Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı təqdimat mərasimi keçirilib

 

Tədbirdə “Bakı Prosesi”nə həsr olunan filmə baxıldıqdan sonra Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun katibi Vasif Eyvazzadə “Bakı Prosesi”nin tarixi, siyasi əhəmiyyəti və bu beynəlxalq təşəbbüs çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verib.

Qeyd edilib ki, 2008-2009-cu illərdə Avropa və İslam dünyası arasında mədəniyyətlərarası dialoq sahəsində müstəsna yer tutan bu regional təşəbbüs 2010-cu ildə ölkə başçısının BMT-nin Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təklif etməsi ilə qlobal layihə və hərəkata çevrilib.

Təqdimatda vurğulanıb ki, “Bakı Prosesi” inklüziv cəmiyyətin qurulması, onun davamlı inkişafına nail olmaq üçün dinlər, mədəniyyətlər və müxtəlif xalqlar arasında dialoq və əməkdaşlığı təşviq edən yeganə qlobal əhəmiyyətli platformadır və bu platformanı fərqləndirən əsas xüsusiyyət onun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO kimi tərəfdaşlarının olmasıdır. Məhz bu səbəbdən BMT Baş Assambleyası özünün “Dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh naminə əməkdaşlığın təşviqi” adlı qərarında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edərək onu mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma adlandıraraq BMT-nin Baş katibi Antonio Quterreşin hesabat xarakterli məruzəsini təqdir edib. Həmin hesabatda 2008-ci ildən bəri həyata keçirilən “Bakı Prosesi”nin mədəniyyətlər arasında dialoqu dəstəkləmək üçün göstərilən səylərin ana xəttini təşkil etdiyi xüsusi ilə qeyd olunur.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı Beynəlxalq Humanitar Forumunun “Bakı Prosesi” çərçivəsində iki ildən bir keçirilməsi qərara alınıb. Cari ilin oktyabr ayında keçiriləcək Forumun əsas istiqaməti xüsusilə insan inkişafına yönələcək. Bu o deməkdir ki, “Bakı Prosesi”nin növbəti mərhələdə əsas hədəfi mədəniyyətlərarası dialoqla yanaşı, müxtəlif ölkə və xalqların əldə etdiyi uğur və nailiyyətlərin mübadiləsi, dialoqu olacaq.

Tədbirin sonunda Mədəniyyət Nazirliyinin bu sahədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə fəaliyyət istiqamətləri geniş müzakirə edilib.

 

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı təqdimat mərasimi keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.