Dövlət müşaviri Kamal Abdulla: “Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır”

 

DSC_0569 (1)

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla Misir Ərəb Respublikasının məşhur “Əl-Əxbar” media holdinqinin  geniş oxucu kütləsinə malik “Əxbar-əl ədəb” (“Ədəbiyyat xəbərləri” ) qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifniyə müsahibə verib.

-Cənab Kamal Abdulla, Azərbaycanda həyata keçirilən  multikulturalizm siyasəti haqqında öyrənmək istərdim.

-Azərbaycan Prezidenti cənab İlham Əliyevin  məqsədyönlü fəaliyyəti  nəticəsində  multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldı. Prezidentin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edildi.  Bu o deməkdir ki, Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələri multikulturalizm istiqamətində müəyyən fəaliyyət göstərir, fikirlərini söyləyir,  Azərbaycan multikulturalizmini, yəni Azərbaycan insanının canına, qanına xas olan dəyərləri dünyaya çatdırmaq istəyirlər.

İki il bundan əvvəl Prezidentin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının millətlərarası, dini və multikulturalizm məsələləri üzrə Dövlət müşaviri xidməti,  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Həm dini və etnik məsələlər, həm multikulturalizm bir –biri ilə sıx əlaqəlidir. Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır, müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Əsrlər boyu bunlar bir- birinə xoş qardaşlıq münasibətləri sərgiləyiblər. İslam dini heç zaman başqa dinlərin nümayəndələrinə yuxarıdan aşağı baxmayıb. Biz müsəlman olmuşuq, amma Azərbaycanda yaşayan xristianlara, yəhudilərə səmavi dinlərin nümayəndəsi kimi həmişə müsbət münasibət bəsləmişik.  Bütün bu insanlar arasında olan münasibət, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinə münasibət əsrlərdən bəri Azərbaycan yazıçılarının və şairlərinin əsərlərində öz təsvirini tapıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  bu yaxınlarda Azərbaycan və rus dilində nəşr etdiyi  “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında  X-XI əsrlərdən bəri  Azərbaycan ədəbiyyatının böyük söz ustadları başqa dinlərin və digər millətlərin nümayəndələrinə öz gözəl hisslərini və arzularını bildirirlər. Bizim yazıçılarımızı, şairlərimizin əsərlərində İsa peyğəmbərə,Musa peyğəmbərə, Süleyman peyğəmbərə, Məryam Anaya,  eləcə də başqa dinin nümayəndələrinə son dərəcə yüksək tolerant münasibət bəslənilir. Onların həm adları, həm də gördüyü işlər təbliğ olunur. Bütün bu münasibət Azərbaycan cəmiyyətində bu günə qədər yaşayır. Bu, bir azərbaycanlı dünyagörüşünin, psixologiyasının və əxlaqının təzahürüdir. Nəhayət,  Azərbaycanda əsrlərdir mövcud olan belə bir multikulturalizm dağ çayını Ulu Öndərimiz Heydər Əliyev siyasi bir məcraya saldı. Azərbaycan Konstitusiyasında, Ulu Öndərin verdiyi sərəncamlarda, fərmanlarda Azərbaycanda yaşayan müxtəlif xalqların dilinin, mədəniyyətinin, tarixinin öyrənilməsinin və inkişaf etdirilməsinin siyasi cəhətdən təsbiti öz əksini tapdı. Ulu Öndər məşhur bir sitatında  vurğulayır: “Azərbaycanda yaşayan xalqların  gücü bütünlükdə Azərbaycanın gücüdür”. Ulu Öndər Prezidentliyi dövründə bu xalqların dillərinin, mədəniyyətlərinin inkişafı üçün çox işlər həyata keçirib. Bu siyasi xətti öz fəaliyyətində əsas götürən cənab Prezident İlham Əliyev o ənənələri davam etdirməyi qarşısına məqsəd qoyub; Azərbaycan multikulturalizminin gözəl ənənələrini dünyaya təqdim etmənin yollarını göstərir, eyni zamanda dünyadakı multikultural proseslərdən Azərbaycanda istifadə olunmasının şərtlərini önə sürür.

