Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikultural cəmiyyətdə dil amili” konfransı keçirilib
Noyabrın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Multikultural cəmiyyətdə dil amili” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov mövzunun aktuallığını qeyd edib. Azərbaycan dilinin inkişaf tarixinə baxdıqda görünür ki, bu dil müxtəlif dövrlərdə fərqli şəkildə adlanıb. Bəzən “türk dili”, bəzən “tatar dili”, bəzən “Azərbaycan türkçəsi” və nəhayət “Azərbaycan dili” adlanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyərlərdən biri də Azərbaycan dilinin qorunub saxlanılması, bu dilin məhz “Azərbaycan dili” adlanması ilə bağlıdır.
İcraçı direktor əvəzi deyib ki, ziyalılarla görüşdə Ulu Öndər təkid edirdi ki, bu dilin “Azərbaycan dili” adlandırılması çox vacibdir. Çünki dil amili Azərbaycan müstəqilliyinin atributudur, bizləri bir yerdə tutan əlamətlərdən, bir xalqın mövcudluğunu göstərən ən mühüm əlamətlərdən biridir.
Rəvan Həsənov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bir daha onu göstərir ki, Azərbaycan dili qloballaşma şəraitində dünya dilləri arasında öz yerini tutmalıdır.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı deyib ki, Azərbaycan dili Qafqazda və Yaxın Şərqdə xalqlar arasında tarixən ünsiyyət vasitəsi rolunu oynayıb. Bu gün Azərbaycan dilində 50 milyondan çox insan danışır. Azərbaycan dili dünya dillərinin içində özünəməxsus yeri olan, inkişaf etmiş və bugünki səviyyədə siyasət, diplomatiya, elm, ədəbi dil kimi formalaşmışdır.
M.Talıblı qeyd edib ki, Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu Azərbaycan dilinə son dərəcə diqqətlə və həssaslıqla yanaşıb. Hələ 70-ci illərdə Azərbaycan dilinin Azərbaycan Konstitusiyasına dövlət dili statusu kimi daxil edilməsi o dövrün basqıları, qadağalarına fonunda son dərəcə böyük tarixi və siyasi hadisə idi. Bu, Ulu Öndərin Azərbaycan dilinin statusuna hələ Sovet dönəmində nə qədər önəm verdiyinin göstəricisidir.
Azərbaycan dili etnik-mədəni zənginliyə malik dövlətdə, multikultural dəyərlərin və ənənələrin yaşadığı cəmiyyətdə, demokratik birgəyaşayış ənənələrinə əsaslanan vahid cəmiyyət tipinin formalaşmasında müstəsna rol oynayıb.
Bildirilib ki, Azərbaycan dilinin və İslam dininin bugünki Azərbaycanda demokratik dəyərlərə və ənənələrə əsaslanan cəmiyyətin formalaşmasında rolu son dərəcə böyük olub. Azərbaycan dili və İslam dini öz demokratik mahiyyəti etibarı ilə başqa dillərə, dinlərə, inanclara, xalqların mədəniyyətinə basqı ilə yanaşmayıb. Azərbaycanda yaşayan hər bir etnik xalq, qrup min illər boyu öz identikliyini, dilini, mədəniyyətini, adət-ənənəsini etnik və etnoqrafik xüsusiyyətini qoruyub saxlayıb. Bu zənginliyin və eyni zamanda, vahidliyin ölkəmizdə təmin olunmasında Azərbaycan dilinin müstəsna rolu var.
Müzəffər Talıblı vurğulayıb ki, dini, etnik baxımından rəngarəng olsa da Azərbaycan unitar dövlətdir. Ölkəmizdə bir mədəniyyət – Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı mövcuddur. Bu Konstitusiyada da təsbit olunub. Azərbaycan dilinin dövlət dili statusu kimi hər bir Azərbaycan vətəndaşı tərəfindən birmənalı olaraq qorunmalıdır. Milliyyətindən, etnik, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı olub Azərbaycan dilini bilməmək özünü cəmiyyətdən təcrid etmək deməkdir.
Qeyd olunub ki, Azərbaycan dili böyük inkişaf yolunu keçib, xüsusən də ulu öndər Heydər Əliyevin Sovet dönəmindəki rəhbərliyi vaxtı Azərbaycan dili ilə bağlı son dərəcə böyük, ciddi elmi tədqiqatlar, araşdırmalar aparılıb. Azərbaycan dili ilə bağlı basqılara, qadağalara baxmayaraq Azərbaycan dili ilə bağlı əsərlər mükafatlandırılıb. Bu, ö dövrdə ciddi narazılıq və qısqanclıqla qarşılandı. Ulu Öndərin Azərbaycan dilinə qayğısı bu gün də Prezident İlham Əliyev tərəfindən eyni əzmlə davam etdirilir.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun apparat rəhbəri Qismət Rüstəmov, “Etnoqlobus” portalının rəhbəri Gülnarə İnanc, BBMM-in baş məsləhətçisi Tofiq Abbasov, BBMM-in şöbə müdiri Yadigar Məmmədli, BBMM-in məsləhətçisi Billurə Aslanova və digərləri bildiriblər ki, 90-cı illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinə, onun ölkədə yayılmasına və öyrənilməsinə ciddi önəm verilib.
Həmçinin, qeyd olunub ki Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. Böyük əhəmiyyət kəsb edən bu dövlət sənədi, eyni zamanda, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında açıq-aşkar özünü göstərən ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib.
Qeyd olunub ki, Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında yol verilən ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması məsələsinə müsbət təsir göstərəcək və qısa bir zamanda bu sahədə ciddi irəliləyişlər və müsbət nəticələr əldə ediləcək.
Həmçinin, bildirilib ki, 2001-ci il 1 avqust günündən etibarən ölkəmizdə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu faktın özü ulu öndər Heydər əliyevin daim qədim mədəniyyətimizə, dilimizə və zəngin mənəvi dəyərlərimizə göstərdiyi böyük diqqət və qayğının əyani təsdiqidir. Bu keçid bizi izləyən dost türk dövlətlərin də marağında olub. Məsələn, bu ilin əvvəlində Qazaxıstanda da latın qrafikasına keçid baş tutub. Prezident Nursultan Nazarbayevin fərmanı ilə qardaş ölkə ölkənin beynəlxalq birliyə mədəni inteqrasiyasını bir qədər də sürətləndirməkdən ötrü kompleks tədbirlərin gerçəkləşməsinə qərar verib. Qardaş qazax xalqı da anlayır ki, müasir dönəmdə zamanınm tələbləri ilə uyğunlaşmaq vacibdir. Təsadüfi deyil ki, dünyanın aparıcı ölkələri sırasında olan Çin, Yaponiya və digərləri öz yüksək texnologiyalı məhsullarını dünya bazarına latın qrafikalı nişan və reklam yazları ilə çıxarır.
Bu onu göstərir ki, Azərbaycanın keçdiyi yolu müəyyən bir dövrdən sonra digər müsəlman türk dövlətlərı davam edirlər. Bu prosedə Azərbaycan yenə də örnək rolunu oynayır və qardaş ölkələrə layiqli yol göstərir. Bizim dövlətimizin proqressiv və gələcəyə yönəlmiş addımları qlobal sistemdə öncül rol oynayır və bu da ölkənin beynəlxalq imicini zənginləşdirir.