Professor Aleksandr Nesterov: “Azərbaycana olan marağım məni bu ölkənin tarixini tədqiq etməyə sövq edib”

 

IMG_3155 

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Azərbaycanda səfərdə olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)  Yekaterinburq filialının rəhbəri, Ural Federal Universitetinin professor Aleksandr Nesterov sözügedən qurumun məlumat xidmətinə müsahibə verərək Azərbaycana olan marağı, adıçəkilən Forumla bağlı təəssüratlarını, BBMM-in Yekaterinburq  filialının fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

-Hörmətli Aleksandr Gennadiyeviç, siz Azərbaycanın şəxsi qonağısınız, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi əhəmiyyətli tədbirlərdə fəal iştirak edirsiniz. Bununla yanaşı, siz tez-tez Azərbaycanın universitetlərində mühazirə də oxuyursunuz. Sizi ölkəmizlə maraqlanmağa sövq edən amil nədir?

-Bunu bir kəlmə ilə ifadə etmək çox çətin olardı. Hər şey, həmişə olduğu kimi məqamdan və baxış bucağından asılıdır. Ümumiyyətlə, mən Azərbaycana 2005-ci ildə, təsadüfən gəlmişəm. Amma Azərbaycan barədə müəyyən təsəvvürlərim vardı və mən hər şeyi öz gözlərimlə görmək istəyirdim.

Beləcə, mən 2005-ci ildə Bakı Slavyan Universitetinə gəldim və akademik Kamal Abdullayevlə tanış oldum. Kamal Abdullayev o vaxt universitetin rektoru idi. Beləliklə, yavaş-yavaş Bakı Slavyan Universiteti ilə Ural Universiteti arasında kifayət qədər möhkəm əlaqələr yaranmağa başladı. 2007-ci ildə universitetlər arasında ilk müqavilə imzalandı, rəsmi münasibətlər formalaşmağa başladı. 2012 –ci ildə, yenə də universiteti Kamal müəllimin təmsil etdiyi dövrdə, artıq Bakı Slavyan Universitetilə Ural Federal Universiteti arasında birgə fəaliyyət barədə Çərçivə müqaviləsi imzalandı. 2010-cu ildən mən bura mütəmadi olaraq faktiki olaraq, ildə bir neçə dəfə gəlirəm. Burada həm Bakı Slavyan Universitetinin ənənəvi “Azərbaycanşünaslığın aktual məsələləri” konfranslarına, həm də, beynəlxalq forumlara qatılıram. Sivilizasiyalar Alyansının 7-ci Forumunda olmuşdum, indi də IV Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirəm.

Bunlar həm də mənim elmi fəaliyyətimlə bağlıdır. Azərbaycana olan marağım məni bu ölkənin tarixini tədqiq etməyə sövq edib. Mən Azərbaycanın tarixində az oyrənilən dövrü- Azərbaycanın XVII əsr tarixini araşdıriram. Axtarışlar nəticəsində bu dövr haqqında çoxlu yazılar yazmışam. Ölkəmizdə rus dilində bu dövr az araşdırılıb. Azərbaycanda bu mövzu üzərində çalışanlar çox olsa da, Azərbaycan tədqiqatçılarının öz xüsusiyyəti var. Bir çox məqamlarda mən onlarla razı deyiləm, ona görə də interpretasiya etməli oluram. Mən üstəlik, azərbaycanlı tədqiqatçılarının araşdırmalarına resenziya yazıram. Həqiqətən də son dövrlərin ciddi tədqiqatı akademik Ramiz Mehdiyevin “ Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti“ kitabının birinci cildliyidir.

Onu da qeyd etmək istəyirəm ki, bizim universitetdə Azərbaycanın problemləri ilə məşğul olan araşdırmaçı qruplar yaranmağa başlayıb. Konkret desəm, mənim köməkçim hazırda Qərbi Azərbaycanın coğrafi tarixi ilə bağlı doktorluq dissertasiyasını hazırlayır.

Bakı Slavyan Universitetinin təşəbbüsü ilə bizdə Azərbaycanşünaslıq Mərkəzi açılıb. Universitetin o zamankı prorektoru, sonralar isə rektoru olan Asif  Hacıyevin səyi nəticəsində Mərkəz formalaşdırılıb və bu gün də fəaliyyətini uğurla davam etdirir.

-Yeri gəlmişkən, Azərbaycanşünaslıq Mərkəzi barədə: Bakı Slavyan Universitetilə hər hansı birgə layihələr planlayırsınızmı? Yaxın zamanlarda nə isə həyata keçirəcəksinizmi?