Bu gün Azərbaycanda müsəlmanlarla yanaşı xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal tolerant münasibətlə yanaşı yaşamaqdadırlar. Azərbaycanda multikultural mühit hətta elə bir inkişaf səviyyəsinə çatıb ki, buradaki məzhəblərin nümayəndələri də bir –biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər. Məsələn, dünyanın ən böyük və ən gözəl məscidlərindən biri olan Heydər məscidində bu gün Azərbaycan sünniləri və Azərbaycan şiələri bir cərgədə namaz qılırlar. Müxtəlif dinlərə məxsus insanların bir -birinə belə mehriban münasibətini görəndə bəzən Avropadan gələn xaricilər təəcüblənirlər. Onlar bizə tez- tez sual verirlər: “Necə olur sizdə belə bir əhval-ruhiyyə mövcuddur, hadisələr bu cür inkişaf edir, bu durum yaranır?” Biz də öz növbəmizdə təəccüblənirik, “başqa cür necə ola bilər ki ?”

Biz əsrlər boyu həmin o xristianlarla, yəhudilərlə bir yerdə yaşayıb bir yerdə formalaşmışıq. Mənəviyyatımız, mədəniyyətimiz bir regionun daxilində, bir vətənin içindədir: əsrlər ərzində biz Azərbaycanlılaşmışıq.

Bu gün Azərbaycanı gəzsəniz, adı “Ərəb” olan bir neçə kənd görərsiniz. Onlar bəlkə də nə vaxtsa ərəb olublar. Amma bu gün onlar azərbaycanlıdırlar. Eyni şəkildə bu gün Azərbaycanda yaşayan ruslar da, gürcülər də, ləzgilər də, talışlar da, yəhudilər də və başqa xalqların nümayəndələri də bu gün azərbaycanlıdırlar. Biz dünyaya bu gün bu multikulturalizm modelini, bu Azərbaycanı təqdim etməyə çalışırıq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılandan bəri çox böyük layihə həyata keçirir. Bu layihəyə əsasən, hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris edilir. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış ola bilirlər. Bu o deməkdir ki, onlar burada Azərbaycan tarixini, ədəbiyyatını, psixologiyasını, mədəniyyətini, mənəviyyatını və ictimai-siyasi durumunu öyrənirlər. Və bu fənni öyrənə- öyrənə onların Azərbaycana olan məhəbbəti artır. Azərbaycanın multikultural dəyərlərini dərindən mənimsəyən və sevən Almaniya, Portuqaliya, İsveçrə, Litva, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Yunanıstan, İndoneziya, Bolqarıstan, Çexiya və Polşa universitetlərindən olan gənclər keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini yaradıblar.

Biz Misir səfirliyinin mədəniyyət attaşesiylə danışıqlar zamanı qərara gəlmişik ki, yaxın gələcəkdə Misir Ərəb Respublikasında da Azərbaycan multikulturalizmi fənni tədris edilməyə başlasın. Bu addımın  hər iki ölkə üçün faydalı olacağını düşünürəm.  Yəni, biz Azərbaycanı həmin ölkədə təbliğ etməklə yanaşı eyni zamanda həmin ölkəni də Azərbaycanda təbliğ etmiş oluruq.

-Sizin fikirlərinizə istinad olaraq bilmək istərdim- cəmiyyətin, xalqın multikulutral olması üçün hansı şərtlər vacibdir?

