Yeni dünyanın astanasında

Ey süxəndanan,

bu günlər bir hidayət vəqtidir,

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir!

Mirzə Ələkbər Sabir

Müharibənin ömrü uzandıqca tərəflər arasında uçurum da dərinləşir. Artıq hər kəsə bəllidir ki, “tərəflər” Moskva ilə Kiyev deyil, yüz il(lər)dir torpağı qanla suvarılan Ukrayna çöllərində iki dünya, iki aləm, iki məfkurə, bəşəriyyətin gələcəyinə iki baxış kəllə-kəlləyə gəlib. Bu yaxınlarda Azərbaycan Prezidentinin də yerli televiziya kanallarına verdiyi müsahibədə açıq mətnlə dediyi kimi, biz hazırda faktiki olaraq üçüncü dünya müharibəsi şəraitində yaşayırıq. Bu savaşdan sonra planetimizdə həyat, heç şübhəsiz, bir başqa şəkil alacaq.

Müharibə nəyin alternatividir - əlbəttə, sülhün, dinc yanaşı yaşamağın, mehribanlığın, multikulturalizmin, tolerantlığın, plüralizmin, azadlığın, qardaşlığın, demokratiyanın... Başqasının varlığına kəm baxan, torpağına tamah salan, dilini, inancını, mülkünü, haqqını danan güc yalnız bu dəyərlərin üstündən tankla keçəndən sonra yola çıxa bilər. Müharibəyə cəlb olunan tərəf ona öz dilində cavab verməyə məcburdur - silah təkcə yıxıb-dağıtmaq, öldürmək üçün deyil, həm də qoruyub-qorunmaq, yaşatmaq üçündür. İndiki reallıq budur. Gün o gün olsun insanları yaşatmaqdan ötrü top-tüfəngə bilmərrə ehtiyac qalmasın.

Proses uzandıqca gizli niyyətlər, qaranlıq fikirlər, mübhəm əməllər də bir-bir su üzünə çıxır. Uzağa getməyək, bu günlərdə Rusiya Dövlət Dumasındakı “Vahid Rusiya” fraksiyasının sədr müavini belə bir bəyanat verib ki, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının “QULAQ arxipelaqı” romanı, eləcə də buna bənzər bəzi başqa “vaxtı keçmiş” əsərlər məktəb proqramından çıxarılmalıdır. Deputatın deməsinə görə, yazıçı dünya şöhrətli bu romanda əksini tapmış bir çox faktı özündən uydurub, mükafat almaq xatirinə vətənini çirkaba bulaşdırıb; odur ki, belə əsərlərin yerinə məktəblilərin qəlbində vətənpərvərlik duyğularını coşduran sovet ədəbiyyatı nümunələrini, məsələn, Fadeyevin “Gənc qvardiya” romanı kimi əsərləri dərsliklərə salmaq lazımdır (Bu məqamda Lev Tolstoyun bir sözünü xatırlamamaq olmur: “Patriotizm yaramazların sonuncu sığınacaq yeridir”. Əlbəttə, dahi yazıçı bunu deyəndə saxta vətənpərvərləri nəzərdə tuturdu). Onu da deyək ki, bu prosesə artıq start verilib.

Burada, necə deyərlər, xoruzun quyruğu görünür. Bu fikirləri dilə gətirən adi vətəndaş deyil, hakim partiyanın təmsilçisi, ölkə rəhbərliyinin adından danışmaq səlahiyyəti verilmiş şəxslərdən biridir. Adam hələ Soljenitsını bəyənmir; o Soljenitsını ki, qırmızı imperiyanı çökdürənlərdən biri olsa da, Rusiyaya qayıdandan sonra rəngini dəyişmiş imperialist qüvvələrə qahmar çıxdı, Kremlin bütünə çevrildi, şovinist iddialar irəli sürdü, Qazaxıstan torpağını qazaxlara çox gördü. Demə, yüz qırx beş milyonluq Rusiya əhalisinə on yeddi milyon kvadrat kilometrdən də artıq ərazi azlıq eləyirmiş, mütləq Orta Asiya, Cənubi Qafqaz, Ukrayna, Pribaltika, Polşa... torpaqlarını da Rusiyanın gözünə qatmaq gərəkmiş. İndi Soljenitsından da dozalı patriotlar üzə çıxıb, onlar bir sürü qrafomanın stalinizmin sifarişiylə yaratdığı makulaturaya iyirmi birinci əsrin ədəbiyyatı donu geyindirib gənc oxuculara nümunə kimi sırımaq istəyirlər.

