Müqəddəs Məryəm Katolik Kilsəsində görüş
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov mayın 3-də Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olub. Daha sonra Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi, yepiskop Vladimir Fekete ilə görüş keçirilib.
Görüşdə əməkdaşlıq məsələləri və onun inkişaf perspektivləri ətraflı müzakirələr aparılıb.
Söhbət zamanı, həmçinin yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan yüksək məmnunluğunu ifadə edib.
Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Şöbə müdiri, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik Kilsəsi ilə sıx əməkdaşlığından danışıb.
Yepiskop Vladimir Feketeyə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı təqdim edilib.
Görüşdə millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov da iştirak edib.
Qeyd edək ki, Azərbaycanda Katolik icmalarının inkişaf dövrü orta əsrlərə təsadüf edir. Bu dövrdə Bakıda, Şamaxıda, Gəncədə, Təbrizdə, Naxçıvanda və başqa şəhərlərdə Roma-katolik kilsəsinin mənsubları məskunlaşaraq monastır, kilsə və tədris ocaqları yaradıblar. Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonra bütün Katolik icmalar öz fəaliyyətlərini dayandırsalar da, XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədər olan dövr icmanın həyatında əhəmiyyətli mərhələ kimi səciyyələnir. Çünki bu dövrdə Azərbaycanda Katolik xristianlığına və digər qərb kilsələrinə mənsub əcnəbilərin artımı baş verib. Bunun səbəbi “neft bumu”, Polşa üsyanı iştirakçılarının və Rusiya imperiyasının bütün bölgələrindən olan katoliklərin Qafqaza sürgünü ilə əlaqədardır.
XIX əsrin 80-ci illərində Bakıda katoliklərin sayı min nəfəri ötmüşdü. Bakı prixodu da elə bu dövrdə müstəqilləşib. Sonralar isə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə (1895-ci ildə) tikilməyə başlayıb və onun fəaliyyəti 1900-cu ildə Çar fərmanı ilə təsdiqlənib. Bundan başqa, Bakı qəbiristanında 1903-cü ildə Müqəddəs Xaç kilsəsi, 1912-ci ildə isə qotik üslublu Müqəddəs Məryəmin Bakirə Hamiləliyi katolik məbədi tikilib.
Sovetlər İttifaqı dağılandan və Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən əldə olunduqdan sonra ölkəmizdə katolisizmin dirçəlməsinə şərait yaranıb. Xüsusən ümummilli lider Heydər Əliyevin yerli Katolik icmanın inkişafında oynadığı mühüm rol danılmazdır. Onun yerli Katolik dindarlarına qayğı göstərməsi respublikamızda Katolik icmanın inkişafına rəvac verib.
Günümüzdə bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında qurulan yüksək diplomatik əlaqələr fonunda Katolik icmanın hərtərəfli dövlət dəstəyi ilə əhatə olunması bunu deməyə əsas verir.
Qeyd edək ki, ilk dəfə Katolik icması 31 yanvar 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən dövlət qeydiyyatından keçib. Elə həmin ilin may ayında ölkəmizdəki katoliklərin tarixində ən yaddaqalan hadisə baş verir. Belə ki, ulu öndər Heydər Əliyevin dəvəti ilə Roma Papası II İoann Pavel ölkəmizə rəsmi səfərə gəlir. Pontifikin səfəri Azərbaycandakı katoliklərin taleyində yeni səhifə açır. Hava limanında ümummilli lider Heydər Əliyev tərəfindən qarşılanan Katolik Kilsəsinin başçısı çoxsaylı mərasim və görüşlərdən sonra Əl Oyunları Sarayında messa keçirir.
Roma Papasının səfəri zamanı yerli katoliklər üçün başqa bir mühüm hadisə baş verir. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Katolik məbədin tikilməsi üçün Xətai rayonu ərazisində torpaq sahəsi ayrılır. Nəticədə 2007-ci ilin fevral ayında Bakının mərkəzində Katolik kilsəsi ucaldılır. 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik icma arasında əməkdaşlıq Memorandumu imzalanır. Sənədə əsasən, tərəflər müəyyənləşdirilən sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımın göstərilməsi, Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsini qarşılarına məqsəd qoyurlar. Bu Memorandum çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Ruhun həvarilərə nazil olmasını təsvir edən klassik vitraj və Müqəddəs Rozariyanın dualarındakı sirlərdən bəhs edən keramik pano “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsinə hədiyyə olunub.
Fondla Müqəddəs Taxt-Tac arasında günü-gündən inkişaf edən əlaqələr fonunda mühüm mədəni layihələr həyata keçirilir. 2014-cü ildə iyunun 3-də Fond tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki Saziş imzalanır. 2014-cü il iyunun 2-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Jan Lui Bruqes “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması”na dair yeni müqavilə bağlayırlar. Habelə Vatikan dövləti ilə 2012-ci ildə imzalanan ikitərəfli Sazişə əsasən, Fondun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının 2016-cı il fevralın 23-də açılışı olub.
Azərbaycanla Vatikan arasındakı əlaqələrin yüksək olduğunu göstərən nümunələrdən biri də Roma Papası Fransiskin 2016-cı ilin oktyabr ayının 2-də ölkəmizə rəsmi səfər etməsidir. Bu tarixi səfər çərçivəsində Papa Fransisk ilk öncə Bakıdakı Katolik kilsəsində messa ayinini icra edib, Katolik icmasının üzvləri ilə görüşüb.
Daha sonra Papa Fransiskin rəsmi qarşılanma mərasimi olub. Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, eləcə də ailə üzvlərinin Roma Papası Fransisk ilə görüşü keçirilib.
Papa, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər. Burada Papa Fransisk Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri ilə də görüşüb, Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Eyni zamanda, səfər çərçivəsində Roma Papası Fransisk Heydər Məscidində olmuş, burada ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb. Onu Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılayıb, Heydər Məscidi barədə Papaya geniş məlumat verib.
Qeyd olunan faktlar belə deməyə əsas verir ki, respublikamızda Katolik icma və onun mərkəzi olan Müqəddəs Taxt-Tacla əlaqələr bəsit dövlət-din münasibətləri formatında qurulmur. Bunu adi hal saymaq olmaz. Düzdü, katoliklərin ölkəmizdəki sayı o qədər də çox deyil. Hətta onlar say etibarilə başqa xristianlardan geri qalırlar. Lakin tarixi faktlar onu göstərir ki, Azərbaycandakı xristian konfessiyaları arasında katolisizm qədimliyinə görə Alban Kilsəsindən sonra gəlir. Sadəcə, tarixin axarı və gedişatı bu ənənənin hər dəfə qopmasına səbəb olub.
Apostol Prefekturası respublikamızda mövcud olan müxtəlif dini qurumlarla, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Alban-Udi Xristian dini icması, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə əməkdaşlıq etməyə və dostluq münasibətləri saxlamağa çalışır. Dövlət səviyyəli tədbirlərə və təntənəli dini bayram mərasimlərinə prefekturanın rəhbərinin dəvət olunması artıq bir ənənə halını alıb.
Запись Müqəddəs Məryəm Katolik Kilsəsində görüş впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.