- Bu gün müxtəlif təhlükəsizlik doktrinaları mövcuddur:  Qida təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik. Düşünürəm ki, bunlarla yanaşı multikultural təhlükəsizlik anlayışı da var. Bugünkü dünyada bütün ölkələrin öz multikultural təhlükəsizliyini təmin etməsi gərəkdir. Bu o deməkdir ki, ölkə daxilində müxtəlif konfessiyaların, müxtəlif dinlərin məzhəbləri, fərqli millətlərin nümayəndələri qardaş kimi mehriban yaşaması təmin olunmalıdır. Buna nail olmaq üçün ölkə rəhbərinin siyasi iradəsi lazımdır. Azərbaycanda bu belə həll olunur. Azərbaycanın siyasi rəhbəri  cənab Prezident İlham Əliyev müxtəlif konfessiyalara və müxtəlif xalqların nümayəndələrinə bərabər  münasibət bəsləyir. Bu, özünü onlara olan mənəvi və maddi münasibətdə özünü göstərir. Prezident  dini və etnik icmaların heç birini o birindən üstün və ya aşağı tutmur, burdan isə onların bir- biri ilə mehribançılığı ortaya çıxır.

Faktiki olaraq bu gün Avopada multikulturalizm siyasətiylə bağlı iki qütb formalaşıb. İki qütbün birində Qərbi Avropanın aparıcı ölkələri – Fransa, Almaniya, İngiltərə qərar tutub. Onlar multikulturalizmin öz ölkələrində iflas etməsini önə çəkirlər. Onların fikrinə görə, multikulturalizm bu ölkələrdə heç cür inkişaf edə bilməz; çünki o ölkələrə gələn miqrantlar, o ölkələrin dinini, mədəniyyətini qəbul edib assimilyasiya ola bilmirlər. “Bədbin qütb” adlandırdığımız bu qütbün siyasi ifadəsini İngiltərənin keçmiş baş naziri Devid Kemeron ifadə edib. 2011-ci il Münhen Təhlükəsizlik Şurasının iclasında o öz çıxışını hətta  “Mənim multikulturalizmə qarşı müharibəm” adlandırmışdı.

Digər qütbü “nikbin qütb” adlandırmaq olar. Mən bu qütbdə Azərbaycanı və Azərbaycan Prezidentinin  multikulturalizmin bu gününə və gələcəyinə nikbin münasibətini görürəm.  Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır. Azərbaycan cəmiyyətində nə üçün multikultural bir əhvalın hökm sürməsinin bir başqa cavabı da var. Multikulturalizm əslində müxtəlifliklərin birliyi deməkdir. Azərbaycan kimi ölkələrdə multikulturalizm müxtəlifliklərin birliyi kimi ilkin mahiyyət daşıyır, yəni burada ilkin müxtəliflik özünü göstərir. Ən qədim zamanlarda müxtəlif xalqlar, fərqli din daşıyıcıları bir -birinin yanında yaşayıb formalaşıblar. Nə anlaşılmazlıqlar olubsa, tarixin uzaq dövrlərində qalıb. Bu gün bu müxtəlifliklər Azərbaycan adlı  birliyin içindədilər. Onlar bir -birinin mədəniyyətinə, bir- birlərinin fərqlənən xüsusiyyətlərinə hörmət və ehtiramla yanaşa bilirlər. Avropa ölkələrində isə belə deyil. Orada multikulturalizmin iflasa uğramasının obyektiv səbəbləri də var. Bu ondan ibarətdir ki, orada həmin müxtəliflik sonrakı müxtəliflikdir. Avropa ölkələrinə gələn başqa dinin,başqa millətin nümayəndələri artıq özünü təsbit  etmiş , ozünə inamlı mədəniyyətləri gətirirdilər və yerli mədəniyyətlə gəlmə mədəniyyət arasında qarşıdurma, ziddiyyət baş verirdi. Görünür, belə ölkələrdə siyasi müdaxilə daha kəskin və daha məqsədəuyğun qurulmalıdır .

Müxtəlifliyin ilkin olduğu ölkələrdə multikulturalizmin təntənəsini görə bilirik. Bunun baş verməsi üçün sadəcə siyasi iradə və siyasi dəstək lazımdır. Bu siyasi dəstək də xalqın, cəmiyyətin daxili ruhuna uyğun olanda multikultural  əhval hökm sürür.

- Azərbaycanda 2016-ci ili Prezident İlham Əliyev “Multikulturalizm ili” elan eləyib. Bu il çərçivəsində Azərbaycanda və Azərbaycandan kənarda hansı layihələr həyata keçirilir?

