XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
“Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. İştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb, məzarları üzərinə tər qərənfillər qoyulub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru tələbələrə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsi haqqında məlumat verib. O vurğulayıb ki, həmin ağrılı-acılı günlərdən uzun zaman keçsə də, xalqımız 20 Yanvar faciəsini unutmur. Tarixə çevrilən 20 Yanvar qətliamını qürurla anır, azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizi hər zaman yad edir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırgızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir. Layihə oktyabrın 1-dək davam edəcək. Multikulturalizm Məktəbi Bakı şəhəri ilə yanaşı, Şuşa, Laçın və Ağdam rayonlarında da fəaliyyət göstərəcək. İştirakçılar Şuşa, Laçın və Ağdam şəhərlərinə səfər edəcək, Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar.
XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına həmçinin, Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. Tələbələr “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri”, “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyin Azərbaycan nümunəsi”, “Qafqaz Albaniyası irsi siyasi diskursda”, “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzularında mühazirələr dinləyəcəklər. Mühazirələri Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kunina, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Günel Yusifli, Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin böyük məsləhətçisi Ləman Əliyeva təqdim edəcəklər.
Layihə çərçivəsində BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, BBMM-in icraçı direktoru Rəvan Həsənovla görüşülər də planlaşdırılır.
Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamlar təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı təqdimatlar edəcəklər.
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən, Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan Beynəlxalq Multikulturalizm Məktəbləridir. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə Beynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.