Böyük sənət örnəklərinin yarandığı ölkədə ilin-günün bu çağında püskürdülən belə bəyanatları hara yozasan? Bunlar, əlbəttə, Ukraynaya hücumun arxa planı, təcavüzkar ordunun ideoloji cəbbəxanasıdır. Velikorus şovinizmi bir-birinə guya düşmən olan ağ irqçiliklə qırmızı irqçiliyin bütün potensialından yararlanmağa çalışır. Onlar üçün Birinci Pyotrla Leninin, Birinci Nikolayla Stalinin prinsipial fərqi yoxdur, təki imperiyanın keşiyində dursun, yeni torpaqlar, yeni millətlər zəbt eləsin. Prezident Putinin ilham mənbəyi, mənəvi atası monarxist, irqçi, slavyanofil, bunlarla yanaşı, həm də qatı antikommunist rus filosofu İvan İlyindir. Ancaq Rusiya rəhbəri bolşevik liderlərinə, o cümlədən Stalinə rəğbətini də gizlətmir, necə deyərlər, söhbət Kremlin imperialist maraqlarından gedəndə bunlar bir-birini əsla döymür.

Hələ Leninin sağlığında bolşeviklər ölkənin ən işıqlı başlarını, düşünən beyinlərini bir gəmiyə yükləyib ölkədən sürgün elədilər. Sürülənlərin arasında bir nömrəli rus filosofu Nikolay Berdyayev də vardı. Vladimir İliç ona səmimi qəlbdən nifrət eləyirdi, filosofun soyadını istehzayla bir başqa cür tələffüz eləyirdi. Bax həmin o Berdyayev slavyanofiliyanı rus xalqının uşaqlıq xəstəliyi adlandırmışdı. Göründüyü kimi, rus şovinizmi bu qızılcanı hələ də çıxarıb qurtarmayıb, bununla belə, vətəninin, xalqının dərdinə bələd böyük filosofun, ruh həkiminin sözünü nə o vaxt eşidən oldu, nə də bu gün sayan var.

Şovinizmin astar üzü kosmopolitizmdir, bu ikisinin arasındakı qızıl orta beynəlmiləlçilik duyğusu, multikultural rəngarənglik, plüralist düşüncədir. Sovet hökuməti oturuşandan sonra ölkədə zorla da olsa, multikultural mənzərə yaratmağa çalışmışdı, ancaq bu, qan-qırmızı imperializmə humanist çalarlar vermək  cəhdindən başqa bir şey deyildi. Yetmiş il sürən sovet hakimiyyəti dövründə etnik-milli, dini-konfessional zəmində düşmənçiliklərin kökü qazılmamışdı, konfliktlər sadəcə konservləşdirilmişdi, necə deyərlər, dondurulmuşdu. Buz əriyər-əriməz ədavət virusları yenidən ayaq açdı, ölkənin hər yerində milli, dini konfliktlərin tüğyanı başlandı. Nəticədə nəhəng bir dövlət öz vətəndaşlarının başına uçdu, elə uçdu ki, hələ də o dağıntıların altından tam çıxıb üst-başımızı əməlli-başlı çırpa bilməmişik. Bunu dərindən duyub anlamaq üçün təkcə Ağdam şəhərinin xarabalıqlarına, iki də demirəm, bir gözlə baxmaq  yetər.

Bəli, bu gün, bu saat dünya müharibəsinin episentrində toqquşan sadəcə bir neçə dövlətin maraqları deyil, bu savaş bəşəriyyətin gələcəyinə dair planların, layihələrin toqquşmasıdır. Bu savaş multikulturalizmlə rasizmin, tolerantlıqla ksenofobiyanın savaşıdır. Müharibələrin siyasi, iqtisadi, hərbi, geopolitik səbəblərini gözdən qaçırmadan demək istərdim ki, bütün bu səbəblərin bir ana səbəbi, bircə kökü var - hər cür konflikt ilk növbədə mənəvi, əxlaqi səbəblərdən, ideya, məfkurə toqquşmasından qaynaqlanır. Hər cür savaş ilk növbədə düşüncə savaşı, yalnız bundan sonra qol savaşıdır. Mövlana Cəlaləddin Rumi deyirdi: “Biz dünyaya ayırmaq üçün yox, birləşdirmək üçün gəlmişik”. Bugünkü müharibə də məhz sivil dünyaya qaynayıb-qarışmaq istəyənlərlə insanları sortlara bölənlər, xalqları bir-birindən cüda salanlar arasında açılmış savaşdır. Bu savaşdan xeyirin, haqqın qalib çıxacağına inanmamaq nəinki çətin, həm də küfrdür.

İki yüz ildən bəri iki tirəyə bölünmüş Rusiya ictimaiyyətinin, o cümlədən rus ziyalılarının ideya mübarizəsi bu gün Ukrayna çöllərində qanlı müharibəyə çevrilib. Avropa xalqlarının keçdiyi sivil inkişaf yolundan üz döndərən antiqərbçilərin, şovinistlərin, irqçilərin, ayrımçıların “bizim öz yolumuz var, biz hamıdan fərqliyik, biz əlahiddəyik” tipli nağılları Donbasda, Luqanskda, Xersonda, Mariupolda, Buçada... iflasa uğrayıb. O hansı yoldur elə - dinc vətəndaşları evdə oturduqları yerdə raket atəşinə tutmaq yolumu? Vətənini insan üçün qürbətə, zindana, cəhənnəmə çevirmək yolumu? Mao Tszedun, Kim İr Sen, Xo Şi Min, Fidel Kastro, Səddam Hüseyn, Müəmm?r Qəzzafi yetişdirib öz xalqının canına müsəllət eləmək yolumu? Şimali Koreya, Kuba, Vyetnam, Kamboca, Laos, Əfqanıstan yaratmaq yolumu?..

