Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.
Məlumatlandırma sessiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsinin 18 dövlət qurumu ilə birgə təşkil edilməsini innovativ təşəbbüs kimi qiymətləndirib. İcraçı direktor ortaq müsabiqədə elan edilən mövzuların vətəndaş cəmiyyəti üçün aktual olmasını qeyd edib və Mərkəzin də bu layihələrin uğurla həyata keçirilməsində təşkilati dəstək göstərəcəyinini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Elektron xidmətlər və daxili nəzarət bölməsinin əməkdaşı Elnur Bağırlı çıxış edərək, Şuranın həyata keçirdiyi qrant müsabiqələri haqqında məlumat verib. Bildirib ki, Şura bu il üçün QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri üzrə iş həyata keçirir. Bu gün müzakirə edilən qrant müsabiqəsi də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə gerçəkləşdirilir. Müsabiqədə iştirak bu ilin əvvəlindən tətbiq edilən, onlayn olaraq Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcək. Bildirilib ki, bu sistemi yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT–dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.