-Bununla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı Milli Elmlər Akademiyasının, Azərbaycan universitetlərin, müxtəlif nazirliklərin və təşkilatların həyata keçirdiyi Tədbirlər planı var. Həmin qurumların  hər birinin irəli sürdüyü  təkliflər bütövlikdə cənab Prezident tərəfindən təsdiqlənmiş ümumi bir Tədbirlər Planına çevrildi. Bu Tədbirlər Planına əsasən adıçəkilən qurumlarda müxtəlif konfranslar keçirildi. Eyni zamanda müxtəlif universitetlərdə, elmi, dini məclislərdə Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı tədbirlər oldu. Azərbaycanda fəaliyət göstərən dini konfesiyaların rəhbərləri Almaniyada, İngiltərədə, İspaniyada,İsveçdə və başqa ölkələrdə həmin ölkələrin din xadimləri ilə görüşlər təşkil etdilər, çox böyük və faydalı müzakirələr keçirildi, islamla xristianlıq, islamla yəhudilik arasında olan məsələlər müzakirəyə gəldi,ölkələrarası münasibətlər nəzərdən keçirildi, Azərbaycan multikulturalizminin bu elçilərini xarici ölkələrdə in ən yüksək səviyyədə qəbul etdilər.

O elçilərin sırasında Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin adını çəkə bilərəm.  Şeyxülislamla birgə Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian icmasının sədri Robert Mobili və başqa konfessiya nümayəndələri bir yerdə bir çox xarici ölkələrdə Azərbaycan həqiqətlərini dilə gətirdilər.

Əslində, biz  Azərbaycan multikulturalizmi çərçivəsində öz həqiqətlərimizi bir daha dünyaya çatdırmaq imkanı əldə etmişik. Siz bilirsiniz ki, bizim Dağlıq Qarabağ problemi kimi böyük bir problemimiz var. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən Sovet imperiyası zamanı işğal olunub. Bütün dünyanın sülh sevən ölkələri Ermənistanı bu işğala son qoymağa çağırır, amma Ermənistan rəhbərliyi hətta öz xalqının belə düşməninə çevrilərək bu işğalçı siyasətini davam etdirir. Sizə bir fakt deyim: Bakının mərkəzində gözəl bir bina var-erməni kilsəsidir, bu gün kitabxana kimi fəaliyyət göstərir. Amma Dağlıq Qarabağda bu gün Azərbaycan müsəlman məscidləri, mədəni, mənəvi abidələr hamısı darmadağın edilib.

Xaricdə həyata keçirdiyimiz layihələrə gəlincə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya, Bolqarıstan və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.  Bununla biz öz işimizi bitmiş saymırıq. Başqa layihələr də var və bu çərçivədə xarici ölkələrdə və Azərbaycanda ən uzaq kəndlərdə belə müxtəlif konfranslar, dəyirmi masalar keçirilir və keçiriləcək.  Əslində multikulturalizmi təbliğ etməklə xalq və cəmiyyət bir daha öz keçmişinə dönür və öz gələcəyini daha aydın şəkildə görür. Görülən işlər çoxdur. Mən ancaq kiçik bir hissəsini diqqətinizə çatdırdım.

-Bildiyimə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Kitabi-Dədə Qorqud”dan  “Basatın Təpəgözü öldürdüyü”  boyu 25 dildə nəşr etdirib. Bunu da  Azərbaycan multikulturalizminin bir hissəsi hesab edə biləikmi?