Böyük rus yazıçısı, hələ öz sağlığında Avropa ədəbiyyatına güclü təsir göstərmiş İvan Turgenev emiqrant yurddaşlarına həsr olunmuş “Tüstü” adlı romanında bir personajın diliylə belə deyir: “Rusiya dünyaya heç nə, hətta bir ingilis sancağı belə ixtira eləyib çıxarmayıb”. Nə yazıq ki, vəziyyət bu gün də dəyişməmiş qalır, Rusiyanın çağdaş dünyaya verdiyi başlıca töhfə “Kalaşnikov” avtomatıdır. Bunca zehni, maddi potensialı olan bir ölkə keçdiyi iki yüz illik elmi-texniki inkişaf yolunun sonunda bu gün xammal ölkəsi olmaqdan uzağa gedə bilmir, istedadı, ağlı aşıb-daşan bir xalq dünya bazarına bir telefon, bir təkər, bir həvəngdəstə çıxara bilmir. Əvəzində bütün bəşəriyyəti qırıb qurtarmağa yetəcək qədər silah istehsal eləyib.

İngiltərənin keçmiş baş naziri Devid Kemeronun multikulturalizm siyasətinin iflasa uğradığını bəyan eləməsindən üç il, Rusiyanın Krımı ilhaqından üç ay sonra Azərbaycanda multikulturalizm rəsmən dövlət siyasəti elan olundu, Prezident fərmanıyla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu, o demək idi ki, biz həm ölkəmizi, həm də planetimizi xalqların, millətlərin dinc yanaşı yaşadığı bir ev kimi, ocaq kimi təsəvvür eləyirik. Bunun əksi, məsələn, Ukrayna ölkəsinin, onun xalqının varlığını danmaqdır ki, bu illər ərzində həmin düşüncə Krımdan Donbasa, Donbasdan Xersona qədər metastaz verdi. Kemeronun multikulturalizmə qarşı müharibəsinin özü də iflasa uğradı - bu gün Böyük Britaniyanın baş naziri Hindistan, Londonun meri Pakistan əsilli siyasətçilərdir. Bax buna deyərlər taleyin, tarixin ironiyası!

Qlobal böhranın, Azərbaycan Prezidentinin təbirincə desək, üçüncü dünya müharibəsinin sonu nəylə bitəcək - indidən proqnoz vermək çox çətindir; ancaq bir məsələ qətiyyən şübhə doğurmur ki, dünya əvvəlki dünya olmayacaq. Adətən planetar çaxnaşmalardan sonra bəşəriyyətin üzünə yeni perspektivlər, yeni imkanlar açılır, şərin basqısı yeni proqressiv ideyalar doğurur - əvvəlki dünya cənglərindən sonra da belə olmuşdu. Necə deyərlər, hər ziyanda bir xeyir var. Ümid eləyək ki, insanlıq (sözün hər iki mənasında) bu sınaqdan da uduşla çıxacaq, qlobal böhran azadlığın, ədalətin, qardaşlığın təntənəsiylə başa çatacaq, beynəlxalq institutlar, qurumlar ciddi, dərin islahatlardan keçəcəklər, zamana imtahan verəcəklər. Əgər bu gün Birləşmiş Millətlər Təşkilatı kimi planetar qurum nəinki qlobal, hətta lokal münaqişələrin belə öhdəsindən gələ bilmirsə, islahatlar qaçılmazdır.

Cəmi bəşər övladı kimi Azərbaycan xalqı da yeniliyə hamilə dünyada yaşamağa gərəkdir hazır olsun. Bu hazırlığın ilkin əlaməti, həm də təməli ümumbəşəri, ümuminsani dəyərlərin milli kodlara calanması, qlobal proqressiv ideyaların mentalitet faktına çevrilməsidir. Belə bir izdivacdan doğulan düşüncənin sağlamlığına tam zəmanət vermək olar. Mirzə Fətəli Axundovdan üzübəri bu proses gedir, ancaq bolşevizmin eynən monqol ordusu sayaq tarixə kobud müdaxiləsi nəticəsində hələ də başa çatdırılmayıb.

Bizi (elə başqalarını da) dəyərlər, yəni, universal, qlobal dəyərlər qoruyacaq. Bu dəyərlərdən uzaq düşən qövmlər amansız tarixin döngə-dalanlarında azıb-itəcəklər. Ayrıca bir fərd kimi xalq da təklənə bilər. Aman təklik əlindən!..

 

Fəxri Uğurlu,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı

Etiketlər