IV Beynəlxalq multikulturalizm qış məktəbinə hazırlıq işləri yekunlaşıb
13-20 fevral 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında Bakı şəhəri və Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında IV Beynəlxalq Multikulturalizm qış məktəbi təşkil edəcək. Bununla bağlı bugünlərdə BBMM-də növbəti qış məktəbinə hazırlıq işləri ilə bağlı yekun müzakirə iclası keçirilib.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi Azərbaycanı, ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini dünyada tanıtmaq hədəfini qurumun aparıcı istiqaməti elan edib: “2016-cı il - “Multikulturalizm İli” təqvim ili olaraq başa çatdı. İllər, əsrlər keçcə də Azərbaycan xalqının canındakı, ruhundakı multikultural əhval, başqasına mərhəmət, şəfqət və sevgi hissləri onun əbədi dəyərlər silsiləsinə daxil olan bir həyat tərzi kimi həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq. Cənab Prezidentin sərəncamıyla 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə alaraq bu il Multikulturalizm Mərkəzi növbəti beynəlxalq multikulturalizm məktəbini “İslam həmrəyliyi bizə nə verir?” devizi ilə həyata keçirəcək.
Artıq ənənəyə çevrilən beynəlxalq multikulturalizm qış və yay məktəbləri ölkə rəhbərliyinin önəm verdiyi layihələrdəndir. Bu layihənin gerçəkləşməsinə qədər maraqlı bir yol uzanır: Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi fənnini tədris edəcək mütəxəssislər hazırlamaq üçün intensiv treninqlər keçirir, sonra bu mütəxəssislər həm yerli, həm də xarici universitetlərdə tələbələri Azərbaycan multikulturalizminin özündə ehtiva elədiyi ali dəyərlər sistemi ilə tanış edirlər. Mərkəzin mütəxəssisləri mütəmadi olaraq Azərbaycan multikulturalizmi fənninin keçirildiyi ali təhsil ocaqlarında sözügedən fənnin tədris keyfiyyətini müəyyənləşdirmək məqsədilə monitorinqlər aparırlar. Sonra həmin tələbələrin Azərbaycan multikulturalizmi ilə bağlı öyrəndikləri ilə əyani tanış olmaları üçün beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil olunur. Beynəlxalq multikulturalizm məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilir. III Beynəlxalq multikulturalizm məktəbinin xarici ölkələrdən olan iştirakçılarının təşəbbüsü ilə yaradılan “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu məhz ölkəmizə olan sevginin təzahürüdür. Hazırda Klubun 200-dən artıq üzvü var və onlar dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin müdafiəçiləri kimi çıxış edirlər.
Artıq IV Beynəlxalq Multikulturalizm qış məktəbi ilə bağlı son hazırlıq işləri başa çatdırılıb. İnanırıq ki, Multikulturalizm Mərkəzi IV Beynəlxalq multikulturalizm qış məktəbini də əvvəl olduğu kimi yüksək səviyyədə həyata keçirərək, həm dövlətimizin başçısının müəyyənləşdirdiyi hədəfin gerçəkləşməsinə, həm də “İslam Həmrəyliyi ili”nə layiqli töhfələrini bəxş edəcək”.
Qeyd edək ki, IV Beynəlxalq Multikulturalizm qış məktəbində Azərbaycanla yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edəcəklər. IV Beynəlxalq multikulturalizm məktəbində yerli mütəxəssislər və xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinləniləcək, eləcə də “İslam həmrəyliyi bizə nə verir” mövzusunda geniş video-təqdimat nümayiş etdiriləcək.
Qış məktəbi ərzində iştirakçıların Azərbaycanın multikultural və çoxkonfessiyalı unikal məkanlarına səfərləri, görkəmli dövlət və din xadimləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Запись IV Beynəlxalq multikulturalizm qış məktəbinə hazırlıq işləri yekunlaşıb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.