Mübariz Qurbanlı: Qafqaz Albaniyasının tarixi təhrif edilərək saxtalaşdırılıb
Xristianlığın İsa Məsihin həvariləri vasitəsilə yayıldığı və rəsmi dövlət dininə qədər inkişaf etdiyi Qafqaz Albaniyası Azərbaycan ərazisində yerləşən ən qədim dövlətlərdən biri olub. Qafqaz Albaniyasının müstəqil Apostol kilsəsinin öz başlanğıcını bilavasitə Qüds kilsəsindən götürməsi, erməni Qriqoryan kilsəsindən fərqlənməsi tarix boyu erməniləri qıcıqlandıran əsas amil olub. Məhz buna görə də biz tarixin müxtəlif dövrlərində ermənilərin bu torpaqları zəbt etmiş yadellilərə yarınmaqla Alban kilsələrini erməni Qriqoryan kilsəsindən asılı vəziyyətə salmağa cəhd etdiyinin şahidi oluruq.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfransda deyib. O bildirib ki, 1836-cı ildə Alban Katolikosluğu ləğv edildikdən sonra Azərbaycandakı Alban kilsələri erməni Qriqoryan kilsəsinin himayəsinə keçsə də, ermənilər bu kilsələrdə ibadət etməyiblər:“Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunub, orada heç zaman dini ayin icra edilməyib. Ermənilər yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra Alban kilsələrini qriqoryanlaşdırıb, onun interyerində və eksteryerində dəyişikliklər aparıblar. Bunu da Qarabağı zəbt etdikdən sonra bu torpaqlarda daimi məskunlaşmaq məqsədilə ediblər.
Mübariz Qurbanlı qeyd edib ki, Qafqaz Albaniyasının tarixi təhrif edilərək saxtalaşdırılıb: “Qafqaz Albaniyası haqqında alimlərimiz böyük tədqiqatlar aparırlar və bu tədqiqatlar davam edir. AMEA Tarix institutunun bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu gün Qafqaz Albaniyasının varisləri Qafqazda yaşayan xalqlardır. Biz Qafqaz Albaniyasının tarixi varisləriyik. Dini baxımdan Qafqaz Albaniyasının varisləri udinlərdir. Qafqaz Albaniyasının udin dini icması tarixi varis olaraq fəaliyyət göstərməkdədir”.