“Qadın gülərsə…” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 27 mart
Martın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Qadın gülərsə…” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mövzusu görkəmli şair Hüseyn Cavidin yaradıcılığından götürülən müsabiqə Azərbaycan Yaradıcılıq Fondu (AYF) və Azərbaycan Bəhailəri Dini Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.
Vurğulayıb ki, gender bərabərliyi, dövlət və cəmiyyətin idarə olunmasında qadınların rolunun artırılması, habelə qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. R.Həsənov, həmçinin qadınların cəmiyyətdə, ölkənin ictimai-siyasi həyatında rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən dövlət proqramları barədə danışıb.
Diqqətə çatdırılıb ki, ölkədə bu gün də gender bərabərliyi ilə bağlı mühüm regional və beynəlxalq tədbirlər keçirilməkdədir.
Sonra qaliblər mükafatlandırılıb. Cahanxanım Seyidzadənin “Güclü qadınların məğlubiyyəti…” və Günel Eminlinin “Qadın gülərsə…” məqalələri müvafiq olaraq birinci və ikinci yerə layiq görülüb. Bundan başqa, Xəyalə Zülfiyeva, Zərifə Novruzova və Səadət Xələfovanın sözügedən mövzuda yazdıqları məqalələri müsabiqənin üçüncüsü olub.