sürətləndirmək, daha da optimallaşdırmaq üçün bir sıra qanunlar qəbul edilib, tədbirlər planı həyata keçirilir və keçirilməkdədir. Bugün dünyada sülhün və ədalətin, sabitliyin təmin olunması üçün bərabər hüquqların təmin edilməsi, ayrı-seçkiliyin qadağan olunması mühüm prinsiplərdən biridir.