Multikulturalizm Mərkəzinin müşaviri beynəlxalq konfransda məruzə edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman Qazaxıstanda keçirilən “XXI əsrdə Mərkəzi Asiya ölkələrində mədəniyyətlərin qonşuluğu” mövzusunda onlayn beynəlxalq konfransda iştirak edib. O, sülh quruculuğu, qarşılıqlı anlaşma, mədəniyyətlərarası əməkdaşlıq və səmərəli münasibətlərin qurulması məsələlərini müzakirə etmək üçün geniş imkanlar açan konfransda çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Aytən Qəhrəman məruzəsində Azərbaycanda mövcud olan multikultural mühitdən, Azərbaycanın multikulturalizm siyasətindən danışıb.
Qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin, türk dünyasının 5+1 formatında inkişafı və möhkəmlənməsinin vacibliyi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə diqqət çəkən məruzəçi bildirib ki, bu gün Şuşa ruhən türk dünyasının mərkəzi kimi çıxış edir, müzakirələr, mühüm qərarların qəbul olunma yerinə çevrilib. Təqdirəlayiq haldır ki, dost və qardaş Mərkəzi Asiya ölkələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında və dirçəlişində, minaların təmizlənməsi və diqər humanitar məsələlərdə Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını göstərirlər.
Aytən Qəhrəman Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən də bəhs edib. Bildirib ki, Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin əsas prioritetlərindən olan  “Yaşıl Gündəm”, “Yaşıl Gələcək” və digər ekoloji mövzular COP-29 tədbirində öz əksini tapacaq.
Qeyd edək ki, XXI əsrdə Mərkəzi Asiya ölkələrində mədəniyyətlərin qonşuluğu” mövzusunda keçirilən onlayn beynəlxalq konfransın əsas məqsədi dinlərarası və mədəniyyətlərarası dialoq qurulmasında maraqlı tərəflərin regional səylərini birləşdirmək, o cümlədən dinlərarası dialoqun təşviqində Mərkəzi Asiya ölkələrinin səmərəli tərəfdaşlığını artırmaq olub.
Konfransda dinlərarası dialoqun inkişafının aktual məsələləri, mədəni-humanitar dialoq sahəsində çoxtərəfli qarşılıqlı fəaliyyət, tədbirdə iştirak edən ölkələrin regiondaxili əlaqələri müzakirə edilib.

Etiketlər