-Bizim Mərkəz indi Bakı Slavyan Universitetindən tamamilə qopub. O müstəqil stuktur kimi fəaliyyət göstərir. Biz orada öz tədbirlərimizi keçiririk. Bu gün bizim Mərkəzin yeganə partnyoru Azərbaycan Respublikasının Yekaterinburqdakı konsulluğudur. Biz onlarla mütəmadi olaraq mümkün olan tədbirləri keçiririk. Eyni zamanda, biz Rusiyada Azərbaycan Gəncləri Təşkilatının yerli şöbəsi ilə əməkdaşlıq edirik. Ural Federal Universitetindəki azərbaycanlı tələbələrin icması ilə də əməkdaşlığımız var. Bakı Slavyan Universitetilə isə əlaqələrimiz kifayət qədər zəifləyib. Bu universitetdən, doğru söyləsək, heç nə, o cümlədən, heç ədəbiyyat da almırıq, üstəlik onlar mənim də beynəlxalq redaksiya heyətinin üzvü olduğum jurnalı da artıq bizə göndərmirlər. BSU məni universitetin 70 illik yubileyinə dəvət etdi, ancaq təşkilatçılıq baxımından açıq desək, bu mənim iş qrafikimə müvafiq olmadığı üçün iştirak edə bilmədim. Qeyd etdiyim kimi, son zamanlar Mərkəz müstəqil fəaliyyət göstərir. Bu ilin payızında biz üçüncü böyük konfransı keçirəcəyik. Biz konfransı, vaxtilə Kamal Abdullayevin yaratdığı kimi “Azərbaycanşünaslığın aktual problemləri” adlandırmışıq. Fürsətdən istifadə edib mütəxəssis və tələbələri bu konfransda iştiraka dəvət edirəm.

-Bütün titullarınızla bərabər, siz həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filial rəhbərisiniz. Bu istiqamətdə hansı işləri görürsünüz?

-Bu sahədə biz bu tip mərkəzlər üçün standart sayılan fəaliyyəti həyat keçiririk. Filial bizdə Azərbaycanşünaslıq Mərkəzinin “Azərbaycan multikulturalizminin kabineti” adlanır. Filialın hüquqi adı belədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Ural Federal Universiteti arasında bağlanan müqavilədə belə qeyd olunub, filial Azərbaycanşünaslıq Mərkəzində Kabinet statusuna malikdir.Və mən Azərbaycanşünaslıq Mərkəzinin direktoru kimi avtomatik olaraq Kabinetin rəhbəriyəm. Biz ildə iki dəfə Azərbaycan multikulturalizmindən mühazirə oxuyuruq. Payizda mən mühazirəni ölkə tələbələri üçün, yazda isə bizə çoxlu sayda gələn çinli tələbələr üçün oxuyuram. Bu, kifayət qədər çətindir, amma maraqlıdır.

-Mən bəzi sirlərin üzərini açmaq istərdim. Ural Federal Universitetinin Elmi Şurasının akademik Kamal Abdullayevin universitetin fəxri doktoru seçilməsi barədə qərarı var. Bunu şərh etməyinizi xahiş edərdim.

-Ural Federal Universitetinin Fəxi doktoru. İstənilən universitetdə olduğu kimi, bizdə də bu fəxri ad çox nadir hallarda verilir. Mənə yüksək etimad göstərilib ki, Kamal müəllimdən bu adın qəbul edilməsini xahiş edim və bu mərasimə qatılması üçün Urala gəlmə imkanlarını müzakirə edim. İstəyərdik ki, bu səfər Azərbaycanşünaslığa həsr edilən konfransın başlama tarixinə düşsün. Mən çox istəyərdim ki, Kamal Abdullayev konfransımızda çıxış etsin. O bizim tədqiqatçı və tələbələrlə, eyni zamanda onlar da Kamal müəllimlə tanış olardılar. Bu çox vacibdir, ona görə ki, Kamal Abdullayev təkcə akademik və yüksək çinli dövlət məmuru deyil, ilk növbədə, kifayət qədər geniş diapazonda tanınan yazıçıdır. Bundan əlavə o, xarizması olan və hər şeyə bu və ya digər dərəcədə mütləq təsir göstərə bilən şəxsdir. Ona görə də bizim tələbə və müəllim heyətinin onu canlı olaraq görməsi həm çox xeyirli olardı və həm də pozitiv ovqat yaradardı.

 

Запись Professor Aleksandr Nesterov: “Azərbaycana olan marağım məni bu ölkənin tarixini tədqiq etməyə sövq edib” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.