Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dövlət müstəqilliyinin bərpasının 25 illiyi qeyd edilib
Oktyabrın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Öncə BBMM-in foyesində “İstiqlal-25 “ mövzusunda fotosərgiyə baxış keçirilib.
BBMM-in icraçı direktoru Azad Məmmədov tədbiri açaraq qonaqları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edib. İcraçı direktor 1991-ci ildə yaranan tarixi şərait nəticəsində Azərbaycan parlamentinin oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdiyini qeyd edib: “ Həmin dövrdə ölkədə mürəkkəb proseslər cərəyan edirdi, Azərbaycan vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə dayanmışdı. Azərbaycan xalqının təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən qurtuldu, vətəndaş müharibəsinə yol verilmədi. Hazırda Ulu Öndərin siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə daha da möhkəmlənir, dövlətçiliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır və inkişaf etdirilir”.
Azad Məmmədov BBMM-in fəaliyyəti haqqında qonaqlara məlumat verərək qurumun dünyada Azərbaycanın tolerantlıq ənənələri və multikultural dəyərlərinin təbliği və təşviqi ilə məşğul olduğunu, müstəqil Azərbaycanın tərəqqisi və rifahı naminə Mərkəzin həyata keçirdiyi layihələrdən söz açıb.
Azərbaycan Rus İcması sədrinin müavini Yuri Zenin Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edib, rus icmasının salamlarını və xoş arzularını çatdırıb. Yuri Zenin ötən 25 il ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini qeyd edərək bildirib ki, Azərbaycanın demək olar bütün şəhər və rayonlarında məskunlaşan rus icmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə özünəməxsus yeri var: “Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən, pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər”.
Qafqaz Müsəlmanları İdarəsinin Mərkəzi Aparatının rəhbəri Simran Həsənov Şeyxülislam Allahşükür Paşazadənin salamını və təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Aparat rəhbəri Azərbaycanın istiqlalında müsəlman icmasının rolundan danışıb. S. Həsənov bildirib ki, dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyevin əhatəli çıxışında Azərbaycanın istiqlalının istimai-siyasi palitrası, mərhələli qanunauyğunluqları, keçdiyi şərəfli yol öz əksini parlaq şəkildə tapıb.
Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev bayram münasibətilə bağlı təbrikini səsləndirib, icma rəhbəri Azərbaycanda yəhudilərin və digər çoxsaylı xalqların nümayəndələrinin əsrlərdir bir yerdə əmin-amanlıq şəraitində yaşadığını təqdir edib.
Tədbirdə iştirak edən Azərbaycanda fəaliyyət göstərən etnik və dini icmaların rəhbərləri - Talış Mədəniyyət Mərkəzindən İmamverdi Həmidov , “Ronahi” Kürd Mədəniyyət Mərkəzindən Fəxrəddin Paşayev, Avar Azərbaycan İctimai Birliyindən Məhəmməd Nooyev, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyindən İbrahim Məmmədov, “Yaşlek” Azərbaycan- Tatar Gəncləri Mərkəzindən Diyaz Əhmədcanov , İngiloy İcmasından Sevinc Bulacova, Taras Şevçenko adına Azərbaycandakı Ukrayna İcmasından Aleksandr Zareçniy, Yevangelik Lüteranların Bakı Dini İcmasından Rita Paşayeva, Azərbaycan Respublikasında Katolok kilsənin Apostol Prefekturası dini qurumunun keşişi Vladimir Baxa , Bakı şəhər Bəhai dini icmasından Ramazan Əsgərli və Şəhla Əhmədova, “Azəri”Tat Mədəniyyət Mərkəzindən Elman Əhmədov çıxışlarında müstəqil Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu vurğulayıblar.
Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dövlət müstəqilliyinin bərpasının 25 illiyi qeyd edilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.