Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus dilində çap edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus dilində çap edib.
Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunub.
Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitabı hazırlanaraq nəşr edilib. 
Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib. 
Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. 
“Həqiqətin onomastikası” kitabının ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, Milli Məclisin üzvü, filologiya elmləri doktoru Əziz Ələkbərli, Milli Məclisin üzvü Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur. Kitabı rus dilinə filologiya üzrə fəlsəfə doktoru, dosent Leyla Qədimova tərcümə edib.
Qeyd edək ki, kitab 2021-ci ildə azərbaycan dilində, 2022-ci ildə isə ingilis dilinə tərcümə edilərək nəşr olunub.

Etiketlər