Dövlət müşaviri Kamal Abdullayev mətbuat konfransı keçirib

 

 

metbuat k

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib.

Dövlət müşviri Kamal Abdullayev “Multikulturalizm ili”nin əsas məqsədinin Azərbaycan xalqının birgəyaşayış, tolerantlıq ənənələrinin dünyaya daha geniş şəkildə təqdim edilməsi olduğunu bildirib: “Multikulturalizm özündə birgəyaşayış, çoxmədəniyyətlilik anlayışı ilə bərabər şəfqət və mərhəmət hisslərini ehtiva edir. “Öz-özgə” qarşıdurması xalqımızın formalaşma tarixi boyunca özünün ən yumşaq şəklində təzahür edib. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq və diqqət göstərilir.

Azərbaycan multikulturalizmi yeni bir elmdir, intellektual, yaradıcı sahədir. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, mənəviyyatını, tarixini, bu gününü və perspektivlərini özündə əks etdirir. Azərbaycan multikulturalizmi model kimi multikulturalizm siyasətindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir. İndiyə qədər Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan multikulturalizmi modeli də tanınmaqdadır və onun kökündə Ulu Öndər Heydər Əliyevin yaratmış olduğu azərbaycançılıq məfkurəsi, xalqımızın mədəniyyəti, intellekti və potensialı dayanır. Azərbaycanın multikulturalizm modeli göründüyü kimi bu gün dünyada baş verən qarışıqlıqlar fonunda ən effektiv birgəyaşayış formasıdır. Bu factor dostlarımızı sevindirir, bədxahlarımızı isə qıcıqlandırır.

Azərbaycan multikulturalizminə olan maraq Ölkə Prezidenti İlham Əliyevin respublikamızı dünyada social-iqtisadi inkişafı ilə yanaşı, humanitar və mədəni sahədə qazandığı nailiyyətləri ilə də tanıdılmasının nəticəsidir. Bu gün “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri, “Azərbaycan multikulturalizmi” dərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 28 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha vurğulayır.

Prezidentin bu ili “Multikulturalizm ili” elan etməsi Azərbaycan xalqının əsrlərdən bəri yaşadığı tolerantlıq, dostluq, başqa millətin, fərqli dinin nümayəndəsinə hörmət xüsusiyyətlərini ümumiləşdirərək dünya ictimaiyyətinə təqdim etmək məqsədi daşıyır. Cənab Prezident məhz Azərbaycan xalqının və dövlətçiliyinin əsrlərdən bəri əldə elədiyi nailiyyətlərin multikulturalizm çərçivəsində dünyaya təqdim edilməsinə əsaslanıb 2016-cı ili Azərbaycanda “Multilkulturalzim ili” elan edib. Bu Sərəncamdan sonra bizim üzərimizə düşən vəzifə vətəndaş cəmiyyətimizi koordinasiya edib müvafiq qurumlarla bu istiqamətdə ümumi işi həyata keçirməkdən ibarətdir.

Bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri sərbəstdir. Ölkəmizdə hər bir milli və dini qrupun nümayəndəsi rahat şəkildə yaşaya, öz adət-ənənlərini qoruyub saxlaya bilər. Onların hər biri ölkəmizin bərabərhüquqlu vətəndaşıdır və hər birinin təhlükəsizliyinin qarantı Azərbaycan dövlətidir. Ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır.

Sirr deyil ki, Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm siyasətindən imtina edib. Amma Prezident İlham Əlyevin də söylədiyi kimi multikulturalizm ənənələri Azərbaycanda həmişə yaşayır və yaşayacaq”.

Dövlət müşaviri bildirib ki, BBMM Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, AMEA və digər təşkilat və nazirliklərlə əməkdaşlıq edir və birgə təkliflər paketini tamamlamaq üzrədir: Təkliflər yaxın zamanda ölkə Prezidentinə təqdim ediləcək.

Akademik “Multikulturalizm ili” çərçivəsində BBMM-in xaricdə filiallarının yaradılacağının, universitetlərdə “Azərbaycan multikulturalizmi” kafedralarının açılacağının, bölgələrdə Yaradıcılıq fakültələrinin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra Dövlət müşviri, akademik K.Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

 

Запись Dövlət müşaviri Kamal Abdullayev mətbuat konfransı keçirib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.