“Heydər Əliyev – gənclik- multikulturalizm” mövzusunda konfrans: Azərbaycanın Gənc Dostları Klubunun növbəti ünsiyyət platforması
Xəbər verdiyimiz kimi, mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik- multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib. İdeya yekdil olaraq Klubun üzvləri tərəfindən dəstəklənib, konfransın keçirilməsi ilə bağlı Azərbaycanın Gənc Dostları təklif və arzularını ifadə ediblər, proqramın tərtibi, reallaşması ilə bağlı ortaq qərara gəliblər.
Konfransda iştirak edəcək Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin bəziləri Bakı Beynəlxalq Multikulutralizm Mərkəzinin mətbuat xidmətinə intervülər verərək konfransın əhəmiyyəti, gələcəkdə davamlı əməkdaşlıqlar üçün yaradacağı münbit zəmin və konfransa qatılma məramları ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın Gənc Dostları Klubunun İdarə Heyətinin üzvü, ABŞ-dan olan siyasi analitik Piter Teys ideyanın təşəbbüsçülərindən biri olduğunu xatırladaraq konfrasın əhəmiyyətindən söz açıb: “Azərbaycan özünəməxsus multikulturalizm modeli ilə beynəlxalq arenada tanınan bir ölkədir. Beynəlxalq multikulturalizm yay məktəbində iştirakım zamanı bu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əyani şahidi oldum, burada müxtəlif xalqların və fərqli konfessiya nümayəndələrinin bir arada necə dinc yanaşı yaşadığını öz gözümlə gördüm. Bu konfrans vasitəsilə bir daha dünyaya həmin ali dəyərlərin, multikulturalizm ideyalarının çatdırılmasına nail olacağımıza inanıram. Konfransın Azərbaycan multikulturalizminə yüksək siyasi qiymət verən, Azərbaycanın xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə həsr edilməsi isə xüsusilə əlamətdardır. Bu o deməkdir ki, bu konfrans vasitəsilə Azərbaycanın Gənc Dostları multikultural əhvala köklənərək Azərbaycanın görkəmli liderinin xatirəsinə ehtiramlarını ifadə etmək şansı qazanacaqlar”.
İndoneziyanın Qadcah Mada Universitetinin tələbəsi İmas Xoyrun Nisa Fuciati Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı bir çox layihələrdə böyük həvəslə iştirak etdiyini xatırladaraq bu konfransın təşkilini də yüksək dəyərləndirib: “ İndiyə qədər Azərbaycan multikulturalizmi modeli öz çətirinin altına ABŞ,Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya, Efiopiya kimi ölkələrin gənclərini toplamağı bacarıb. Azərbaycan multikulturalizminin tanış etdiyi bu gənclər indi bir-biriləri ilə sıx ünsiyyət saxlayırlar. Dünyanın dörd bir tərəfində yaşadığımıza baxmayaraq ən azından virtual şəkildə öz dostluqlarımızı davam etdiririk və hər fürsətdə bir arada olmağa çalışırıq. Bu konfrans da Azərbaycanın Gənc Dostlarının yenidən görüşməsi və birgə ideyalarının paylaşılması baxımından çox təqdirəlayiq addımdır. İnanıram ki, bu konfransın gözəl, unudulmaz nəticələri olacaq, biz Azərbaycan multikulturalizminin yaxınlaşdırdığı, dostlaşdırdığı gənclər platforması olaraq bu konfransdan bəhrələnməklə yanaşı, bugün terror, irqi, milli ayrı-seçkilik içərisində qana çalxanan dünyada barışın bərqərar olmasına öz töhfələrimizi verə biləcəyik. Bu konfransın həm də Azərbaycanın Gənc Dostlarının yeni ideyalarının yaranmasına və gerçəkləşdirilməsinə zəmin yaradacağına ümid edirəm”
İsrailin Ariel Universitetinin tələbəsi Maayan Eliovson Azərbaycanın Gənc Dostları sırasında yer almasından qürur duyduğunu bildirərək “ Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda konfransın vasitəsilə dostlarla baş tutacaq daha da bir görüşdən sevindiyini ifadə edib və gələcəkdə də bu kimi layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Rusiyanın Ural Federal Universitetinin tələbəsi Maria Dzhaiani Azərbaycanın Gənc Dostları Klubunu dünya gəncləri ilə ünsiyyətin yeni mərhələsi kimi səciyyələndirib və konfransın təşkilinin də bu ünsiyyətin daha da dərinləşməsi istiqamətində böyük önəmi olduğunu bildirib: “ “Heydər Əliyev-gənclik-multikulturalizm” konfransının təşkil olunacağını öyrənəndə məmnuniyyətlə qatılmaq istədiyimi dedim. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay məktəbində iştirak etmişdim və orada dünyanın müxtəlif ölkələrindən yeni dostlar qazanmışdım. Bu konfransda iştirakım həm də dostlarımla yenidən görüşməyimə, yeni- yeni layihələri müzakirə etməyimizə imkan yaradacaq. Çox şadam ki, müstəqil Azərbaycanın formalaşmasında, inkişafında müstəsna xidməti olan onun görkəmli lideri Heydər Əliyevin xatirəsinin işığında dostlarımızla yenidən bir arada olacağıq. Düşünürəm ki, “Heydər Əliyev - gənclik- multikulturalizm” mövzusunda konfrans Azərbaycanın Gənc Dostları Klubunun növbəti ünsiyyət platforması kimi yaddaqalan olacaq”.
İtaliyalı müstəqil tədqiqatçı Andrea Kominçini IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakından sonra Azərbaycanla bağlı daha geniş araşdırmalar apardığını qeyd edib: “Azərbaycan haqqında ilk bilgiləri təbii ki, internetdən almışdım. Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi qış məktəbində iştirak etmək şansım yarandı. Azərbaycanda olarkən aldığım zəngin təəssürat unudulmaz idi. İtaliyaya qayıtdıqdan sonra Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı daha geniş araşdırmalar apardım, xüsusilə 1990-cı illərdə ölkənin keçirdyi ağır iqtisadi-siyasi durum və sonra Azərbaycan xalqının dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin hakimiyyətə gələrək ölkəni bu çətin vəziyyətdən qurtarması, inkişaf və tərəqqi zirvəsinə çatdırması ilə bağlı xeyli məlumat oxudum. Öyrəndim ki, Heydər Əliyev təkcə dövlət başçısı kimi yox, həm də şəxsi baxımdan da çox tolerant insan olub, Azərbaycanda yaşayan fərqli dinin daşıyıcılarına, digər xalqların nümayəndələrinə böyük ehtiramla yanaşıb, onlara diqqət və qayğısını əsirgəməyib. Multikulturalizm ideyalarına böyük dəyər verən Heydər Əliyev bu gün dünyada brend kimi tanınan Azərbaycan multikulturalizminin siyasi banisi kimi tarixin yaddaşına yazılıb. Ona görə də düşünürəm ki, konfransın adı da özündə Azərbaycanın Gənc Dostlarını bir araya toplayan ali dəyərləri ehtiva edir. Bu konfrans dostlarımızla daha çox vaxt keçirməyimiziə, eyni zamanda bir daha unikal Azərbaycan multikulturalizmini beynəlxalq gündəmə gətirməyimizə rəvac verəcək”.
Запись “Heydər Əliyev – gənclik- multikulturalizm” mövzusunda konfrans: Azərbaycanın Gənc Dostları Klubunun növbəti ünsiyyət platforması впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.