Misirli gənc: Azərbaycan bütün dinlərə mənsub insanların qardaşcasına yaşadığı bir ölkədir

Azərbaycan bütün dinlərə və məzhəblərə mənsub insanların qardaşcasına yaşadığı bir ölkədir.

Bu fikri “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçısı, misirli gənc Əsma Əhməd Behairi açıqlamasında söyləyib.

Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki Azərbaycan dili kurslarının məzunu olan gənc qız fikirlərini məhz bizim dilimizdə səlis şəkildə ifadə edərək deyib: “Azərbaycana səyahət etmək hər zaman ən böyük arzum olub. Çox şadam ki, Azərbaycan hökuməti tərəfindən təşkil olunmuş tələbə proqramı sayəsində bu qədim ölkənin mədəniyyəti və sivilizasiyası ilə tanış oldum. Bir həftə davam edən səfərimiz Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etməklə başladı. Müqəddəs Vətən torpağının müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsini ehtiramla yad etdik.

Sonra Bakıdan Şəkiyə yollandıq və orada bir sıra qədim tarixi abidələr, o cümlədən Şəki Xan Sarayını ziyarət etmək fürsətini əldə etdik. Biz, həmçinin Qəbələ rayonunda Müqəddəs Məryəm Ana kilsəsində olduq, Alban-udi xristian icması sədri ilə görüş keçirdik. Həqiqətən, biz səfər əsnasında Azərbaycanın necə tolerant bir ölkə olduğunun bir daha şahidi olduq. Müxtəlif dinlərin mənsublarının burada sülh və mehribanlıq şəraitində birgə yaşaması bizdə olduqca dərin bir təəssürat yaratdı. Daha sonra Qəbələnin füsunkar təbiəti ilə yaxından tanış olduq, Tufandağın gözəlliyi bizi valeh etdi. Bu məkanın buludların arasından boylanan zirvələri, saf-təmiz havası bizi məftun etdi. Deyə bilərəm ki, Azərbaycan Allahın yer üzündəki cənnətidir”.

Misirli gənc qızın sözlərinə görə, ləziz təamları olan Azərbaycan mətbəxi ilə tanışlıq müxtəlif ölkələrdən gəlmiş iştirakçılar üçün ən yaddaqalan səfər təəssüratı olub. “Xüsusən, Azərbaycan çayı ilə paxlava və şah plovun dadından doymaq olmurdu. Diqqətimizi cəlb edən daha bir cəhət insanların mehribanlığı və qonaqpərvərliyi idi. Məni çox səmimi qarşıladılar və öz evlərinə dəvət edib ailələri ilə tanış etdilər. Onların bir əcnəbi qonağa qarşı bu qədər mehriban və səmimi davranmaları çox maraqlıdır. Azərbaycanın digər özəl cəhətlərindən biri də şəhər və qəsəbələrin təmizliyi, səliqəsi və əmin-amanlığıdır”, - deyə o əlavə edib.

Bizim universitetlərdə magistr təhsili almaq istədiyini bildirən Əsma qeyd edib ki, ölkəmizi ona sevdirən məhz Azərbaycan dilini öyrənməyidir. Kursların rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirova və dil müəllimi İnarə Osmanovaya təşəkkürünü bildirən misirli gənc, eyni zamanda, XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin təşkilatçısı olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənova da minnətdarlığını ifadə edib.

Etiketlər