-  “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri, mifologiyası üzərində yaranmış xalq dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycanın ən qədim dövründən təxminən X  əsrə qədərki tarixini özündə əks etdirən mənəvi bir xəzinədir. Ona görə də “Kitabi-Dədə Qorqud” dastanından bir boyun 25 dildə çap olunmasının öz mənası var. Azərbaycan Prezidenti bir il bundan əvvəl  “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı.  Düz 200 il bunan əvvəl 1815-ci ildə Alman alimi Fridrix Henrix Fon Dits “Kitabi-Dədə Qorqud” dastanlarının əlyazmasını nəşr etdi və “Basatın Təpəgözü öldürdüyü” boyu alman dilinə tərcümə etdi.  Onun vasitəsilə dünya “Kitabi –Dədə Qorqud”la tanış oldu. Multikulturalizm Mərkəzi tərəfindən həmin boy və alman alimin yazdığı müqəddimə Azərbaycan, ingilis, alman, rus, türk, macar, italyan, fransız, yunan, çin, krayna, fars, hind, gürcü, erməni, yapon, ivrit, talış, ləzgi, kürd, udin, tat, avar, xınalıq, o cümlədən gözəl və möhtəşəm ərəb dilinə tərcümə edilərək ayrıca kitabçalar şəklində nəfis tərtibatla çap edildi.  Bu layihənin icrası ilə  Azərbaycanın multikultural dəyərləri bir daha dünyaya təqdim edildi.

-Son sualımın istiqaməti bir az başqadır. Necə oldu ki, siz “Yarımçıq əlyazma”da bütün dünyanın diqqətini çəkəcək şəkildə tarixi və ədəbiyyatı möhtəşəm bir şəkildə əlaqələndirdiniz?

- Onu Allah bilir, Allah güc verdi bacardım. İndi hərdən romanı vərəqləyəndə öz-özümə deyirəm : “Mən bunu necə oldu yazdım?” Bilmirəm.  Ona görə də Allah bilməyənləri bilənlərin qəzəbindən qorusun. Amma orası da var ki, “Yarımçıq əlyazma” mənim  həm elmi, həm də bədii araşdırmalarımın fokusuna çevrildi. Azərbaycan mənəviyyatının iki aparıcı təmayülünün birləşdiyi bədii məkan oldu: daha dərindən Qorqudçuluq mədəniyyəti və onun üstünə gələn Səfəvilik mədəniyyəti bu romanda bir-birinin yanındadılar. Hər birinin dünya mədəni xəzinəsinə qatqısı şübhəsizdir. Başqa mədəniyyətlərin də bu müstəvidə öz görüntüsü vardır, bəzən bu görüntü gizlinə, əndəruna çəkilir. Məncə, siz dediyiniz kimi romana qarşı maraq və diqqət bolluğu məhz başqa məkanlarda yaşayanların həm uzaq Oğuz elinə, həm də öz-özlərinə daha dərindən baxmaq, bələd olmaq ehtirasından yarandı.

-Bildiyimə görə, Azərbaycanda çox az sayda akademik dərəcəsinə nail olmuş şəxsiyyət var. Siz də bunlardan birisiniz. Bu dərəcəyə nail olmaq çox çətin oldumu?  

-Universitetin filologiya fakültəsini bitirmişəm, sonar magistr, elmlər namizədi, aspirantura, elmlər doktoru…

Dilçi türkoloq kimi namizədlik dissertasiyam “Kitabi-Dədə Qorqud”un dilindən idi.  Doktorluq dissertasiyam Azərbaycan dilinin sintaksisi ilə bağlı olub. Bu da mənə imkan verib ki,  öz dilimin sintaksisini və üslubi xüsüsiyyətlərini cilalaya bilim. Ondan əvvəl və sonra bədii əsərlərim  işıq üzü görüb.  “Gizli Dədə Qorqud” adlı monoqrafiyam çap olunub. İndi də “Kitabi-Dədə Qorqud”un poetikası üzərində işləyirəm.Yəni, “Dədə Qorqud” sanki işıq saçan bir nur dağıdır. Bütün gördüyüm işlər bir -biriylə əlaqəlidir. Bütün bunlardan sonra təbii ki, yazdıqlarıma qiymət verən insanlara minnətdar olmalıyam. Mənə qiymət verən insanlar Azərbaycanın  dəyərli alimləri, dəyərli  şəxsiyyətləri və dəyərli  vətəndaşlarıdır.

 

Запись Dövlət müşaviri Kamal Abdulla: “Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.